Əsas Səhifə > Şou-biznes > "Mənə həm mənəvi, həm də maddi kömək oldu"

"Mənə həm mənəvi, həm də maddi kömək oldu"


21-04-2021, 08:15
"Mənə həm mənəvi, həm də maddi kömək oldu"
“Bizim qonşumuz xəstə idi, mənim anam ona iynə vururdu. Mən də 6-cı sinifdə oxuyurdum. Məktəbdə müəllimə bizə “Böyüyəndə hansı sənətin sahibi olacaqsız?” adlı inşa yazmağı tapşırmışdı. Mən də inşada yazmışdım ki, mən onkoloq olub, onkoloji xəstəliklə, xərçəng xəstəliyi ilə mübarizə aparacağam. O vaxt xərçəng sözü hamıya dəhşətli gəlirdi. Həqiqətən də elə oldu, mən xərçəng xəstəliyi ilə mübarizə apardım, amma həkim kimi yox, o xəstəliyə duçar olan bir insan kimi”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Hicran Nəsirova deyib. Aktrisa daha sonra əlavə edib.

“Mən Moskvada xəstəxanada yatırdım, həyatla mübarizə aparırdım ki, övladlarım məni gözləyir, sağalıb onların yanına qayıtmalıyam. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət etsin, o mənim iki tamaşama baxmışdı. Onun qulağına çatanda ki, həmin aktrisa xəstədir, xəstəliyimin bütün xərclərini öz üzərinə götürdü. Mənə həm mənəvi, həm də maddi kömək oldu. Xəstəliyimə görə həyat yoldaşım hətta evi satdığa da qoymuşdu. Ulu öndər mənim xilaskarım oldu” deyə aktrisa bildirib.

Sənətkar çəkilişlərdə qarşılaşdığı çətinliklərdən də danışıb.

“O vaxt "Qaçaq Nəbi" filmində Həcər roluna təsdiqlənmişdim. Həcər qəhrəman qadın olduğu üçün bir çox səhnələr at üzərində idi. İstəmədim ki, təhlükəli səhnələri kaskadyor oynasın, özüm oynadım. Sınaq çəkilişləri idi, elə oldu ki, at çapmalı idim. Atdan yıxılıb, ciddi zədə aldım. Uzun müddət o mənə ağrı verdi. Sonra heç bu filmə də məni çəkmədilər. Yaş artdıqca bütün bu ağrılar səhhətimə öz təsirini göstərir. Hamıya can sağlığı arzulayıram, əsas odur. Can sağlığını pulla almaq olmur. İnsanlar bir-birlərinə hörmətlə, sevgi ilə yanaşsınlar. Bu pandemiya, xəstəlik bir sınaqdır, qarşılıqlı hörmət, sevgi insanı bütün bəlalardan qoruyacaq. Mən həmişə özümdən çox başqasını düşünürdüm. Bəzən bir rol verirdilər, deyirdim ki, qoy başqası oynasın, mən sonra oynayaram. Kaş ki, o rolları vaxtında oynayardım. İndi istəsəm də, o rolları oynaya bilmərəm, buna nə səhhətim, nə də yaşım imkan verir. Bəlkə də, vaxtında bu cür olmasaydım, indi həyat tərzim tamam başqa olardı” deyə Hicran Nəsirova bildirib.

Geri qayıt