Əsas Səhifə > Şou-biznes > "Mən evdə doğulmuşam, həkimi bir gün gec çağırıblar"

"Mən evdə doğulmuşam, həkimi bir gün gec çağırıblar"


8-03-2021, 09:04
"Mən evdə doğulmuşam, həkimi bir gün gec çağırıblar"
“Doğum günüm bəzi mənbələrdə martın 8-də, bəzilərində isə 9-da qeyd edilib. Bu da nədən irəli gəlir? Mən evdə doğulmuşam, həkimi bir gün gec çağırıblar. Bunu mənə anam da deyib, həyətimizdə yaşayan rus qadın da”

Bunu Moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Xalq artisti, kaman ifaçısı Şəfiqə Eyvazova deyib.

Sənətkar bu il heç bir bayramı qeyd etməyəcəyini bildirib.

“Bu dəfə mənim üçün nə 8 mart bayramı, nə Novruz, nə də anadan olduğum gün var. Mən deyərdim ki, 8 mart şəhid analarının səbr günüdür. Biz bu il çox şəhid verdik, şəhid analarına səbr, təmkin arzu edirəm. Bu 44 gün müharibə müddətində mən həm ağlamışam, həm də qürur duymuşam. Şəhid analarının göz yaşını ağlayan kamana bənzədirəm. Biz o övladlarla fəxr edirik, onlar bizim qisasımızı düşməndən layiqincə aldılar. Bizim konservatoriyanın da bir tələbəsi şəhidlik zirvəsinə ucaldı. Elə yaxşı insan idi ki. Həm də sənətini sevirdi, musiqi ilə peşəkarcasına məşğul olurdu, müsabiqələrdə və seminarlarda hər zaman həmkarlarından seçilirdi. Sakit uşaq idi, amma sonra eşitdik ki, cəbhədə o “canavar" ləqəbi ilə adlandırılıb” deyə Xalq artisti bildirib.

Xalq artisti kamança aləti ilə tanışlığından da danışıb.

"Mən heç bilmirdim ki, kamança nədir? Necə ifa olunur? Bir gün atam məni Flarmoniyaya aparıb göstərdi ki, qızım, bax səni bu alət ifa olunan sinifə yazdırmaq istəyirəm. Mənim kamança ilə ilk tanışlığım belə oldu. Daha sonra sənət aləmində mənə ustad sənətkarımız Əhsən Dadaşov dəstək oldu. O, məni öz ansambılına götürdü, xalqa tanıtdırdı. Bu günki gündə də bizim çox yaxşı kamança ifaçılarımız var. Mən sevinirəm ki, bu alətə sevgi günü-gündən artır. Bu hələ davam edəcək. Bir də onu deyim ki, qızların bu sənətə həvəsi məni daha da sevindirir. Asəf Zeynallı adına musiqi texnikumunun direktoru, bəstəkar Vasif Adıgözəlov həmişə deyirdi ki, qızlar bu alətə böyük həvəs göstərirlər, axınla gəlirlər, bu hamısı Şəfiqənin nailiyyətidir. Onlar da bizə baxıb sənətkar olur, doğulur. Bu sənət pillə-pillə ötürülür. Mən də vaxtilə məndən əvvəlki sənətkarlara baxıb, ibrət götürmüşəm. Vaxt gələcək onlara da baxıb bu sənətə gələcəklər. Çox istərdim ki, ifaçılar kamança ilə yaxşı rəftar etsinlər. Çünki bu musiqi aləti digərlərindən seçilir, alətin əldə tutulmasından, ifasına qədər” deyə Xalq artisti bildirib.

Geri qayıt