Əsas Səhifə > Şou-biznes > "Qalmışıq belə... bir ildən çoxdur ki..."

"Qalmışıq belə... bir ildən çoxdur ki..."


27-03-2021, 09:27
"Qalmışıq belə... bir ildən çoxdur ki..."
Əməkdar artist Rəhman Rəhmanov Moderator.az-ın suallarını cavablandırıb.

- Rəhman müəllim salam, özünüzü necə hiss edirsiz və pandemiya günlərini necə keçirirsiz?

- Salam, çox sağ olun! Özümü yaxşı hiss edirəm. Pandemiya günlərini də normal insanlar kimi keçirirəm, bütün sanitar qaydalara riayyət edirəm. Buna görə də hələ ki, koronovirusa yoluxmamışam.

- Gəlin açıq etiraf edək ki, pandemiya bütün sənətkarları həvəsdən salıb.

- Sözsüz ki, doğru deyirsiz. Əlbəttə ki, sənətkar yaradıcılıq planları, gözəl rollarla şad olur. İndiki vəziyyətdə sənət insanı heçnə yarada bilmir. Teatrlar bağlıdır, səhnəyə qədəm qoya bilmirik. Bu kimi hallar da bizim həvəsimizi öldürüb. Qalmışıq belə. Bir ildən çoxdur ki, belə vəziyyət davam edir.

- Sizcə teatrlar necə fəaliyyət göstərə bilərlər, bir sənətkar olaraq təklifiniz varmı?

- Hələ ki, teatrlar heç cür fəaliyyət göstərə bilməz. Xəstəlik günü-gündən daha da artır, əlac da tapılmayıb. Ona görə də insanları, aktyorları hələ ki, bir yerə yığmaq olmaz. Teatr da sintetik sənətdir, kütlə gəlir ona baxmağa. Bu qeyri-mümkündür. Ona görə ki, indi heç bir təklif verə bilmərəm, acizəm. Hələ ki, sözü pandemiya deyir, biz demirik. Mənim pandemiya ilə bağlı yox, digər bir təklifim var.

- Nə təklifi?

- Belə bir təkliflə çıxış edirəm ki, aktyor verilişlərə gəlirsə ona mütləq qonorar ödənilsin. Bu təbii ki, humanitar, sosial verilişlərə aid deyil. Sosial verilişlərə heç bir maddiyat güdmədən çıxırıq, sağ olsunlar ki, bizi bu cür verilişlərə dəvət edirlər. Biz aktyor olaraq kinolara, televiziya tamaşalarına qonorarla çəkiliriksə, konsertlərdə qonorarla çıxış ediriksə niyə də verilişlərə qonorarla gəlməyək ki? Mən yenə də deyirəm ki, qonorar istəyim sırf sənət verilişlərinə aiddir. Bu verilişlərdə qonorar ödənilməsə mən şəxsən qonaq qismində iştirak etməyəcəm.

- Sizcə sənət yoldaşlarınız sizi dəstəkləyəcək?

- Mən bu təkliflə çıxış edirəm və heç kimin məni dəstəkləməsini nəzərə almıram. Çünki mən özüm haqqında deyirəm. Məsələn, Yaşar Nuri və Siyavuş Aslan mənə həmişə deyirdilər ki, nə badə qonorarsız verilişlərə gedəsən, qonorarını al get. Hər ikisi böyük sənətkar idi, hər ikisi də verilişlərdən qonorar alırdı. Burda nə var ki? Zəhmətimin haqqını tələb edirəm də. Kimsə məni verilişə çağırırsa mənim vaxtım gedir, maşınıma yanacaq işlədirəm. Teatrda işləyirəm maaş alıram, serialda qiymət verilir, bir televiziya verilişinə gələndə qiymət verilmir. Mən Türkiyəyə festivala getmişdim, Ankarada məni TRT 1 kanalına dəvət etdilər, studiyaya girəndə müqaviləyə imza atdım, verilişdən çıxanda zərfin içində mənə qonorar təqdim etdilər. Bütün sivil ölkələrdə belədir də. Bundan sonra mənim reklama ehtiyacım yoxdur, etdiklərim bəs edir. Oturaram evimdə, çağırarlar gəlib pulumu alaram, çağırmazlar öz işimlə məşğul olaram.

