Əsas Səhifə > Siyasət, Manşet > Rektorun maliyyə nazirliyindəki qardaşı da Eldar Mahmudovla işbirliyində olub...

Rektorun maliyyə nazirliyindəki qardaşı da Eldar Mahmudovla işbirliyində olub...


11-11-2015, 08:34
Rektorun maliyyə nazirliyindəki qardaşı da Eldar Mahmudovla işbirliyində olub...
DİA.AZ: - Redaksiyamıza sabiq MTN şefinin maliyyə sektorundakı “uzantıları” ilə bağlı ilginc ittihamların yer aldığı məlumat daxil olub. DİA.AZ olaraq həmin materialı təqdim edirik: “Respublikada fəaliyyət göstərən kredit ittifaqlarının üzləşdiyi maliyyə problemlərinə və onların fəaliyyətinə son verilməsinə, lisenziyalarının alınmasına səbəb olan şəxs, hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışan Razim Vəliyevdir.

Qeyd etmək istərdik ki, Razim Vəliyev bu zamana qədər millət vəkili olan Əhməd Vəliyevin doğma qardaşıdır. Əhməd Vəliyevə və onun qardaşına himayədarlıq edən şəxs isə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov olmuşdur. Razim Vəliyəv himayədarına güvənərək bir sıra qanunazidd hərəkətlər edərək kredit ittifaqlarının, “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (İKA), “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyinin (AKİA) fəaliyyətinə müdaxilə etmişdir. Razim Vəliyev göstərişi ilə İKA-ya Arif Əliyevi baş direktor təyin etmişdir. Onu da nəzərinizə çatdırmaq istərdim ki, Razim Vəliyev Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş Baş Direktoru vəzifəsində, Arif Əliyev isə Dövlət Agentliyində mühasib vəzifəsində işləyən zaman birgə “təcrübəli” maxinasiyalar ilə məşğul olurdular. Dövlət vəsaitini müxtəlif yollarla silərək əldə edirdilər, 10 manatlıq kompüter fləşkartlarını 200 manatdan 1000 ədəd silinməsini çox rahat həyata keçirərək dövlət vəsaitini mənimsəyirdilər. Bütün bunlarla qane olmayan Razim Vəliyev öz tanışını İKA-ya direktor təyin edərək Dövlətin zəmanəti ilə Dünya Bankı tərəfindən ölkəyə ayrılan 18,8 milyon ABŞ dolları məbləğində vəsaiti təyinatsız formada kredit ittifaqlarına paylamış və kredit ittifaqlarının sədrlərindən rüşvət almışdır. Hamıya məlumdur ki, rüşvətlə verilən kreditin geri qaytarılması mümkün deyil.

Eyni zamanda, onu da nəzərinizə çatdırmaq istərdim ki, adı çəkilən Bank Olmayan Kredit Təşkilatı - İKA məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyi (AKİA) olmuşdur. Layihə çərçivəsində kəndli fermerlər və kiçik sahibkarlar Kredit İttifaqları (Kİ) vasitəsilə aldıqları kredit vəsaitlərindən istifadə edərək öz güzəranlarını yaxşılaşdırmalı idilər. Onu da qeyd etmək istərdim ki, bu vəsaitin ölkəmizə gətirilməsi və İKA vasitəsilə Kİ-lərə paylanılması müvafiq Hökumət qurumu və Dünya Bankı tərəfindən İKA-nın təsisçisinin tam olaraq İctimai Birlik, yəni AKİA-nın olması təqdirində razılaşdırılmışdır”.

