Əsas Səhifə > Şou-biznes > "Məsələnin dərinliyini başa düşəndə insan dəhşətə gəlir"

"Məsələnin dərinliyini başa düşəndə insan dəhşətə gəlir"


11-03-2021, 08:51
"Məsələnin dərinliyini başa düşəndə insan dəhşətə gəlir"
“Bir il ərzində pandemiya insanlara çox ziyan vurdu, əsasən də biz aktyorlara, sənətçilərə. Bu bir il bizim ömrümüzdən getdi. Halbuki biz bu il ərzində yeni rollar oynaya bilərdik, yeni əsərlər üzərində işləyə bilərdik. Ömür gedir, biz yaradıcı insanlar yaşayıb, yaratmaq istəyirik. Mən aktrisayam, düşünürəm ki, nə vaxta yaradıcılığa qayıdacağıq. Amma bunun balet teatrı var, oxuyanlarımız var, opera müğənnilərimiz var. Bunlar hər gün məşq etməli idilər, amma əksinə oldu, hamı formadan çıxdı. Məsələnin dərinliyini başa düşəndə insan dəhşətə gəlir. Çox ağırdır”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Hicran Nəsirova bildirib. Bu gün yeni yaşına qədəm qoyan aktrisa doğum gününü ailəsi ilə birlikdə evdə qeyd edəcəyini bildirib.

“Bu il heç kim öz xoş gününü təmtəraqla qeyd etmir. Hamımız içəridən yanırıq, inanın ki, qələbə günü insanlar sevinclə şəhərə çıxanda, mən maşında oturub ağlayırdım. Şəhidləri fikirləşirdim ki, gör nə qədər uşaqlar, gənclər canından keçdi. Bir gözümüz ağlayıb, biri güldü. Çox şükürlər olsun ki, biz bu gün qalib ölkəyik. Möhtərəm prezidentimiz, Ali Baş Komandanımızın, ordumuzun sayəsində insanlar öz evlərində rahat nəfəs ala bilirlər. Biz qalibik! İndi ən böyük arzumuz işğaldan azad etidyimiz bölgələrə getməkdir. İnşallah, o günlərə də az qalıb. Qaldı ad günümə. Mart ayı elə aydır ki, bayram-bayrama qarışır. Mən də həmişəki kimi yeni yaşıma ailəmlə birgə evdə qədəm qoyacam” deyə aktrisa bildirib.

Sənətkar ulu öndər Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyevlə görüşünü də xatırlayıb.

““Fərhad və Şirin” tamaşasına ulu öndərimiz Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyev gəlib baxmışdılar. Heç bir yerdə bunu mən deməmişəm, təvazökarlıq etmişəm, amma indi istəyirəm deyim. Bu tamaşada ilk alqışlanan mən olmuşdum, birinci alqış mənə gəlib. Siz bilirsiz ki, tamaşadan sonra Heydər Əliyev həmişə gəlib aktyorlarla görüşüb, söhbət edirdi. Çox xoş sözlər deyirdi, çünki o fenomen insan idi. Hətta bu görüşün üstündən bir ay keçmişdi, Heydər Əliyev adına sarayda konsert zamanı onunla görüşdük. Mən hər zaman görüşəndə qabağa can atmamışam, öz yerimi bilmişəm. İmkan yaratmışam ki, məndən yaşca böyük sənətkarlarımız qabaqda olsunlar. Ulu öndər özü əlini uzadıb, məni yanına çəkdi. Dedi ki, qızım, mənə nə sözün var? Dedim ki, sizə ancaq can sağlığı arzulayıram. Heydər Əliyev həm də mənim xilaskarım oldu. Bəlkə də ulu öndər olmasaydı mən indi həyatda yaşamırdım. Çünki o vaxt ağır xəstəliyə yoluxanda ona məlumat vermişdilər və o da bütün maddi xərcləri dövlətin öz üzərinə götürüb, məni Moskvada müalicə etdirmişdi. 45 ildir ki, sənətdəyəm, 35 ildir ki, Akademik Milli Dram Teatrında çalışıram. Mənim yaşıdlarım hər şeyə nail oldular, amma mən kənarda qaldım. Haqqı tapdalanan aktrisa olsam da özümü xoşbəxt sayıram. Çünki ölkədə ilk serial olan “İtkin gəlin”-də çəkilmişəm, Dünya rolunu oynamışam. İlk klipdə çəkilmişəm, çox şeylər olub ki, ilki biz etmişik. Bu gün də teatrlarımız bağlı olsa da mən bir il ərzində 3 serialda çəkilirəm. Hal-hazırda da həmin seriallarda çəkilişlərim davam edir. Mən Hicran Nəsirova dayanmamışam” deyə aktrisa bildirib.

Geri qayıt