- Bu günlərdə müğənni Xatirə İslam da bu cür təkliflə çıxış etdi, amma demək olmaz ki, bütün sənət yoldaşları onu dəstəklədi. Hətta televiziya işçiləri tərəfindən onun bu təklifi möhkəm qınaqa da səbəb oldu.

- Sözün düzü, Xatirə İslamdan xəbərim yoxdur. Əgər o da qonorar istəyibsə düz edib. Pandemiya olmasaydı sözsüz ki, bu məsələni Xatirə İslam qaldırmazdı. Mən də aktyorlar üçün deyirəm. Ola bilər ki, mən də meydanda tək qalım. Amma ağlım kəsmir ki, məni aktyor dostlarımız tək qoysun, çünki onlar da bu zəhməti çəkiblər. Niyə almasınlar qonorarlarını? Zəhmətimizin bəhrəsini istəyirik də. Əgər o verilişdə aparıcı, operator, redaktor, prodüsser, ssenarist qonorar alırsa, bütün mövzu da aktyorun üzərində qurulursa niyə aktyor qonorar almamalıdır? Məncə ilk növbədə elə aktyor qonorar almalıdır!

- Rəhman müəllim, Çingiz Əhmədovla siz bir zamanlar birgə çıxış edib, birgə parladınız. Bu ikiliyə sonradan nədənsə göz dəydi.

- 1990-cı ildən başlayaraq 10 il biz “Ordan-burdan” yumoristik televiziya verilişini birgə apardıq. O müddətdə iş birliyimiz var idi, hər bir işin başlanğıcı kimi sonu da var. Bu iş sonlandı. Biz ayrılmamışıq, dostuq, birlikdəyik. Çingiz Əhmədov Akademik Musiqili Teatrın, mən isə Dövlət Kukla teatrının aparıcı aktyoruyam. Vəssəlam!

- Demək ki, münasibətləriniz yaxşıdır?

- İşbirliyimiz yoxdur, dostluğumuz öz yerində qalıb.

- Həyatda özünüzü hansısa səhvinizdə günahlandırırsınız?

- Hər bir insanın həyatda səhvi var, səhvsiz insan yoxdur. O insanlardan biri də mənəm. Əlbəttə ki, özümü günahlandırıram.

- Rəhman müəllim nədə səhv etdi?

- Bütün insanlarda bu səhvlər olur. Dünyaya gələndən elə səhv edə-edə gəlirik. Elə səhvlər də var ki, onları sonradan düzəltmək qeyri-mümkün olur. Düzəlməyən səhvlər insanın ürəyində yara kimi olur. Bu həyatdır da, insan səhv etməlidir ki, ondan nəticə çıxarsın! Səhvsiz insan yoxdur!

- Bu günlərdə verilişlərdən birinə açıqlama vermişdiniz ki, oğlunuz Emillə danışmırsınız. Barışmısınızmı?

- Bəli, oğlumla danışmırdım, bu yaxınlarda bir kanalda bizi barışdırdılar. O həmin verilişdə, bütün tamaşaçılar qarşısında söz verdi ki, bir daha belə səhv hərəkət etməz. Bir səhv hərəkət etmişdi, mənə qarşı yox, televiziya kanallarından birinə qarşı, verilişə getməmişdi, onlar da onu gözləyirdi, mən də bundan incimişdim. Səhvini düzəltdi, mən də onu bağışladım.

- Valideyniniz sizə yaxşı ata olub, yoxsa siz övladlarınıza?

- Mən atamın tək övladı olmuşam, ona görə də o mənə çox yaxşı ata olub. Amma mən də övladlarıma pis ata olmamışam.

- Həyatınızın hansı günlərini silib, yenidən yaşamaq istərdiniz?

- Mən elə insanam ki, yaddaşım yaxşı deyil, pis günlər yadımda qalmır. Ona görə də mən deyə bilmərəm ki, hansı günümü həyatdan silib, yenidən yaşaya bilərəm? Pisi də qəbul edib dözmüşəm, yaxşını da qəbul edirəm. Yaşayırıq da.

- Bu gün sizi həm də yaşadan həyat yoldaşınız Gülü xanımdır. Siz ona daha çox qayğıyla yanaşırsız, yoxsa o sizə?

- Bəli, çox doğru qeyd etdiniz! Əlbəttə ki, o mənə daha çox qayğı göstərir. O hələ bir gün belə olmayıb ki, mənə diqqətsiz yanaşsın! Körpə uşaq kimi məni qoruyur.

Geri qayıt