Əsas Səhifə > Siyasət, Manşet > Oqtay Şirəliyev buralara da bir nəzər salsa...

Oqtay Şirəliyev buralara da bir nəzər salsa...


17-09-2015, 09:29
Oqtay Şirəliyev buralara da bir nəzər salsa...
DİA.AZ: - Bölgələrdə fəaliyyət göstərən səhiyyə müəssisələrində isə vəziyyət daha acınacaqlıdır. Yadınızdadırsa, ötən günlərdə Şirvan səhiyyəsinin bərbad durumundan söhbət açmışdıq.

Bildirmişdik ki, Mərkəzi Xəstəxanada USM həkimi işləyən Cahid Əliyev qanunsuz işlərə imza atmaqla yerli sakinlərə əlavə problemlər yaradır. Onu da nəzərinizə çatdıraq ki, həmin yazıdan sonra bu həkimlə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Redaksiyamıza daxil olan son məlumatlarda deyilir ki, insan sağlamlığını arxa plana atan həkim maddi məsələləri daha üstün tutur: "Cahid Əliyev üzərinə düşən vəzifəni keyfiyyət deyil, kəmiyyət baxımından "layiqincə" yerinə yetirir. Bir müddət əvvəl həkimin USM kabinetində maraqlı hadisə yaşanıb. Belə ki, Salyan sakini hamiləlik prosesi ilə əlaqədar tələb olunan USM müayinəsindən keçmək üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasında USM şöbəsinə müraciət etməli olur. Müayinə zamanı Cahid Əliyev pasiyentindən açıq şəkildə 10 manat deyil, 20 manat tələb edib. 10 manatlıq prosedur üçün 20 manat tələb edilməsinə kəskin etiraz edən xanım bunun səbəbini soruşduqda Cahid Əliyev xanıma belə bir cavab verib: "Xanım, sizin bətninizdə əkiz uşaq var, onun üçün 20 manat verməlisiniz". Xanım da öz növbəsində həkimə tutarlı cavab verib: "Əgər elədirsə, onda mən marşruta 3 nəfərin pulunu verməliyəm ki?". Ümumiyyətlə, kimliyindən asılı olmayaraq bu həkimin qəbuluna gələn vətəndaşlar mütləq ona "görüm-baxım" etməlidir. Əks təqdirdə, həkim onları müayinə etmir".

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, illərdir ki, eyni üsulla işləyən USM həkimi bu yolla maliyyə imkanlarını xeyli genişləndirib: "Şirvanda satılan bir otaqlı mənzillərin əsas müştərisi məhz Cahid Əliyevdir. Kim bir otaqlı mənzil satırsa, həkim dərhal alır. Şirvan şəhərinin ərazisində onun sayı-hesabı bilinməyən mənzilləri, obyektləri var. Bundan başqa, Cahid Əliyev bütün pasiyentlərinə deyir ki, mən sizdən rüşvət yox, "muştuluq" alıram. Bu adam şəxsi maraqlarını təmin etmək üçün hər vasitəyə əl atır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin (SN) qərarına əsasən, 2008- ci il fevral ayının 1-dən dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində göstərilən tibbi xidmətlər tam olaraq pulsuzdur. USM həkimi isə pulsuz tibbi xidmət anlayışını çoxdan tarixə dəfn edib. Cahid Əliyevin buraxdığı nöqsanlar müqabilində hələ də tibb sahəsində çalışması sadəcə olaraq dəhşətdir. Görünür, onun dayağı çox möhkəmdir. Hər halda, ali tibb təhsili olmayan Cahid Əliyev indiyə kimi Şirvan Mərkəzi Xəstəxanasında çalışa bilməzdi". Növbəti saylarımızda mərkəzi xəstəxananın baş həkimi Fərhad Səfərovun nəyə görə onu işdə saxlaması və USM həkiminin vətəndaşların istifadə etdiyi avtobus dayanacağını zəbt edib aptekə çevirməsi haqda faktları diqqətinizə çatdıracağıq. Bizi izləyin.

Geri qayıt