Əsas Səhifə > Şou-biznes > "Bu qədər qızın içindən məni kimdir seçən?"

"Bu qədər qızın içindən məni kimdir seçən?"


23-03-2021, 08:33
"Bu qədər qızın içindən məni kimdir seçən?"
“Səhv etmirəmsə 1981-ci il idi. Bizim teatrda Müharib adlı bir rejissor var idi. Allah ona qəni-qəni rəhmət etsin. Həmin rejissorun mənim səhnə fəaliyyətimdə çox böyük rolu olub. Bir gün gəldi, dedi ki, Nübar xanım, seçim turu var, sizi İçərişəhərə aparacağam. Niyəsini soruşanda dedi ki, gedək biləcəksiz! Soruşdum ki, çəkilişdir? Dedi ki, hə! Bilirdi ki, filmə çəkilməyi çox xoşlayıram. Yolda mənə dedi ki, Nübar xanım Novruz bayramı üçün Bahar qızı seçirlər, sizi ora aparıram. Teatrda Bahar qızı rolunu oynamışdım, sözün düzü bilmirdim ki, təmtəraqlı bayram tədbirlərində Bahar qızı necə olur? Mən Naxçıvanda doğulub, boya-başa çatmışam, burada uşaqlar kosa-keçəl obrazına girib, məhəllə-məhəllə gəzib, kosa payı yığırdılar. Mənim xatirələrimdə bu qalmışdı. Müharib müəllim dedi ki, Novruzda Bahar qızı olacaqsız, faytonda Ozan baba ilə gəlib şeir deyəcəksiz, insanlarla təmasda olacaqsız”

Bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Xalq artisti Nübar Novruzova deyib. Aktrisa daha sonra əlavə edib.

“Seçimə çox qız gəlmişdi, öz-özümə fikirləşdim ki, bu qədər qızın içindən məni kimdir seçən? Məşq falan etdik. Bir həftə sonra xəbər gəldi ki, Nübar xanım, siz Bahar qızı olaraq seçilmisiz. Qismətim üzümə gülmüşdü. Sənət yoldaşlarımızdan da, kənardan da bu rol üçün gələn xanımlar çox idi. Tamaşaçıların orada çox böyük sevgisini gördüm, çünki o vaxt məni demək olar ki, artıq hamı bir aktrisa kimi tanıyırdı. Hamıya maraqlı gəlirdi, uşaqlar saçımı dartırdı, gəlib mənimlə şəkil çəkdirirdilər. Ilk dəfə “Kodaks” adlı şəkil çəkən aparatı da orada gördüm, fransızlar hətta şəkilimi çəkib, mənə hədiyyə etdilər. Xalq artisti Mələkxanım Əyyubovanı da ilk dəfə orada gördüm, tanış oldum. Daha sonra Xalq artisti Aygün Kazımova da tədbirdə Novruz mahnısını səsləndirirdi. Beləliklə, Azərbaycanın ikinci Bahar qızı oldum. Mən sözün düzü o vaxta qədər bilmirdim ki, nə vaxtsa belə Novruz bayramı keçirilib və Xalq artisti Səfurə İbrahimova birinci Bahar qızı olub. Bu bəlkə də mənim səhvimdir” deyə xalq artisti bildirib.

Geri qayıt