Əsas Səhifə > Siyasət, Manşet > Füzuli Ələkbərovun dövründən qalan problem Səlim Müslümovun dövründə də həll olunmur

Füzuli Ələkbərovun dövründən qalan problem Səlim Müslümovun dövründə də həll olunmur


16-02-2015, 08:51
Füzuli Ələkbərovun dövründən qalan problem Səlim Müslümovun dövründə də həll olunmur
DİA.AZ: - Tovuz rayonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova şikayət məktubu ünvanlanıb. Bir nüsəxsi də DİA.AZ-a daxil olan 3-cü qrup əlilin şikayətində deyilir:

“Cənab nazir, mən Səmədov Ramil Kamil oğlu 1996-cı il oktyabr ayının 6-da Tovuz rayon hərbi komisarlığından hərbi xidmətə çağırılmışam. Hərbi xidmətimi Füzuli rayonunda N-saylı hərbi hissə keçirmişəm. Hərbi xidmət zamanı qış ayı ön cəbhədə gecə növbəsində olarkən ayaqlarımı don vurdu.

Donvurmadan Füzuli rayonunun Əhmədbəyli kəndində 25 gün müalicə aldıqdan sonra Bakıya mərkəzi hərbi xəstəxanaya göndərildim. Həmin xəstəxanada 10 gün müalicə aldıqdan sonra sol ayağımın bütün barmaqlarını pəncə qarışıq, sağ ayağımın baş barmağını kəsdilər.

Bu səbəbdən xərbi xidmətə yararsız olduğum üçün məni hərbi xidmətdən azad etdilər. Mənə hərbi xəstəxanada dedilər ki, sənin sənədlərini aidiyyəti qurumlara göndərəcəyik, sən sosial müavinət alacaqsan.

Bir müddət sənədlərimin gəlməsini gözlədim, sənədlərim gəlmədi. 1999-cu ildə Bakı mərkəzi hərbi xəstəxanaya müraciət edərək sənədlərimi aldım. Sənədlərimi əlillik dərəcəsi almaq üçün həmin tarixdə Tovuz rayonunun 28 saylı tibbi sosial ekspert komisiyasına təqdim etdim. Uzun süründürməçilikdən, get-gəldən sonra (rüşvət vermədiyim üçün) mənə 3-cü dərəcəli əlillik verdilər.

Mən etirazımı bildirərək Tovuz 28-saylı tibbi ekspert komisiyasına iş qabiliyyətimi itirdiyimi, yeriyəndə çətinlik çəkdiyimi, bir müddət ayaq üstə durduqdan sonra məcburiyyətdən ya oturmalı ya da ki uzanmalı olduğumu bildirdim. Onlar da mənə söz verdilər ki, növbəti ildə sənə 2-ci dərəcəli əlillik verəcəyik. 16-ildir ki, bürokratik əngəllər, məmur özbaşnalığı, rüşvət vermək imkanım olmadığı üçün 2-ci dərəcəli əlillik ala bilmirəm.

Sonuncu dəfə 11 fevral 2015-ci il tarixdə Bakidan gəlmiş nümayəndənin də iştirakı ilə Tovuz 28-saylı tibbi sosial ekspert komisiyası mənə 2-ci dərəcəli əlillik verməkdən imtina etdilər. Səbəbi isə mənə sonradan məlum olub. Onlar məndən “rüşvət” yox “hörmət” gözləyirlərmiş. Axı indi rüşətin adını dəyişdirib “hörmət” qoyublar.

Cənab nazir! Mən iş qabiliyyətimi bütövluklə itirmişəm. Hal-hazırda müalicəyə böyük ehtiyacım var. Ayaqlarım şişir. Kəsilən yerlərdə iltibahlar müşahidə edilir. Qış aylarında çölə çıxa bilmirəm, yeriməkdə çətinlik çəkirəm. İmkansızlıqdan müalicə ala bilmirəm. Ailəliyəm, ailədə 5-nəfərik, 3 uşağımiz var, uşaqlarımın biri də epilepsiya xəstəsidir. Onun da müalicəyə böyük ehtiyacı var. Mən iş qabiliyyətimi itirdiyim üçün heç yerdə işləyib pul qazana bilmirəm. Ailə vəziyyətimiz çox çətindir. Maddi durumumuz imkan vermir ki, mən və uşağım müalicə alaq.

Füzuli Ələkbərovun dövründən qalan problem Səlim Müslümovun dövründə də həll olunmur

Cənab nazir! Sizin televiziyalarda, yazılı mətbuatda, xəbər saytlarındakı çıxışlarınızda verdiyiniz tapşırıq və tövsiyyələrə yerli məmurlar əməl etmirlər. Mənim kimi onlarla insanlar o məmurların acgözlüyü, rüşvətxorluğu nəticəsində əlillik dərəcələri ala bilmirlər. Bunun da nəticəsində narazı vətəndaçlar sizin nazirlikdən, dövlətdən narazı düşürlər.

Cənab nazir! Bu müraciətimi sizə ünvanlayaraq mənim 2-ci dərəcəli əlillik almam üçün aidiyyəti qurumlara tapşırıq vermənizi və nəzarətdə saxlamanızı xahiş edirəm”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt