Əsas Səhifə > Şou-biznes > “Nənəm 32 yaşında Qubadlıda rəhmətə getdi, orada dəfn olundu, məzarı da...”

“Nənəm 32 yaşında Qubadlıda rəhmətə getdi, orada dəfn olundu, məzarı da...”


5-12-2020, 09:25
“Nənəm 32 yaşında Qubadlıda rəhmətə getdi, orada dəfn olundu, məzarı da...”
“Müharibə dövründə mən də xalqımın bir nümayəndəsi olaraq çox qarışıq hisslər keçirirdim. Öncə şəhid xəbərlərinə üzüldük. Amma cənab prezident, Ali Baş komandan İlham Əliyevin işğaldan azad etdiyimiz torpaqlarımızın hər dəfə adlarını elan etməsi yaralarımıza müvəqqəti də olsa məlhəm olurdu. Demək olar ki, Şuşadan başqa Qarabağın bütün bölgələrində qastrol səfərlərində olmuşam. Bu bölgələrin gözəlliyinə bələdəm. Bir sənətkar olaraq da Qarabağ mövzusu mənə yad deyil. Qarabağ əsilli Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı”, “Xurşudbanu Natəvan” əsərlərində baş rollarda oynamışam. Əslən Qarabağlı deyiləm, amma biz bu gün hamımız Qarabağlıyıq. Çünki uzun illərdir Qarabağ üçün ürəyimiz döyünürdü, yanırdıq, yaxılırdıq. Bizə bu sevinci yaşadan prezidentimizə təşəkkür edirəm, onunla fəxr edirəm, qürur duyuram. Cənab prezidentimizin müharibə dönəmindəki çıxışları ordumuza və bizlərə dayaq oldu. Ordumuzdakı əsgərlərimizə, hərbçilərimizə, yaralı qazilərimizə Allahdan şəfa diləyirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

Bu sözləri Moderator.Az-a Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Bəsti Cəfərova deyib. Sənətkar nənəsinin məzarının Qubadlıda olduğunu bildirib.

“Mənim nənəmin məzarı Qubadlıdadır. Bilirsiz ki, mənim anam əslən İranlıdır. İranlıları da o vaxt Qubadlıya sürgün etmişdilər. Nənəm çox cavan ikən, 32 yaşında rəhmətə gedib. Elə orada da dəfn olunub. Anam 16 yaşında Bakıya qayıdıb. O hər zaman nənəmin Qubadlı ilə bağlı xatirələrini danışırdı, oranın insanlarının necə insanpərvər olduğunu deyirdi. Deyirlər ki, dekabrın 10-da parad olacaq. Bilmirəm koronovirus pandemiyasına görə ora insanları buraxacaqlar, yoxsa yox? Amma elə istəyərdim ki, gedim. Əgər gedə bilməsəm paradı televiziya vasitəsilə izləyəcəm. Qalib xalqın vətəndaşı olmaq tam başqa hissdir” - deyə Xalq artisti bildirib.

Geri qayıt