Əsas Səhifə > Şou-biznes > "Bu mənim ən böyük arzumdur, bu arzu ilə də yaşayıram"

"Bu mənim ən böyük arzumdur, bu arzu ilə də yaşayıram"


16-03-2021, 08:46
"Bu mənim ən böyük arzumdur, bu arzu ilə də yaşayıram"
Xalq artisti, məşhur aktyor və müğənni Sərxan Sərxan Moderator.az-ın suallarını cavablandırıb.

- Sərxan bəy, öncə sizi salamlayıram. Müsahibəyə görə təşəkkür edirəm. Hal-hazırda haradasız və pandemiya günlərini necə keçirirsiz?

- Salam, əziz dostlarım! Mən düz bir ildir ki, Moskvadayam, bir il əvvəl martın 15-də mən Bakıdan Moskvaya yola çıxdım. 2-3 gündən sonra karantin elan etdilər və o vaxtdan burada qalmışam.

- Gitara ilə dostluq etdiyinizə görə yəqin ki, digər insanlara nisbətən pandemiya günlərində darıxmazsız?

- Çalışıram ki, darıxmayım. Bəli, gitara mənim ən yaxın dostumdur, evimdə səsyazma studiyası var. Öz yaradıcılıq fəaliyyətimi davam etdirirəm. Mahnılar oxuyuram, nəsə yaradıram. Hətta Moskvada bir neçə çıxışım da olub. Sənətçi üçün səhnə lazımlı şeydir. Müğənni səhnəsiz boğulur.

- Siz Azərbaycanın ən yaraşıqlı sənətçilərindənsiz. Yaraşıqlı olmağınız sizə həyatda hansısa çətinliklər yaşadıbmı?

- Yaraşıqlı olduğuma görə ata və anama təşəkkür etməliyəm. Aktyor yaraşıqlı olanda bu ona sənətində kömək edir. İnsan gərək çalışsın ki, daxildən də yaraşıqlı olsun. Daxili və xarici yaraşıq insanda harmoniya yaradır və onun yaradıcılığına kömək edir. Narahatçılıq nədən olub? O zaman pərəstişkarlarımın xoşlarına gəlirdim, əsas da onlar xanımlar idi. Həmin xanımların nişanlıları və sevdikləri insanlar qısqanırdılar və mənə tərs-tərs baxışlarla baxırdılar.

- İllər sizi sanki heç dəyişməyib. Bu cür qalmağınızı nəyə borclusuz?

- Hər zaman idmanla məşğul oluram, yeməyimə fikir verirəm. Əlbəttə ki, çox yemək olmaz. Çalışıram ki, təmiz havada çox vaxt keçirim. Burada yaxınlıqda Moskva çayı var, hər gün 2-3 saat o çayın sahillərinə gedirəm.

- Həm aktyorsuz, həm də müğənni. Gələcəklə bağlı arzularınız hansı sənətinizlə bağlıdır?

- Mənim üçün əsas musiqi fəaliyyətimdir. Ona görə ki, səhnə və tamaşaçı mənim həyatımda çox vacibdir. İndiki zamanda bir arzum var ki, pandemiya tez keçsin və məndə bir imkan yaransın ki, yenidən səhnəyə çıxıb konsert verim, Bakıya qayıdım, əziz pərəstişkarlarımın qarşısında çıxış edim. Bu mənim ən böyük arzumdur. Bu arzu ilə də yaşayıram.

- Siz həm də “Musiqi müəllimi” filmində çəkilmisiz.

- “Musiqi müəllimi” filminə çəkilməyə əvvəl etiraz etdim, daha sonra bəstəkar Tofiq Quliyev məni məcbur etdi ki, mütləq çəkilməlisən. Daha sonra ssenari xoşuma gəldi, orada aktyor kimi çəkilsəm də müğənni kimi də mahnılar ifa edirəm.

- Xalq artisti Həmidə Ömərova da sizinlə həmin filmdə tərəf müqabili olub.

- Bəli, Həmidə Ömərova orada Çinarə adı ilə mənim sevgili rolumu oynayıb. Hətta Həmidə Ömərovaya filmdə “Lizz Çinara” adlı mahnı da ithaf etmişəm.

- Ömrünüzün hansı illərini unuda bilmirsiz?

- 33 yaşım olanda ata oldum, qızım Kamilla dünyaya gəldi. 1985-ci ildə mən fəaliyyətimi Azərbaycanda davam etdirməyə başladım. Onda da mən Lenin komsomolu mükafatını aldım, daha sonra əməkdar artist fəxri adına layiq görüldüm. Hər dəfə ümumittifaq qastrol səfərlərinə gedib, ölkəmizi, musiqimizi təmsil edirdim. Bu illəri həyatımın ən parlaq illəri kimi qiymətləndirərdim.

- O illərdə məşhurlaşan və indiyə qədər də sevilən mahnılarınızdan biri “Ay gecikən məhəbbətim” mahnısıdır. Məhəbbət sizin üçün nədir?

- Məhəbbət arzudur. Əgər bu hiss səndə yaşamırsa demək ki, sən də yaşamırsan. Məhəbbət səndə yaşamağa, yaradıcılığa enerji verir. Məhəbbət təkcə sevmək deyil, bunu bir sözlə ifadə etmək mümkün deyil. Mənim üçün məhəbbət geniş anlamdadır.

Geri qayıt