Əsas Səhifə > Şou-biznes > "Bu gün təəssüf ki, televiziyalarda yumoristik verilişlər demək olar ki, yoxdur..."

"Bu gün təəssüf ki, televiziyalarda yumoristik verilişlər demək olar ki, yoxdur..."


1-04-2021, 10:47
"Bu gün təəssüf ki, televiziyalarda yumoristik verilişlər demək olar ki, yoxdur..."
“Bu gün 1 aprel ümumdünya gülüş günüdür. Bizə bu gün Rusiyadan keçib. Belə ki, o vaxt Sankt-Peterburq şəhərində saat zəng çalıb ki, şəhər yanır. Bütün insanlar şəhərə axışıb, görüblər ki, yalan məlumatdır. Sən demə insanlarla zarafatlaşıblar və bu hadisə sonradan gülüş hədəfinə çevrilib. Uzun illərdir ki, biz sizinlə gülüş günündə, xoş günlərdə, bayramlarda hər zaman görüşmüşük və sizlərə əsl mənada gülüş bəxş etmişik. Biz heç bir zaman gülüşsüz qala bilmərik”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar İlham Namiq Kamal deyib. İstər filmdə, istərsə də teatrdakı rolları ilə hər zaman tamaşaçıya gülüş bəxş edən aktyor bu günki gülüşdən də danışıb.

“Mənə belə gəlir ki, tamaşaçını güldürməyə ehtiyac yoxdur. Əgər sənə tapşırılan obrazın vəziyyətini düzgün ifa edəcəksənsə tamaşaçı onsuz da sənə güləcək. Biri var ki, hoqqabazlıq, lağlağalıq edib, ağzını əyib tamaşaçını güldürəsən, biri də var ki, tamaşaçıya düşünülmüş gülüş bəxş edəsən. Bu gün təəssüfləndirici bir haldır ki, televiziyalarda yumoristik verilişlər demək olar ki, yoxdur. Nə çəkilibsə o vaxt dövlət kanalında çəkilənlərdir. “Evləri köndələn yar”, “Kişilər”, “Komediyalar aləminə səyahət” və s. yumoristik verilişlər bu gün göstərilir, bu gün də həvəslə izlənilir. Onların hər birində saf gülüş var. Bu gün isə nədənsə gülüşü hər kəs tənqidi qəbul edir. Amma gülüş tam başqa bir şeydir. Gülüş insanların emosiyası, keçirdiyi hisslərin vəhdətidir. Bu günün ən gözəl ləzzəti lətifə deməkdir. Lətifəni bəzən biz gülüş ustaları təcrübəmizdən də yaradırıq. Əsas odur ki, insan qaraqabaq olmasın, üzündə gülüş olsun. Təkcə bu gün yox, başqa günlərdə də. Yetişən gənc nəsildə də istedadlı, öz üzərində çalışan aktyorlar var. Ümidvaram ki, onlar inkişaf etdirəcəklər” deyə sənətkar bildirib.

Xalq artisti teatrda rol aldığı yeni tamaşanın məşqlərinə də başladığını bildirib.

“Bilirsiz ki, uzun müddətdir ki, teatrlar qapalıdır və biz məşq proseslərini yalnız onlayn qaydada keçirik. Həm səhnə üçün darıxmışıq, həm də sənət yoldaşlarımız üçün. Rejissor Cavid İmanverdiyev teatrda “Bəxtiyar” adlı yeni tamaşanın məşqlərinə başlayıb. Bu tamaşa eyniadlı filmin motivləri əsasında, fərqli quruluşda tamaşaçılara təqdim olunacaq. Səhnə əsərində tamaşaçıların görüşünə maraqlı bir obrazla gələcəm. Allah elə etsin ki, tamaşanı tez bir zamanda canlı olaraq səhnədə nümayiş etdirək. Bu hər birimizin ən böyük arzusudur” deyə xalq artisti bildirib.

Geri qayıt