Daha sonra dia.az-a daxil olan məlumatda deyilir: “Bütün bunlara baxmayaraq, Arif Əliyev Razim Vəliyevin göstərişi və məlum insanın himayədarlığı ilə İKA-nın nizamnamə kapitalındakı AKİA-nın payını azaldaraq Arif Əliyev başda olmaqla kənardan naməlum fiziki şəxslər və kredit ittifaqları bu təşkilatın yeni təsisçiləri kimi AR-nın Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçirtməyə nail olmuşdur. Həmçinin Dövlət Layihəsini icra edən və kapitalı dövlət vəsaitindən ibarət olan Təşkilatın naməlum fiziki şəxslər tərəfindən özəlləşdirilərək Dünya Bankının vəsaitinin mənimsənilməsi analoqu olmayan rüşvət mexanizminə bir daha sübutdur.

Onu da qeyd edək ki, AKİA-nın keçmiş idarə heyətinin sədri İKA- nın baş direktoru Arif Əliyevi vəzifəsindən sui-istifadə etdiyi, təşkilatın Nizamnaməsini mütəmadi olaraq pozduğuna, təşkilatın Vergilər Nazirliyi tərəfindən təsdiqlənmiş Nizamnamə kapitalının artım (82 580 manat) məbləğini kənar auditordan qəsdən gizlətdiyi və onu 200 manata qədər azaltdığına, ümidsiz kreditlərin silinməsi barədə əmr verilən tarixdən (13 may 2011-ci il) əvvəlki tarixdə (aprel 2011-ci il) sildiyinə və kredit faizləri süni surətdə silinən borcu olan Kİ-larına qanunsuz olaraq kreditlər verdiyinə, 232 000 manat mənfəətlə qəbul etdiyi təşkilatı iflas həddinə çatdırdığı, qrant şəkilində Kİ-lərə paylanmalı olan kompüterləri satdığına, 25 may 2011-ci il tarixli hökumət orqanının nümayəndəsi ilə birlikdə imzalanmış dördtərəfli Agentlik Sazişinin AKİA ilə bağlı bir sıra bəndlərini pozduğuna, mütəmadi olaraq təsisçisi olan AKİA-nın əmrlərini icra etmədiyinə, vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmədiyinə, işdə yol verdiyi digər nöqsanlara və idarəçiliyi bacarmadığına görə 2011-ci il avqust ayı tarixində tutduğu vəzifədən azad etmişdir və məhkəməyə müraciət etmişdir. Lakin bütün bu qanunazidd hərəkətləri ardıcıl olaraq həyata keçirən Arif Əliyev kredit ittifaqları sədrlərinə külli miqdarda kredit verməsini vəd edərək AKİA-nın keçmiş idarə heyətinin sədrini ictimai birlikdən uzaqlaşdırmasına səbəb olmuş və Aşıxlı kredit ittifaqının sədri Ayaz Quliyevi AKİA-nın idarə heyətinə sədr seçilməsinə yardım etmişdir. Ayaz Quliyev sədr təsdiq olunduqdan sonra AKİA-nın sədri kimi Arif Əliyevə qarşı olan məhkəməyə müraciəti geri götürmüş və Arif Əliyevi yenidən baş direktor təyin etmişdir. Sonrakı qanunazidd əməllərini birgə həyata keçirərək kredit ittifaqlarını müflis etmişlər və İKA-nın iflas olmasına səbəb olmuşlar. 86 kredit ittifaqının sayının azaldılmasına, onların lisenziyalarının alınmasına, özlərinin dediyi kimi 46-ya çatmasına səbəb olmuşlar. Bütün bu əməllərin törədilməsində yaxından iştirak edən Ayaz Quliyev 10 noyabr 2015-ci il tarixində pressa ilə müraciət edərək - Azərbaycanın kredit ittifaqları üzləşdikləri maliyyə problemlərini həll etmək üçün ölkə rəhbərliyinə müraciət etmək niyyətindədir- çıxış etmişdir. 17-18 mindən çox sahibkarın çətin duruma düşməsi ilə şikayətlənən və onları bu duruma salan Ayaz Quliyev hansı doğru-düzgün əməlləri ilə Prezident İlham Əliyevə müraciət etmək niyyətindədir”.

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt