Əsas Səhifə > Siyasət, Manşet > Şok: Bakı dükanlarında halallıq sertifikatı almış donuz əti satılır

Şok: Bakı dükanlarında halallıq sertifikatı almış donuz əti satılır


19-12-2014, 13:30
Şok: Bakı dükanlarında halallıq sertifikatı almış donuz əti satılır
Azərbaycanda “Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə olaraq götürülmüş “Orxan-SS” firmasının istehsal etdiyi “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının laboratoriyada sınaqları aparılıb.Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında DNT ekstraksiyası üsulu ilə aparılan müayinələr nəticəsində üzərində “halal” sözü yazılmış “Kristal CF” əmtəə nişanlı yarım hisə verilmiş “Baranina” kolbasasının tərkibində AZS 731-2012 “Halal qida” standartına zidd olaraq donuz əti və piyi aşkar edilib. Hazırda faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməkdədir.İstehlakçılar arasında “halal” nişanlı məhsullara inamın azalması və istehlakçıların çaşdırılması ilə nəticələnən belə halların qarşısını almaq məqsədilə komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri aparılır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür. Dövlət Komitəsi istehlakçıları onlarda şübhə yaradan, müvafiq sənədləri olmayan məhsulları almamağa, bu cür hallarla qarşılaşdıqda Komitəyə müraciət etməyə çağırır.Qeyd edək ki, "OrxanSS" firmasının halal adı ilə haram məhsullar istehsal etməsinə dair faktları bu ilin yanvarında İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də aşkarlamışdı. Xidmətin yaydığı məlumatda bildirilirdi ki, "Orxan SS" İstehsal-Kommersiya Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi, ev 2B ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib. Müəssisə tərəfindən istehsal olunan "CF" və "KRİSTAL" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal Həvəskar", "Ukrainskaya kopçennaya" kolbasalarının və "Təndir" sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.Bundan başqa, "Ukrainskaya kopçennaya" kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi, "Servelat" kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.Eyni zamanda, "Baranina", "Kristal Həvəskar", "Servelat Xəzər", "Doktorskaya", "Krakovskaya", "Oxotniciye", "Pəhriz", "Servelat" və "Solyami" kolbasaları və "Təndir" sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yalnış məlumatların verildiyi müəyyən edilib. Həmin vaxt Dövlət Xidməti "Qanun pozuntusuna yol vermiş "Orxan SS" İstehsal-Kommersiya Firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir." desə də, görünür, həmin tədbirlər ya həyata keçirilməyib, ya da effektiv olmayıb.
\\ bizimdovr.az \\
Geri qayıt