Əsas Səhifə > Siyasət, Manşet > Xırdalan sakinləri xırda problemləri üçün də prezidentdən kömək istəyirlər...

Xırdalan sakinləri xırda problemləri üçün də prezidentdən kömək istəyirlər...


6-12-2014, 11:22
Xırdalan sakinləri xırda problemləri üçün də prezidentdən kömək istəyirlər...
DİA.AZ: - Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşfiq və Əzizbəyov küçələrində yaşayan bir qrup sakinlərinin redaksiyamıza müraciəti daxil olub. DİA.AZ bildirir ki, prezidentə və bir sıra dövlət rəhbərlərinə ünvanlanan müraciətdə narazı vətəndaşlar xahişdə bulunurlar...

Müraciətdə deyilir: “Hörmətli, Prezident. Sizə müraciət etmək məcburiyyətində qalmağımızın səbəbi inanılmaz dərəcədə sadə bir problemin həll edilməsinə köməklik göstərməyinizi xahiş etməkdir. Çünki bizləri Xırdalan şəhərində eşidən yoxdur. Dərdimizi demək üçün məhəllə sakinləri Abşeron rayon İcra Hakimiyyətinin başçısı hörmətli Zakir müəllimin qəbuluna düşmək istəsək də Aparatın birinci mərtəbəsində qapıda dayanmış polislər şikayətimizin məzmununu öyrənən kimi dərhal bizi qapıdan uzaqlaşdırırlar, qovurlar, qəbula yazmırlar. Görünür, bu zavallılara da belə tapşırıq verilibmiş. Nə isə keçək əsas mətləbə...

Cənab Prezident, biz, Xırdalan şəhəri, Mikayıl Müşfiq və Əzizbəyov küçələrində yaşayan sakinləri narahat edən, 119 saylı avtobusun son iki ildə marşurutunun istiqamətini dəyişərək İcra Hakimiyyətinin qabağından keçməklə M.Rəsulzadə küçəsi üzrə hərəkət etmək əvəzinə, yenidən şəhərin əsas H.Əliyev prospekti üzrə hərəkət etməsidir. Belə olduqda avtobusa minmək üçün minlərlə sakin hər gün 500-600 metr məsafə qət etməklə Rayon Hərbi Komissarlığının yanına gəlirik. Son günlər havaların soyuması isə arvad-oğul-uşağı, ahıl yaşlı xəstələri lap hövsələdən çıxarıb. Bir tərəfdən də qış qapını aldırıb. Biçarə camaat bunun səbəbini 119 saylı avtobus sürücülərindən soruşduqda isə hamısı qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bizim avtobusların Aparatın qarşısındakı küçədən keçməsinə qoyduğu qadağadır. Guya avtobusun hərəkəti zamanı İcra Hakimiyyəti Aparatına səs olur. Bəs əgər səbəb budursa, niyə hörmətli icra başçısı ağır tonajlı yük avtomobillərinin bu küçə üzrə hərəkətinə qadağa qoymur?

Çox hörmətli Prezidentimiz İlham Əliyev. Sizdən çox xahiş edirik ki, məslənin yerində araşdırılaraq qanunamüvafiq ölçü götürülməsinə göstəriş verəsiniz”.

Geri qayıt