Əsas Səhifə > Siyasət, Manşet > Rusiyanın qulağının dibində Kremlə ağıllı qaydada ayaqlaşmaq peşəkarlıq tələb edir

Rusiyanın qulağının dibində Kremlə ağıllı qaydada ayaqlaşmaq peşəkarlıq tələb edir


22-01-2015, 10:18
Rusiyanın qulağının dibində Kremlə ağıllı qaydada ayaqlaşmaq peşəkarlıq tələb edir
DİA.AZ: - İlham Əliyevin Berlin səfəri boyunca müşahidə olunanlar Azərbaycanın mühüm bir mərhələyə qədəm basmasından xəbər verməkdədir. Məlumdur ki, Almaniya Avropanın ümumi siyasətini müəyyən edən əsas güclərdən biridir və bu baxımdan İlham Əliyevin Qərblə əsas danışıqları üçün məhz Almaniyanı seçməsi də təsadüfi deyil.

DİA.AZ bildirir ki, bu gün Azərbaycanı balanslaşdırılmış siyasəti səbəbindən az qala hədəfə çevirən Qərb dairələri bəlkə də İlham Əliyevi və onun timsalında Azərbaycan dövlətini xarici siyasət kursunu özləri üçün kəşf etmiş oldular. Hər halda, rəsmi Bakının bir çox məsələlərdə ehtiyatlı davranışlardan çəkindirib, risqlərə təhrik edən Qərb bu gün yaxşı anlayır ki, Azərbaycan öz prinsipləri olan bir dövlətdir və bu prinsiplər artıq Azərbaycan dövlətinin maraqları kimi xarakterizə olunur.

Qərbdə İlham Əliyevin Berlin səfəri zamanı söylədiyi ismarıclar da böyük rezonans doğuracaq. Bu, şübhəsizdir. Onların gözlədiklərinin əksinə olaraq bu gün Kremlə münasibətlərini yaxşı səviyyədə inkişaf etdirən rəsmi Bakı Ukraynanın işğalı məsələsində heç də həmin yaxşı münasibətlərə yox, məhz özünün dövlət maraqlarına söykənərək reaksiya verir.

İlham Əliyevin dünən Berlində «Ukraynanın işğalına son qoyulmalıdır, ərazilər bərpa olunmalıdır» deməsi Avropanın ürəyincə olsa da, Rusiyanın maraqlarına qarşı bir çağırış idi. Amma buna baxmayaraq, bu ifadənin Azərbaycan dövlətinin prinsipial mövqeyi olması da faktdır. Çünki Ukraynada vəziyyətin qarışdığı ilk gündən rəsmi Bakı eyni mövqedə dayanır. Hətta Kremlin bu məsələyə görə basqılarını belə göz önünə alan Azərbaycan dövləti öz maraqlarından nələrinsə müqabilində vaz keçmədi, keçmir də.

Təkcə ona görə yox ki, Azərbaycan da bu gün əraziləri işğal altında olan dövlətlərdən biridir. Həm də ona görə ki, rəsmi Bakı özünün xarici siyasət kursunda artıq prioritet dəyərlərini müəyyən edib və bu yöndə davamlı, səmimi olduğunu dəfələrlə nümayiş etdirib.

İlham Əliyevin Berlin səfərində yaratdığı digər mühüm bir məqam isə Azərbaycan dövlətinin enerji layihələri müstəvisində Qərblə tərəfdaşlıqdan imtina etmədiyini nümayiş etdirməsi faktı idi.

“Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür. 2012-ci ildə TANAP layihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə “Cənub qaz dəhlizi” layihəsinin təməli qoyulub” - deyən İlham Əliyev dünən Berlində Merkellə keçirdiyi brifinqdə onu da əlavə etdi ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb: “Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. “Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək”.

Təbii ki, bununla Azərbaycan yaxşı münasibətlərdə olduğu Rusiyanı qıcıqlandırmaqdadır. Çünki İlham Əliyevin Berlin səfərindən əvəl Rusiya ilə Türkiyə arasında məhz fərqli bir enerji layihəsi barədə razılıq əldə olunmuşdu. Belə olan təqdirdə Azərbaycanın Kremlin maraqlarına zidd alternativ bir layihənin aparıcı ünvanına çevrilməsi faktı yaranır.

Qərb Azərbaycandan bunu tələb edirdi. Bu, Rusiyanın maraqlarına uyğun deyil… Təbii ki, bütün bu faktorlar Azərbaycanın dövlət maraqlarının üstündə dayana bilməz. Elə İlham Əliyevin sübut eləməyə çalışdığı da budur.

DİA.AZ Analitik Araşdırma Qrupu

Geri qayıt