Əsas Səhifə > Şou-biznes > "İcazə verəndən sonra el adət ən-ənəsinə uyğun toyumuzu edəcəyik"

"İcazə verəndən sonra el adət ən-ənəsinə uyğun toyumuzu edəcəyik"


21-04-2021, 08:08
"İcazə verəndən sonra el adət ən-ənəsinə uyğun toyumuzu edəcəyik"
Xalq artisti Zümrüd Məmmədova Moderator.az-ın suallarını cavablandırıb.

- Zümrüd xanım, bu günlərdə doğum gününüz idi. Təbrik edirəm sizi! Necə qeyd etdiniz bu xoş gününüzü?

- Mən hər il doğum günlərimi təntənəli, böyük auditoriyada keçirirəm, amma bu il pandemiyaya görə geniş şəkildə qeyd etmədim. Pandemiyadır, qanun hamı üçün qanundur. Qonaqları azaltdım, 10-15 nəfər saxladım.

- İnsanın yaşının üstünə yaş gəlincə arzuları da çoxalır. Ən böyük arzunuz nədir?

- Mən özümə də, bütün valideynlərə də övlad xoşbəxtliyi arzu edirəm. Qoy onlar hər zaman övladlarına baxıb sevinsinlər. Mən övladım İlahə Qismətlə fəxr edirəm, onun savadı, dünyagörüşü ilə öyünürəm.

- Qızınız rejissor Elvin Abdullayev ilə nişanlıdır. Toyu nə vaxta planlaşdırırsınız?

- Hamının arzu-kamı var, inşallah pandemiya bitsin, sonra toy edəcəyik. Bütün valideynlərin arzusudur ki, qızı ata evindən vağzalı sədaları altında çıxsın. Mən qanuna tabe olan insanam, icazə verəndən sonra el adət ən-ənəsinə uyğun toyumuzu edəcəyik.

- Deyirlər ki, Zümrüd Məmmədovanın şəhərin bir neçə yerində restoranlar şəbəkəsi var. Bu həqiqətdir?

- Ramazan ayıdır, özüm də oruc tuturam. And olsun getdiyim Həcc ziyarətinə ki, mənim bir dənə də olsun obyektim yoxdur. Heç bir balaca gözəllik salonuna da sahib deyiləm. Bir evim var, bir də maşınım var ki, ayağımı yerdən götürür. Heç bağım da yoxdur. Başımın üstündə Allahım var, ona güvənirəm. O mənə səs verib, o səsimlə qazanıram, pedaqoji fəaliyyətdəyəm. Aldığım məvaciblə özümü dolandırıram. Mənim ən böyük var-dövlətim canımın sağlam olmağıdır.

- Zümrüd xanım, yəqin ki, sənət dostunuz, xalq artisti Ağadadaş Ağayevin xərçəng xəstəliyindən əziyyət çəkdiyini bilirsiz. Səhv etmirəmsə, siz çox yaxın dostsunuz. Ailəsi ilə yaxud da özü ilə əlaqə saxlamısız?

- Sözün düzü, mən bu xəbəri sizdən eşidirəm, heç xəbərim yox idi. Ağadadaşla çox yaxın dost deyilik, amma xətrini çox istədiyim sənət dostumdur. Sonuncu dəfə onunla 3 il əvvəl bir verilişdə iştirak etmişik, o zaman yaxşı idi. Həmin verilişdən sonra bir dəfə də olsun rastlaşmamışıq. Allah şəfasını versin. Allah nəinki sənətçiləri, bütün hamını öz əmanətində saxlasın. Çox pis, məyus oldum. Olduqca mədəni, kübar bir insandır, sənəti də öz yerində. Sənətlə bərabər gərək insanın insani keyfiyyətləri də olsun, bu da Ağadadaşda var. Çoxlu qastrol səfərlərində, silsiləli şəkildə birgə çıxış etmişik.

- Sənət adamlarının əksəriyyəti ağır xəstəlikdən əziyyət çəkir. Bu nə ilə bağlıdır?

- Kimin alnına nə yazılıbsa o da olacaq. Amma mən deyərdim ki, incəsənət adamları çox həssasdırlar. Əziyyət çəkirlər, fəxri adları da çətinliklə alırlar. Əsəbləri də üzdədir, incə qəlblidirlər. Hər şey tez toxunur onlara, bəlkə də elə buna görədir ki, hər kəsdən çox xəstəlik tapırlar. Mənim tanıdığım sənətçilərin hamısı əsəbidir. Pandemiyada da biz yaxınlarımızı, əzizlərimizi çox itirdik. Demək olar ki, mənim əsəblərim lap üzdədir, hər bir şeyə ağlayıram. Müharibədə qazancımız böyük oldu, amma itirdiklərimiz də çox oldu. Bu qələbə bizə asan başa gəlmədi.


Geri qayıt