Əsas Səhifə > Şou-biznes > Röya haqqında hər şey...

Röya haqqında hər şey...


14-06-2017, 09:12
Röya haqqında hər şey...
Əməkdar artist özəl bayramını qeyd edir.

DIA.Az xəbər verir ki, 14 iyunda çağdaş Azərbaycan estradasının ən parlaq ulduzu, əməkdar artist Röya Ayxanın 35 yaşı tamam olur. Dünyaya gəldiyi günü bayram edən pərəstişkarları Röya xanım haqqında hər bir məlumatdan xəbərdar olsalar da, oxucularımız üçün sevimli ulduzun keçdiyi sənət yolunu məmnunluqla sıralayırıq:

Röya Ayxan 1982-ci il iyun ayının bu günündə doğulub.
O, Bakı şəhəri Nəsimi rayon 5 saylı orta məktəbin məzunu olur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirir.
İlk dəfə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin "W-trio" qrupunda solistlərdən biri kimi səhnəyə çıxıb. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayır.

Röyanın "Bu gecə" adlı ilk konserti Heydər Əliyev Sarayında 2005-ci ildə baş tutub. Bir il sonra o, 3 gün yenidən həmin saray səhnəsində "Darıxmışam" adlı proqram ilə pərəstişkarlarını sevindirib. 2006-cı il sentyabr ayının 15-i Şəfa stadionunda, 22-də isə Milli Parkda konsertlər verməklə uğurlarına uğur qatır.

2005-ci ildə Yaltada keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində iştirak edən müğənni, "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olur.
Röya Ayxan 2010-cu ildə Azərbaycanın bir çox şəhərlərində, o cümlədən cəbhə bölgəsinin bir sıra rayon və qəsəbələrində "Doğma Diyar" adlı konsert proqramı ilə çıxışlar edir.
Layihəsi Qubada başlayıb və sonra Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində baş tutub. 7 dekabr 2010 tarixində Röya həmkarı Zamiq Hüseynovla birgə "Doğma" Diyar lahiyəsinə paytaxtda möhtəşəm sonluq verir.

2010-cu il də R.Ayxan yaradıcılığında maraqlı layihələrlə tarixə həkk olunub. "Yaşıl Teatr"da "Surpriz" adlı solo konsert verən müğənni, elə həmin il bir neçə hitini sevənlərinə ərmağan etdi. Röya o, ulduzlardandır ki, 10 il bundan əvvəl ifa etdiyi mahnılarının hər biri pərəstişkarlarının dilində bu gün də əzbər oxunur.

2011-ci ildə müğənni həmkarı Rəhim Rəhimli ilə birgə "RR Show" adlı silsilə konsert proqramlarına imza atır. Həmin ildə onun "Sənə görə" və "Dostumsan yoxsa Sevgilim" adlı mahnılarına çəkdirdiyi klipləri işıq üzü görür.

2012-ci ildə milyonların sevimli ulduzun üzünə Türkiyə şou-biznesinin qapıları açılır. Türkiyəli bəstəkar Soner Sarıkabadayının Röya üçün yazdığı "Gönder"mahnısı tez bir zamanda qardaş ölkənin hit paradlarını zəpt etdi.



2013-cü ildə qardaş ölkədə müxtəlif konsertlərlə çıxış edən Röya, türkiyəli həmkarı Eflatunun müəllifi olduğu "Gemiciler" adlı hiti ilə növbəti dəfə diqqətləri öz üzərinə yönəltdi. Bu mahnının klipi də İstanbulda çəkilir.

Əməkdar artistin "Taksi" filminin baş rol ifaçısı, məşhur aktyor Samy Naseri ilə birlikdə "Günahsız günahım" adlı mahnısına çəkdirdiyi klip də şou-biznesin əsas hadisəsinə çevrildi. Fransada lentə alınan bu ekran işinin Bakıdakı tanıtım mərasimində Naserinin özü də şəxsən iştirak etdi.

Röya 2014-cü ildə ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında iki konsert proqramı ilə çıxış edir. İlin əvvəlində "Mənəm", sonunda isə "Sənə ehtiyacım var" adlı uğurlu konsertlərlə əldə etdiyi uğurların sırasına yazıldı. Həmin il Rusiya paytaxtı Moskvada "Eto ya" konsertini verən müğənni, çalışqan ulduz olduğunu bir daha isbatladı. 2014-cü ildə "Mən sənsiz" və "Sənə ehtiyacım var" hitləri üzə çıxaran Röya, hər iki mahnıya klip də çəkdirir.

2015-ci ildə daha bir uğurlu konsert "Sən yox" adı altında Yaşıl teatrda baş tutdu.

Söz və musiqisi türkiyəli ulduz Gülşənə aid olan "Kesin bilgi" hiti də Röyanın yaradıcılığında xüsusi yer tutdu. Türkiyədə lentə alınan bu mahnının klipi hələ də Röyasevərlər tərəfindən sevilərək izlənilir.

2015-ci ildə "Xəyanət" adlı Mahnısını kliplə birlikdə üzə çıxaran ulduz, qardaş ölkədə parlamaq istəyini yetərincə gerçəkləşdirməkdədir.

Ötən ilin 30 dekabr tarixi Röya Ayxanın yaradıcılığına qızıl hərflərə yazıldı. Azərbaycan Respublikasının prezidentinin imzaladığı sərəncamla sevilən ulduz, Azərbaycanın əməkdar artisti fəxri adına layiq görüldü. Daim axtarışda olan müğənninin repetuarına bu il üç yeni mahnı - "Doldur ürəyimi", "Yandım" və "Düşürsən tez-tez yada" hitləri əlavə olundu.

Youtube kanalında hər ifası milyonlarla izləmə rekordu vuran sevimli ulduz həm də qayğıkeş anadır. İş adamı Anar Cəlilovla evlilyindən 25 oktyabr 2009-cu ildə Hüseyn adlı oğlu dünyaya göz açıb. Birinci sinifi bitirən Hüseynin bütün kaprizlərini çəkən müğənni, oğlunun savadlı böyüməsi üçün maksimum şərait yaratmağa çalışır.

Sonda DIA.Az ailəsi olaraq dəyərli sənət ulduzunu ad günü münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Röya haqqında hər şey...
Röya haqqında hər şey...
Röya haqqında hər şey...
Röya haqqında hər şey...

Geri qayıt