Əsas Səhifə > Şou-biznes > "Bizim bəstəkarlar marş yazanda Türkiyədə heç marş yazan yox idi"

"Bizim bəstəkarlar marş yazanda Türkiyədə heç marş yazan yox idi"


2-12-2020, 08:36
"Bizim bəstəkarlar marş yazanda Türkiyədə heç marş yazan yox idi"
Azərbaycan 44 günlük müharibədən qalib, zəfər qazanan tərəf olaraq çıxdı. Həm döyüş, həm də siyasi meydanda qazanılan qələbənin, zəfərin sayəsində 30 il işğalda olan torpaqlarımız yenidən öz azadlığına qovuşdu.

Bəs bu zəfərin, qələbənin şərəfinə hansı marşlar yazılır?

Məlum olduğu kimi, hərbi marşlar, vətənpərvərlik mövzusunda yazılan mahnılar insanlara böyük ruh yüksəkliyi verir. Həm birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi günlərində ən çox dinlədiyimiz, ifa etdiyimiz 90-cı illərdə Cavanşir Quliyevin yazdığı “Marş irəli!”, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının “Cənab leytenant”, “Vətən əmanəti” və bu kimi digər mahnılar oldu. Lakin indi daha çox zəfər və qələbə marşlarına böyük ehtiyac yaranıb. Təkliflər var ki, Türkiyənin “30 avqust marşı”, “İzmir marşı”, “Sakarya marşı”, “Silahlı Qüvvələr marşı”, “Qaradəniz marşı”, “Gənclik marşı” olduğu kimi bizdə də Şuşa, Füzuli, Cəbrayıl, Kəlbəcər və s. azad edilən ərazilərə aid zəfər marşları yazılsın.

Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Zemfira Qafarova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bizim bəstəkarlar marş yazanda Türkiyədə heç marş yazan yox idi. Zamanında Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov çox gözəl marşlar yazıblar, hansı ki, həmin marşlar müharibə dövründə mütəmadi səslənirdi. Hazırda da bəstəkarlarımız tərəfindən gözəl marşlar yazılıb. Məsələn, deyə bilərəm ki, Azər Dadaşov, Lalə Cəfərova, Elnarə Dadaşovanın yeni marş əsərləri var. Hətta bugünlərdə xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də çox gözəl marş yazıb. Bildiyiniz kimi, Firəngiz xanım adətən iri həcmli əsərlərə müraciət edir, amma gördüyünüz kimi, o da marş yazıb. Çox sevindirici haldır ki, 44 gün ərzində yalnız vətənpərvərlik mahnıları, marşlar eşitdik. Cavanşir Quliyevin 90-cı illərdə yazdığı ”Marş irəli!" nəyə desəniz dəyər. Vətən müharibəsi dövründə bu marş demək olar ki, leytmotiv oldu, hər kəs onu oxuyurdu.

Bir faktı da qeyd edim ki, bugünlərdə bəstəkarlarımız 30-a yaxın vətənpərvərlik mahnısı və marşlar yazıb. Təkcə peşəkar bəstəkarlar deyil, həvəskar bəstəkarlar da bu mövzuya çox müraciət edib. Deyə bilmərik ki, onların hamısı yaxşıdır, amma yazılır".

Tanınmış bəstəkar Firudin Allahverdi isə məsələ ilə bağlı bu cür rəy bildirdi: “Şübhə etmirəm ki, indi bəstəkarlarımız bu mövzuya müraciət edir, üzərində işləyir. Kimisi mahnı, kimisi marş, kimisi də daha irihəcmli əsər yazır. Sadəcə, musiqi əsərinin məhsul kimi hazırlanması texniki baxımdan çox vaxt alan məsələdir. Məsələn, şairlərin bəxti gətirib, onlar sadəcə kompüterdə vörd açıb, öz şeirlərini yazıb daha sonra onu lazımi yerə və yaxud saytlara göndərirlər. Hətta bunu sosial şəbəkə üzərindən etmək imkanları da var. Beləliklə də şeirləri dərc olunur və iş bitmiş sayılır. Rəssamlar isə kətan və yaxud başqa ifadə vasitəsi varsa, onu tapıb, üzərində işləyir, çəkə bilirlər. Bəstəkarlarda isə bu iş kifayət qədər çətindir. Tutaq ki, bəstəkar ilhamlandı, şeir də tapdı, marş da yazdı. Bu ən yaxşı halda bəstəkarın özü yazıb, pianoda səsləndirib, telefona çəkdiyi versiyadır, hansı ki, bu dinləyicilərə böyük təsir göstərmək iqtidarında olmayan bir formatdır. Bu format yalnız professional musiqiçilər aydın ola bilir. Yazılan musiqinin yaxşı səslənməsi üçün bəstəkar bir qədər xor yığmalı, böyük studiya tapmalıdır. Ən əvvəl isə bəstəkar hər bir musiqiçinin ifa edəcəyi partiyaları yazmalıdır. Deyək ki, bütün bunların hamısı hazır oldu, bəstəkarın bundan sonrakı işi hamı üçün uyğun vaxt təyin edib, onları bir yerə yığmaq, studiyaya ödəniş edib, mahnısını və yaxud əsərini yazdırmaqdır. Yəni göründüyü kimi, bu, texniki mənada çox çətin bir prosesdir və böyük resurslar tələb edir - insan resursu, orkestr, xor, intellektual resurs və sairə. Və yaxud bəstəkar çox sadə variant tapıb, sadəcə sintezatorda ifa edəcək, hansı ki, bu üsuldan çoxları istifadə edir. Lakin sonda çox keyfiyyətsiz məhsul alınır. Düşünürəm ki, bütün bunlar səbəb olur ki, bizim bəstəkarlarımız hələ ki yeni marşlar təqdim etmir”.

Əməkdar artist, bəstəkar Elza Seyidcahan qeyd etdi ki, zəfər, qələbə mövzusunda bir sıra mahnılar yazıb: “Vətən müharibəsi günlərində bu mövzuda xeyli sayda mahnılar yazdım. Onlardan ”Ər, ərənlər" adlı, B.Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə yazdığım musiqini qeyd edə bilərəm. Ordumuz Vətən müharibəsində böyük şücaət göstərdi. Xalqımız birlik nümayiş etdirdi, atalar deyib, el bir olsa, dağ oynadar yerindən. Biz bütün dünayaya bir yumruq olduğumuzu sübut etdik. Xalqımızla fəxr edirəm. 30 il nisgillə yazdıq, oxuduq. Amma şükürlər olsun ki, hər şey bir göz qırpımında dəyişdi, biz zəfər qazandıq. Doğrudur, hələ də bir çoxumuzda bu nisgil qalıb, çünki şəhidlərimiz var. Şəhidlərimizi heç zaman unutmayacağıq, onların ruhunu hər zaman əziz tutacaq, anacağıq. Lakin artıq qəmdən, kədərdən deyil, zəfərdən, qələbədən yazıb oxumalıyıq".

Geri qayıt