Əsas Səhifə > Şou-biznes > "Maksimum 123 kilo olmuşam"

"Maksimum 123 kilo olmuşam"


7-04-2017, 08:02
"Maksimum 123 kilo olmuşam"
DİA.AZ: - İnsanı xarici görünüşünə görə qarşılayırlar. Tanış olarkən ilk saniyələrdən yaratdığımız təəssurat bəzən taleyimizi həll edə bilir. Bəs düzgün imici necə yaratmaq olar? Bu məqsədlə müraciət etdiyimiz stil ustaları öz işini bilirmi? Bu və digər sualları instagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan stilist-vizajist Gülruh Nəcəfova Dia.Az-ın "Tet-a- Tet" rubrikasının qonağı olarkən cavablandırıb.

- Qısaca sizi necə tanıya bilərik?

- Gülruh Nəcəfova - subay xanımam, 36 yaşım var. Bir müddət Rusiyada yaşamışam, daha sonra Azərbayacana gəlmişəm. 16 ildir stilist-vizajist kimi çalışıram.

- Gülruh xanım özünüz tək olan zaman daxili aləminizlə yola gedə bilirsizmi ?

- Bir az qırğın-davalarımız olur. O belə deyir, mən elə deyirəm. Ancaq sonda razılığa gəlmək məcburiyyətində qalırıq. Razılaşırıq, ortaq məxrəcə gəlirik.

- Bir insanı ömrünüzün sonuna kimi sevə bilərsizmi?

- Mən kimi sevirəmsə, onu ömrümün sonuna kimi sevirəm. Onlar fikirlərini dəyişə bilərlər, ancaq mən vəfasızlıq etmirəm. Mənim qəlbimdə əgər o insana

sevgi olubsa (söhbət əsl sevgidən gedir, təbii ki - red) o sevgi eləcə də qalır.

- Kənardan çox komplekssiz görünürsüz, əslində necəsiz?

- Həqiqətən komplekssizəm.

- Heç özünüzə qadağa qoymamısız?

- O qədər özümə qadağa qoyuram ki... Dəhşət. Ancaq bunları açıqlamaq istəmirəm.

- Ümumiyyətlə, işinizdə nədən zövq alırsınız?

- Xanım dəyişmək üçün mənə müraciət edirsə və istədiyi nəticəni ona nümayış etdirə bilirəmsə bu mənə böyük zövq verir. Mən işləyən zaman bütün problemlərimi unuduram. Uşaq kimi sevinirəm. Mənə uz tutan şəxs də bunun şahidi olur. Sanki özüm hazırlaşıb harasa gedirəm.

- Vəfasızlıq, etibarsızlıq gördüyünüz zaman qarşı tərəfə nə cəza verirsiniz?

- Mən axı kiməm ki, kiməsə də cəza verim.

- Maksimum kilonuz neçə olub?

- 123 kilolu vaxtımı heç unutmaram. Sonra 26 kilo arıqladım və ilk mədə kiçiltmə əməliyyatımı etdirdim.

- Əməliyyatdan heç qorxmursunuz?

- Yox. Heç zaman əməliyyatdan qorxmamışam. Çünki bilmişəm ki, bunu niyə edirəm. Mədə kiçiltmə əməliyyatdan 99% heç kim ölməyib. Qismətdə nə varsa o da olur.

Deyirlər, daim axtarışdasınız. Oxuyub öyrəndiklərinizi kafi hesab etmirsinizmi?

- Öz üzərimdə işləyən biriyəm. Çalışdığım sahə də durmadan dəyişir, yenilənir. Zamanın nəbzini tutmaq, hər zaman birinci olmaq üçün davamlı inkişaf etmək, elmlənmək lazımdır. Bunu məqsəd bilib gəlirimin böyük qismini peşəmi daha dərindən öyrənməyə xərcləyirəm. Bunu həm özüm, həm də müştərim üçün edirəm. Çox vacibdir.

- Depressiyaya uzun müddət düşən adamsız?

- Elə idim, ancaq indi ağıllanmışam. İndi bir ara özümə qapanıram, daha sonra toparlanıram. Məni heç kim depressiyadan qurtara bilməz, özümdən başqa...

- Sizə müxtəlif xarakterli xanımlar müraciət edir. Şıltaq xasiyyətlərlə işləmək çətinlik yaradırmı?

- Mən hər zaman demişəm, stilist psixoloq olmalıdır. Hər bir qadının xasiyyətinə uyğun onunla söhbət etməlidir. Yalnız individual münasibət görən xanım növbəti dəfə bir daha sənə müraciət edəcək.

Fikrimcə, stilist həm də savadlı, dünyagörünüşlü olmalı, bütün sahələrdən məlumat toplamalıdır. Qarşısında oturan xanımı edəcəyi işə inandırmalıdır.

Geri qayıt