Əsas Səhifə > Şou-biznes > "Teatrda iş dayanıb, amma mən bir gün də olsun boş qalmamışam"

"Teatrda iş dayanıb, amma mən bir gün də olsun boş qalmamışam"


8-02-2021, 08:35
"Teatrda iş dayanıb, amma mən bir gün də olsun boş qalmamışam"
“1 ildən çoxdur ki, teatrlarımız qapısını tamaşaçıların və biz aktyorların üzünə bağlayıb. Aprelin 1-nə qədər karantindir, daha sonra isə teatr mövsüm bağlanışına doğru gedir. Hələ heçnə dəqiq deyil. Təbii ki, uzun ayrılıqdan sonra teatra adaptasiya prossesi də bizə çətin olacaq. Oynadığımız tamaşalarımızı yenidən məşq edib, bərpa etmək bir az zamanımızı alacaq. Sentyabrda da hələ dəqiq deyil ki, teatrlar açılacaq ya yox? Qonşu ölkələrdə teatrlar açıqdır, tamaşaçılar da, aktyorlar da məsafəli şəkildə sənət ocağında iştirak edirlər. Aktyorlar bir-birinin ağzına girmir ki? Bu qanunu qəbul edənlər hələ bilmirlər ki, mədəniyyət, teatr nə deməkdir? Bir az da belə getsə, teatr çöksə onda anlayacaqlar ki, mədəniyyətsiz millətin gələcəyi yoxdur. Teatrı mən narkomana bənzədirəm, narkoman iynəni bir dəfə vurdusa o ömürlük şikəst olur. Bizlər də eləyik, bu dəqiqə biz şikəstik, müalicəmiz yoxdur. Müalicəmiz odur ki, teatrlar açılsın və biz işimizi görək”

Bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev deyib. Aktyor pandemiyada xeyirxah işlərlə məşğul olduğunu bildirib.

“Teatrda iş dayanıb, amma mən bir gün də olsun boş qalmamışam. İnsanların problemlərini həll edirəm. Bir gün də olsun özümə istirahət vermirəm, ancaq problem həll etmək üçün yola çıxıram. Çalışıram ki, xeyirxah işlərlə məşğul olum, çünki bu dünyada yaxşılıq qalacaq” deyə aktyor bildirib.

Tanınmış aktyor daha sonra fəxri ad ala bilməməsinə də toxunub.

“Məni tanıyanlar hamısı bilir ki, mən tanımadığım, bilmədiyim adamların problemlərinə görə hansısa nazirin, dövlət adamının qapısını döyən biriyəm. Məni görən kimi xoş qarşılayırlar, xətir-hörmətə görə o insanların problemləri həll olunur. Ona görə də mənə teatrda və yaxın dostlar arasında “Problem Natiq” deyirlər (gülür). Mən heç vaxt öz mənliyimə, şəxsiyyətimə sığışdırmaram ki, özüm üçün gedib kiməsə ağız açım. Hamı bilir ki, mənim fəxri adım yoxdur. Keçmiş Mədəniyyət Naziri Əbülfəs Qarayevin vaxtında, təxminən 10 il bundan əvvəl nazir müavini Ədalət Vəliyevin kabinetində oldum. Mənə dedilər ki, Natiq müəllim, məsələ həll olunub, yaxın günlərdə sənin də adın fəxri ad alan sənətçilərin siyahısında çıxacaq. Mən neynirəm o adı? Əgər ki, mənim öz təmiz adım varsa! Fəxri adları ləğv etmək lazımdır. Bir çox aktyorlarımız bu kimi haqsızlıqlardan xəstəlik tapıb, dünyasını dəyişiblər. Bu gün də yaş həddinə görə teatrdan çıxanlar var ki, heç bir fəxri adsız evlərində oturublar. Mən neynirəm o adı? İstəmirəm! Fəxri ada görə nazirdən xahiş edəcəm ki, versinlər? Bu mənim zəhmətimdir, indiyə qədər verməli idilər. Verməyiblərsə demək ki, mənim zəhmətimi mənimsəyiblər. Onlar hamısı cinayətkardır, cinayət daşıyırlar. Verərlər verərlər, verməzlərsə də heç istəmirəm” deyə aktyor bildirib.

Geri qayıt