Əsas Səhifə > Şou-biznes > "Onların bu gün ruhu çox şaddır..."

"Onların bu gün ruhu çox şaddır..."


17-05-2021, 09:08
"Onların bu gün ruhu çox şaddır..."
"32 ildən sonra Şuşamızda, məşhur Cıdır düzündə Xarıbülbül festivalının yenidən keçirilməsi sözün əsl mənasında böyük bir tarixi hadisədir. Çünki artıq o torpağın sahibləri qayıtdı və biz bu gün o torpağı qururuq, tikirik. Şuşada həqiqətən də möhtəşəm bir festivala ev sahibliyi etdik. Festivalın 1-ci günü həm milli, həm də ölkəmizdə yaşayan azsaylı xalqların musiqiləri səsləndi. Bu da bütün dünyaya onu sübut etdi ki, Azərbaycan tolerant, çoxmillətli bir dövlətdir. Burada azsaylı xalqlar hamısı bir ailənin üzvi kimi yaşayırlar. Müharibə vaxtı da azsaylı xalqların nümayəndələrindən biz çox şəhid verdik. Şuşada olmaq, orada çıxış etmək əlbəttə ki, mənim üçün də bir qürur idi, özümü çox şanslı sayıram"

Bunu Moderator.az-açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Sənətkar daha sonra əlavə edib.

"Mən Şuşada "Qarabağ" muğam qrupumla birgə Qaçaq Nəbi mahnısını ifa etdim. Bu mahnını ifa etməyim də təbii ki, təsadüf deyildi. Çünki Qaçaq Nəbi də dağlarda düşmənlərə qarşı vuruşan igidlərimizdən biri olub. 3 gün biz Şuşada qaldıq, özümüzü o qədər xoşbəxt hiss etdik ki. Şuşa müqəddəs bir şəhərdir, böyük sənətkarlarımız Üzeyir bəyin, Bülbülün, Cabbar və Xan əminin doğulduğu bir torpaqdır. Onların bu gün ruhu çox şaddır, çünki Şuşada Azərbaycanın muğamı, böyük bəstəkarların musiqiləri səsləndi. Biz Şuşanı gəzib, Natəvan bulağından su içdik, Pənahəli xanım tikdirdiyi Şuşa qalasına, onun imarətinə getdik. Eyni zamanda Yuxarı Gövhər Ağa məscidini ziyarət etdik, bərpadan sonra orada olduq. Cənab prezidentimiz tərəfindən yeni məktəbin, məscidin təməli qoyuldu. Bu o deməkdir ki, Şuşada artıq həyat başlayıb, orada kütləvi işlər gedir. Tarixi abidələr bərpa olunur, yollar çəkilir, bütün tikinti infrastrukturu qurulur.

Mən əminəm ki, az müddətdən sonra xalqımızın hər bir fərdi ora gedə biləcək. Bu gün xalqımızın gözü aydın olsun ki, biz həm yumruq olub, döyüşdə öz sözümüzü dedik, torpaqlarımızı azad etdik, həm də birləşərək böyük bir musiqi festivalı keçirdik. Mən bir daha Ali Baş Komandanımıza, müzəffər ordumuza təşəkkür edirəm. O igid şəhidlərimizin, qazilərimizin ruhu qarşısında baş əyirəm ki, bizə bu bayramı yaşatdılar. Var olsun Azərbaycan dövləti" deyə Xalq artisti bildirib.


Geri qayıt