Əsas Səhifə > Şou-biznes > "İnsanların çox olduğu yerlərə mümkün qədər az gedirəm"

"İnsanların çox olduğu yerlərə mümkün qədər az gedirəm"


22-02-2021, 14:55
"İnsanların çox olduğu yerlərə mümkün qədər az gedirəm"
Təxminən bir ilə yaxındır ki, pandemiya ilə əlaqədar olaraq Azərbaycanda kütləvi tədbirlərin, o cümlədən toy məclislərinin keçirilməsinə qadağa qoyulub. Qazancları əsasən toylardan gələn müğənnilər bu müddət ərzində demək olar ki, işsiz, pulsuz qalıblar.

Vəziyyətdən çıxış yolu kimi artıq bəzi müğənnilər Rusiyaya üz tutub. Sənətçilər orada toy və digər məclislərdə iştirak etməklə, maddi vəziyyətlərini bərpa etməyə çalışırlar.

Qazanc dalınca Rusiyaya gedən sənətçilər arasında Fədayə Laçın, Zemfira İbrahimova, Üzeyir Mehdizadə, Xəyyam Nisanov, Şəbnəm Tovuzlu və digərləri var.

Bəs müğənnilərimiz Rusiyada təxminən nə qədər qazanc əldə edə bilirlər? Mövcud vəziyyət necədir?

Hazırda Rusiyada yaşayan müğənni Pərvin Səfərov Musavat.com-un bu və digər suallarını cavablandırıb:

- Neçə vaxtdır Rusiyada yaşayırsınız? Yəqin ki, digər həmkarlarınız kimi siz də qazanc dalınca getmisiniz?

- Artıq 6 aydır Rusiyada yaşayıram. Bura səhhətim ilə əlaqədar gəlmişdim. Daha doğrusu, dostlarımın dəvəti ilə gəlmişdim. Sonradan isə burada qalmaq qərarına gəldim.

- Koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında Rusiya 4-cü sıradadır. Bu vəziyyət sizi qorxutmur? Özünüzü bu bəladan necə qorumağa çalışırsınız?

- Bəli, Rusiyada da yoluxma sayı çoxdur. Kimin necə və harada yoluxacağı bəlli olmur. Mən isə çox zaman evdə oluram və insanların çox olduğu yerlərə mümkün qədər az gedirəm.

- Rusiyada toyların da keçirilməsinə icazə varmı?

- Məlum olduğu kimi Rusiyada ictimai nəqliyyat , əyləncə mərkəzləri, restoranlar, bir sözlə hər yer normal qaydada fəaliyyət göstərir. Amma qapalı yerlərdə tibbi maskadan istifadə etmək məcburidir. Beləliklə, restoranlar normal qaydada xidmət göstərdiyi üçün bütün kütləvi tədbirlər, o cümlədən konsertlər belə keçirilir.

- Hazırda tanıdığınız müğənnilərdən daha kimlər var orada?

- Xüsusən yanvar, fevral ayında bura çox müğənnilərimiz gəlib. Onlardan Zemfira İbrahimova , Şəbnəm Tovuzlu, Vəfa Şərifovanı qeyd edə bilərəm.

- Müğənnilərimiz Rusiyada təxminən nə qədər qazanc əldə edə bilir?

- Təxminən hər tədbirdən 20 - 30 min rubul (500 - 600 AZN) qazanırlar.

- Təhsiliniz nə yerdədir?

- Təhsilim davam edir. Bildiyiniz kimi Azərbayca Milli Konservatoriyanın 3-cü kurs tələbəsiyəm. Dərslərimiz onlayn keçirilir. Sözün düzü, bu ilin təhsil haqqımı hələ ödəyə bilməmişəm. Görək necə olur...

- Azərbaycana nə zaman dönməyi düşünürsünüz?

- Düşünürəm ki, universitetdəki dərslərimiz artıq əyani keçirilməyə başlanarsa, vətənə geri dönəcəm".

Geri qayıt