Əsas Səhifə > Şou-biznes > "Bayramı sadə keçirəcəyik, hamı necə, biz də elə"

"Bayramı sadə keçirəcəyik, hamı necə, biz də elə"


19-03-2021, 08:29
"Bayramı sadə keçirəcəyik, hamı necə, biz də elə"
Tanınmış aşıq Zülfiyyə İbadova Moderator.az-ın suallarını cavablandırıb.

- Zülfiyyə xanım, Novruz bayramına necə hazırlaşırsız?

- Bayramı sadə keçirəcəyik, hamı necə, biz də elə. Bu il heç bir bayram təntənəli keçməyəcək. Hər il dövlətimiz tərəfindən şəhərdə bayram konsertləri təşkil edilirdi, bu il dövlət də bayram keçirmir, bizim nə həddimizə bayram keçirmək?! Mən hər il bayramları sadə, öz ailəmlə birgə keçirirəm.

- Ananızı itirdiniz. Anasızlığa öyrəşirsiz?

- Anasızlıq hissini anası olmayanlar, bu acını yaşayanlar anlayar. Əlbəttə ki, buna heç bir zaman öyrəşə bilməyəcəm. Allah bütün analara rəhmət etsin, qalanlara can sağlığı versin. Şəhidlərimizin də ruhu şad olsun! Bu gün kövrək hisslərdən danışmasaq yaxşıdır. Dualar edək ki, xəta-bala başımızın üstündən əskik olsun, əvvəlki güzaranımıza qayıdaq. Yenə toylarımız, nişanlarımız bərpa olunsun, hamının üzü gülsün. Bizim bütün iqtisadiyyatımız toylara bağlıdır, görürsən ki, heç kəsin üzü gülmür.

- Sənətçilərimizin maddi güzəranı pisdir. Sizdə vəziyyət necədir?

- Allahın verdiyinə min şükür. Pisdir deməyək, pis odur ki, olmaya. Bir tikə çörək tapırıq, betərin betəri də var.

- Məndə olan məlumata görə sizin kiçik biznesiniz, restoranınız da var. Qazanc ordandır?

- Guya onu qoyurlar ki, işlətməyə? Onu da qoymurlar axı! Bir də görürsən ki, 10 nəfər gəlir, deyirsən ki, ayrı-ayrı otur, küsüb inciyib gedirlər. İşləməyindənsə işləməməyi daha məsləhətdir. Oradakı işçilərə yazığım gəlir ki, heç olmasa onların günlük çörək pulu çıxsın. Böyük deyil, 400-500 kvadratlıq yerdir.

- Yenə də qapanma olmalıdır, məlumatınız varmı bu haqda?

- Yenidən qapanmanın olması dünyanın axırının gəlməsi deməkdir. Buna başqa söz deyə bilmərəm. Qohum-əqrabalarımda insanlar var ki, pis vəziyyətdədir, işsizdirlər. Vəziyyət heç də yaxşı deyil. Misal var, qəm-qəmi gətirər, dəm də dəmi. Yaxşı deyək ki, hər şey yaxşı olsun.

- Siz xanımlığınızla, insanlarla rəftarınızla, sakit təbiətli olmağınızla hər zaman xanım aşıq necə olmalıdır sualına bir cavab olmusuz. Amma bəzi aşıqlar var ki, aşıq adına layiq olmayan hərəkətlər edirlər.

- Hər şey gendən, ailədən gəlir. Mənim təbiətim belədirsə demək ki, mənə belə tərbiyyə veriblər ki, belə oturub, belə durmalısan. Əgər digərlərindən fərqlənirəmsə göydə Allah, yerdə isə valideynlərimə borcluyam. Bunu aşıq Ələsgər də bir kəlmə ilə deyib də, aşıq olub tərki vətən olanın, əzəl başdan pürkəmalı gərəkdir, oturub durmaqda ədəbin bilə, mərifət elmində dolu gərəkdir. Bu misraların içində hər şey var.

- Siz həm də tamaşaçısız. Televiziyadan həmin şəxsləri izləyəndə qıcıqlanırsız?

- Mən hər şeyə gözəl gözlə baxıram. Pisi görmək istəyən insan yaxşının içində də pis axtaracaq. Bu dəqiqə kiməsə daş atmaq yox birlik vaxtıdır. Bir dəqiqə sonrasına güman yoxdur ki, bu həyatı yaşaya biləcəyik yoxsa yox? Ona görə də mən hamıya can sağlığı arzulayıram.

- Həyatınızda peşman olduğunuz məqamlar olub?

- Təbii ki, hamı kimi mənim də peşman olduğum məqamlar olub. Fikirləşmişəm ki, kaş bu addımı belə atmazdım. Kaşkilər insan həyatında mütləq olmalıdır. Əsas odur ki, o səhv addımdan nəticə çıxaraq.

- Sirr deyilsə, bizə açıqlaya bilərsiz?

- Söhbət təkcə sənətdən yox, həm də şəxsi həyatdan gedir. Bu təbii ki, hər insanın həyatında olur.

- Sənətdə dostluq etdiyiniz insanlar varmı?

- Mənim sənətdə dostum oğlumdur, daha sonra həyatda dostlarım ailə üzvlərimdir. Yaxşı ailə dostlarım var. Sənətdə hamı ilə münasibətim əladır, heç kimlə düşmənçiliyim yoxdur, sadəcə dostum yoxdur.

- Olmaya həyat yoldaşınız qadağa qoyub sizə?

- Həyat yoldaşım guya mənim ağlıma bələd deyil ki? Mənim yoldaşım hər şeyi özümə buraxır, Allah bizə göz verib, görürük, götürürük. Sadəcə olaraq dostları biz seçirik.

Geri qayıt