Əsas Səhifə > Şou-biznes > "Deyəsən, Azərbaycana daha toy lazım deyil"

"Deyəsən, Azərbaycana daha toy lazım deyil"


17-02-2021, 17:40
"Deyəsən, Azərbaycana daha toy lazım deyil"
"Nə edim? Sabah oğurluq etsəm, tutub basacaqlar içəri. Bütün ölkəyə də car çəkəcəklər ki, filan yerdə məşhur müğənni cinayət əməli törətdi. Bəs yaxşı, cinayət etməyim, nə ilə dolanım?”

Bu sözləri Yenisabah.az-a tanınmış meyxanaçı Samirə Yusifqızı deyib.

Söz ustadı SMS-lə icazələrin ləğvi, restoran və kafelərin açılması qərarından sonra toylara olan qadağanın hələ də qüvvədə olmasına kəskin etirazını bildirib:

“Mən fikirləşirəm ki, deyəsən, Azərbaycana daha toy lazım deyil. Azərbaycana nə evlənmək, nə ərə getmək, nə də dünyaya uşaq gətirmək lazımdır. Mənə elə gəlir ki, daha bizim ölümüz də, dirimiz də olmalı deyil. Ölümüzü it ölüsü kimi aparıb qəbrə atmalıdırlar, dirimiz də ki, daha hörmətdən düşüb. Gələcək üçün, övladların dünyaya gəlməsi üçün toy mütləqdir. Avropada, Rusiyada, bütün dünyada toy var, olacaq da, bunu danmaq olmaz. Eybi yox, qoy az insanla olsun, şərtlərə əməl edilsin, amma toylar mütləq olmalıdır. Qız ərə gedir, arvad getmir ki, elə iki-üç nəfər yığışıb evdən onu ər evinə yollasın. Belə olmaz, camaat arzu-kamı var, evindən qız çıxarır, oğul evləndirir. Elə valideyn var ki, cəmi bir övladı var, istəyir ki, ona dəbdəbəli toy etsin, niyə etməməlidir?! Azərbaycanda bu gün hara baxsan, insanlar bir-birinin ağzının içindədir. Avtobuslarda insanlar qapıdan sallanırlar. Metroda qatarlarda məsafə ilə otururlar, bu olmaz, amma avtobuslarda bir-birinin ağzının içinə girmək olar? Restoranlarda 9-10 nəfər bir masada otururlar, yeyib içib, atlanıb-düşürlər, bu olar, amma şadlıq saraylarını açmaq olmaz? Niyə?! Bu hansı qanunda yazılıb?! Dünyanın heç yerində belə şey yoxdur. Belə çıxır ki, pandemiyanın ən çox yayılan yeri Azərbaycandır. Çində - pandemiyanı dünyaya yayan ölkədə belə normal həyat davam edir. Rusiyada insanlar toyunu da edir, məclis də keçirir, metroya da minir. Əgər bu xəstəlik varsa, onsuz da insanlar yoluxacaq, istər evdə olsun, istər çöldə, istər restoranda. Qoy xəstələnsinlər, sağalan da sağalsın. Xəstəliyi keçirib sağalanlar da həyatına davam etsin”.

O qeyd edib ki, şadlıq sarayları ölkə iqtisadiyyatında mühüm yer tutur v orada çalışan minlərlə insan işsiz qalıb:

“Belə eləməklə insanları yalnız stressə salırlar. Şəxsən mən özüm aylardır depressiv vəziyyətdəyəm. Həmkarlarımın çoxu bu vəziyyətdədir. Həmkarlarımla telefonla tez-tez əlaqə saxlayırıq, danışırıq. Mən ad çəkmək istəmirəm, bəzisi zəng edəndə Allahha and olsun ki, ağlayır. Deyir, Samirə xanım, saçımı-başımı qırxdırmağa belə pulum yoxdur. Biri deyir evimə ərzaq almağa pul tapmıram, biri qarajını satır, biri evini... Bu nə qədər davam edəcək?! Dünyada ölkəni tanıdan iki sənət var: idman və incəsənət. İdmançılarımızın idman zalları bağlanıb, sənətçilərin oxuduğu yerlər. Belə olmaz axı, bəs bu insanlar nə ilə dolansınlar? Heç olmasa, konpensasiya verilsin. Görün bir toyla nə qədər insan evinə çörək pulu aparır. Bu qədər insanı çörəksiz qoymaq olmaz axı. Biz bundan sonra hansı gələcəkdən danışa bilərik? Gələcəyimiz artıq şikəst olub, hamımız iflic olmuşuq. Müəyyən orqanlar icazə verməlidir ki, insanlar işləyib pul qazansınlar”.

S.Yusifqızı işsiz qaldığını, xərclərini necə ödəməli olduğu sualına cavab axtardığını deyib:

“Mən özüm heç yerdə işləmirəm, maaş almıram, təqaüd almıram, müavinət almıram, baxmalı olduğum 6 nəfərlik ailə var, yaxşı, bəs mən necə dolanım?! Nə edim? Sabah oğurluq etsəm, tutub basacaqlar içəri. Bütün ölkəyə də car çəkəcəklər ki, filan yerdə, məşhur müğənni cinayət əməli törətdi. Bəs yaxşı cinayət etməyim, nə ilə dolanım? Bu düzgündürmü? Sözlərimi kəskin deyirəm, onda da başlayırlar baltalamağa”.

Geri qayıt