Əsas Səhifə > Şou-biznes > "Həyatı mənə atam öyrətmişdi"

"Həyatı mənə atam öyrətmişdi"


17-03-2021, 08:45
"Həyatı mənə atam öyrətmişdi"
“Mənə indi də elə gəlir ki, atam dünyasını dəyişməyib, həyatdadır. Elə bilirəm ki, yanımdadır, evin içindədir. Sənətini çox sevirdi, vurğunu idi işinin. O “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin obrazını yaradanda tam əminliklə deyə bilərəm ki, özünü oynayırdı. Həyatda necə idi, filmdə də eynilə. Təbii ki, hər bir kəs öz valideynlərini çox istəyir, amma atam mənim həyatım, qibləgahım idi, ona çox bağlı idim”

Bunu Moderator.az-a açıqlamasında məşhur aktyor, Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib. O daha sonra atası ilə bağlı xatirələri danışıb.

“Demək olar ki, həyatı mənə atam öyrətmişdi. Kitaba, teatra olan sevgini də. Onun yaradıcılığına fikir versəniz görərsiniz ki, obrazları da rəngarəngdir. Gənc Tamaşaçılar teatrında səhər Hacı Qəmbər rolunu oynayırdı, axşam faciəli bir obrazda səhnəyə çıxırdı. Bütün teatrdakı rollarına baxmayaraq “Bizim Cəbiş müəllim” filmi atamın vizit kartı oldu. Bu obraza atamdan öncə Rza Təhmasibi dəvət etmişdilər, amma rejissor Həsən Seyidbəyli sonradan atamın üzərində dayandı. Filmin çəkilişlərindən çıxıb bizə gəlirdilər, evdə yemək yeyib, çay içirdilər. Atam da bu obrazı çox sevirdi, düzdür, atam tragik obrazların yaradıcısı idi, həmişə də onun bir arzusu var idi, “Kral Lir”i oynamaq. Atam haqqında iki kitabın müəllifiyəm, istəyirəm ki, onun sənəti yaşasın və gənc nəsil bu cür aktyorlarımızdan ibrət götürsünlər” deyə Sevil Ələsgərova bildirib.

Xalq artistinin qızı deyir ki, atası ölüm saatını da öncədən bilib.

“Atam anamı çox sevirdi, hətta anam dünyasını dəyişəndə o anamı qucaqlayıb deyirdi ki, Leyla, aç gözlərini, məni qoyub hara gedirsən? Atam özünü o qədər itirmişdi ki, gözünə heç nə görünmürdü. Uşaq kimi elə hey ağlayırdı. Mən də susub oturmuşdum, şokda idim. Atam həmin gündən sonra çox böyük depressiya yaşadı, özünə gələ bilmirdi. Baxmayaraq ki, teatrda rolları var idi, başı qarışırdı, amma təsəlli yeri yox idi. Oturub fikrə gedirdi, heç kimlə danışmırdı. Heç nəyə həvəsi qalmamışdı. Anamın şəkilini böyütdürmüşdü, qəfildən gəlib görürdük ki, anamın şəkili ilə söhbət edir. Atam ölməyinə bir gün qalmış ev adamla dolub-boşalırdı. Məni çağırdı yanına, baxdı mənə, dekabrın 9-u axşam idi, mənə dedi ki, səndən arxayın gedirəm, Sevil. O bu sözləri deyəndən sonra gözlərindən yaş axdı. Baxdı divara, saat 9-un yarısı idi, baxdı dedi ki, 6-ya 20 dəqiqə işləmiş!. Dedim ki, ay ata, 9-un yarısıdır! Dedi ki, qızım yox, sən bilməzsən, hələ vaxtıma var. Dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş atam dünyasını dəyişdi” deyə aktyorun qızı bildirib.

Geri qayıt