Əsas Səhifə > Siyasət, Manşet > Ənvər Seyidəliyevin rəhbərlik etdiyi rayona yaşam şərtləri minimum həddə enməkdədir

Ənvər Seyidəliyevin rəhbərlik etdiyi rayona yaşam şərtləri minimum həddə enməkdədir


13-02-2015, 08:43
Ənvər Seyidəliyevin rəhbərlik etdiyi rayona yaşam şərtləri minimum həddə enməkdədir
DİA.AZ: - Ağsu rayonunda bütün sahələrdə geriləmələr davam edir. Bir müddət öncə rayon mərkəzinin əsas bir neçə küçəsində aparılan kosmetik işlər də kölgədə qalıb. Çünki rayon İH-nin başçısı Ənvər Seyidəliyevin göstərişi ilə istinad divarlarına vurulan uzlük daşlar da iş başa çatmamış sökülməyə başlayıb. Bu barədə DİA.AZ-a rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, səbəb də budur ki, başçının bacısı oğlu, ƏƏSM naziri Səlim Müslümov görülən bəzək-düzək işlərini bəyənməyib və işlərin yenidən başlanmasına əmr verib. Əslində isə məsələnin mahiyyətində büdcədən asan yolla pul silinməsinin dayandığı bildirilir.

Dia.az-a ayrı-ayrı sakinlər tərəfindən göndərilən müraciətlərdə müxtəlif sahələrdəki özbaşınalıqlara toxunulur. Belə müraciətlərin bir neçəsi Ağsu EŞ-in fəaliyyətindəki ciddi nöqsanlardan bəhs edir. Belə ki, rayonun işıq sisteminin bərbad vəziyyətdə olduğu vurğulanır:

“Hər gün istər rayon mərkəzində, istərsə də kəndlərdə elektrik enerjisi fasilələrlə verilir. Gün ərzində işıqlar 4-5 dəfə söndürülür. Bunun bir səbəbi avadanlıqların, yağ açarlarının, dirəklərin və naqillərin çoxdan istifadə müddətini keçməsi ilə əlaqədardırsa, bir səbəbi də xətlərin həddən artıq yüklənməsi ilə bağlıdır. Ağsunun özündə “şəhər-2” adlanan xətt var ki, gücündən 2-3 dəfə artıq obonentlərə xidmət göstərmək məcburiyyətindədir. Bu barədə həmin ərazidə yaşayan sakinlər və sahibkarlar dəfələrlə “Azərenerji” ASC-nin rəhbərliyinə və digər yuxarı qurumlara yazılı və şifahi şikayətlər ediblər, lakin məsələ ilə maraqlanan olmayıb. Camaat öz vəsaiti hesabına yeni transformator da alıb ki, normal işıqla təmin olunsun, lakin transformator bir ildən yuxarıdır ki, quraşdırılmır. Ağsu EŞ-dən bildirirlər ki, Qəbələ REŞ-in rəhbərliyi buna icazə vermir. Nəticədə əhali tez-tez “yoxa çıxan” 80-100 volt enerjinin ümidinə qalıb...” – deyə, müraciət edənlər yazırlar.

İşıq sahəsindəki digər acınacaqlı vəziyyət kəndlərlə bağlıdır. Bu barədə şikayətçilər belə qeyd edirlər: “... Kəndlərə işıq dirəkləri ötən əsrin 60-70-ci illərində çəkilib. Həmin dirəklər istifadə müddətini çoxdan keçib. Gözünüzlə görsəniz ki, indi həmin dirəkləri çəpərlər, ev divarları, yaxud da məftillər saxlayır, onda vəziyyətin nə yerdə olduğuna əyani şahid olarsınız. Narazılıq bildirəndə isə işıq işçiləri “Azərenerji”dən heç bir mal-material almadıqlarını söyləyirlər. Əvəzində camaat qaranlıqda yaşamağa məhkumdur. Avropadan belə, qaz-işıq satan XXI əsr Azərbaycanının kəndləri işıq üzünə həsrət qalıb. Çox gülməlidir!..”

Kəndlərin elektrik enerjisi ilə təmin olunmasındakı daha gərgin vəziyyət Ləngəbiz xəttindədir. Sakinlər dia.az-a bildirir: “... 7-8 kəndi işıqlandıran bu xətt lap biabırçı vəziyyətdədir. Əgər bu kəndlərdən birində kimsə evinə razetka qoydurursa, yaxud bir həyətdə məftil qırılıbsa, sayğac dəyişdirilirsə, dirək aşıbsa, montyorun zəngilə işıq idarəsi digər kəndlərin də, yəni minlərlə obonentin də işıqlarını söndürürlər, - ta ki, o iş düzələnədək hamı qaranlıqda qalır. Mühəndislərlə əlaqa saxlayanda da, deyirlər, ayrıc yoxdu, ona görə ümumi söndürürük. Daha dərdimizi deyəcəyimiz yer qalmayıb, çünki rayon və enerji rəhbərliyi bu məsələlərlə bağlı dəfələrlə məlumatlandırılıb. Amma nəticə yoxdur...”

Başqa bir müraciətdə isə Ağsunun böyük kəndlərindən olan Bico kəndinin elektrik enerjisi təchizatındakı bohrandan danışılır: “... Kənddə mövcud olan 4 tranformatordan birinin qoruyucuları bir ilə yaxındır ki, yanıb. Ona görə kəndin boyük hissəsi 3 faza əvəzinə 2 faza ilə qidalandırılır ki, buna da işıq demək olmaz. Dəfələrlə rayon başçısına, fövqəladə hallar üzrə başçının müavininə şikayət olunub, əvəzində “biz bilmərik” cavabını almışıq. Dekabr ayında “Azərenerji”yə ünvanlanan məktuba cavab gəldi ki, 2015-ci ilin son gününədək sözügedən transformator əvəzlənəcək. Ancaq bu günədək məsələ həllini tapmayıb. Qeyd edək ki, həmin transformatordan əvvəl onun yerində 450 kv-lıq transformator var idi. Onu təmirə apardılar, əvəzində indiki 150 kv-lıq transformatoru gətirib qoydular. Onun da aqibəti göz qabağındadı, - gücü az olduğundan sıradan çıxdı. Eşitmişik ki, əvvəlki 450-kv-lıq transformatoru icra başçısı təmirdən sonra özünə məxsus təsərrüfat sahələrindən birinə apartdırıb istifadə edir...”

Qəribə deyil ki, redaksiyamıza ünvanlanan müraciətlərin hamısı eyni sonluqla bitir: ” İnanmırıq ki, ölkə rəhbəri, cənab prezident İlham Əliyevin bu olanlardan xəbəri var. Dövlət başçısı elektrik enerjisi sahəsində yeni islahat və dəyişikliklərə start verib. Ümid edirik ki, cənab Prezident bizim də səsimizi eşidəcək və işıq sahəsindəki çətinliklərmizin aradan qaldırılmasında bizə öz göstərişləri ilə yardımçı olacaq!”

Geri qayıt