Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > "Azəriqaz"da yeyilən milyonlar bu qışın da soyuq keçəcəyindən xəbər verir
"Azəriqaz"da yeyilən milyonlar bu qışın da soyuq keçəcəyindən xəbər verir29-11-2014, 15:26 |
Qış artıq qapıdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin rəsmilərinin açıqlamalarına görə, qarşıdan gələn günlərdə ölkə ərazisində hava şəraiti daha da soyuyacaq. Təbii ki, soyuq havada əhalinin ən çox ehtiyac duyduğu şey istilik, yəni mavi yanacaqdır. Təəssüf hissi ilə bildirmək istəyirik ki, ölkəmizdə hər il qış mövsümündə mavi yanacaqla bağlı ciddi problemlər yaşanır. Bu haqda mətbuat səhifələrində dəfələrlə məlumat verilib. Amma heç bir xeyri yoxdur ki, yoxdur. ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin yetkili şəxsləri hər payız-qış mövsümündən öncə qışa hazırlığın yüksək səviyyədə aparıldığını, köhnə qaz xətlərinin yeniləri ilə əvəz edildiyini və əhalinin soyuq günlərdə heç bir problemlə üzləşməyəcəyini bildirirlər. Lakin qurumdan verilən açıqlamalar çox vaxt özünü doğrultmur. Elə ki, havalar kəskin soyuyur, yağış və qar yağır əksər qəsəbələrdə qaz sanki qeybə çəkilir. Hələ ki, havalar o qədər də sərtləşməyib. Amma mavi yanacağın verilməsində tez-tez fasilələr yaranır. "Azəriqaz"da təmsil olunan səlahiyyətli şəxslər sanki mətbuata "Bu rayonlarda qaz olmayacaq" başlığı altında xəbəri verməyə vərdiş ediblər. Bu xəbərləri eşitməkdən qulağımız artıq "mazol" olub. Birliyin baş direktoru Əkbər Hacıyev vəzifəyə təyin olunduğu 5 il ərzində özünü müsbət tərəfdən göstərə bilməyib. O mətbuata qapalı olan məmurlardan biri kimi tanınır. Baş direktor nadir hallarda jurnalistlərin qarşısına çıxıb onların suallarını cavablandırır. Bəlkə də, birlik rəhbəri mətbuat işçilərinin qarşısına bilərəkdən çıxmır. Yəqin Əkbər müəllim düşünür ki, birdən jurnalistlər cavablaya bilməyəcəyi suallar ünvanlayıb onu çətin duruma salarlar. Axı nə də olmasa Əkbər Hacıyev bu sahəyə yad adamdır. Məhz sözügedən məmurun əmək fəaliyyəti dövründə bir gün belə mavi yanacaq sektorunda işləməməsi ölkə əhalisinin qazla təminatının aşağı düşməsinə gətirib çıxarıb. Bu gün həm paytaxtda, həm də bölgələrdə insanlar keyfiyyətli şəkildə mavi yanacaqla təmin edilmirlər. Qaz xətlərində qeydə alınan qəzalar və digər problemlər vətəndaşların soyuq qış günlərində donmasına səbəb olur. Qeyd olunan problemlə bağlı vətəndaşlar rəsmi dövlət qurumlarına ardı-arası kəsilməyən şikayət məktubları ünvanlasalar da, bir nəticəsi yoxdur. Qeyd edək ki, "Azəriqaz"ın normal fəaliyyət göstərməməsi məsələsi hər qış gündəmə gəlir. ARDNŞ rəhbərliyi səviyyəsində isə üzə çıxan nöqsanlara reaksiya verilmir. Xatırladaq ki, ölkə prezidenti cənab İlham Əliyev vətəndaşların mavi yanacağa olan tələbatının ən yüksək səviyyədə ödənilməsi üçün Əkbər Hacıyevə müvafiq tapşırıqlar verib. Və hər il dövlət büdcəsindən əhalinin qazla təminatının yaxşılaşdırılması məqsədilə külli miqdarda vəsait yaranır. Hansı ki, həmin vəsaitlərlə ən ucqar dağ kəndlərinə belə qaz xətti çəkmək mümkündür. Sual olunur: bu qədər pul hara sərf edilir ki, hər gün paytaxtda, eləcə də bölgələrdə qazın verilişində fasilələr yaranır? Ekspertlər hesab edir ki, əgər büdcədən ayrılan vəsaitlər son qəpiyinə kimi nəzərdə tutulan layihələrə sərf edilsə, onda vətəndaşların böyük qismi fasiləsiz şəkildə mavi yanacaqla təmin olunmaq imkanı əldə edər. Mütəxəssislərin fikrincə, "Azəriqaz" İstehsalat Birliyinin yerli qaz istismar idarələrinin bir çoxunda özbaşınalıq hökm sürür və idarə rəisləri işlərini özlərinə sərf edən formada təşkil edirlər. Bu səbəbdən də ölkə əhalisinin mavi yanacaqla təminatı olduqca pis vəziyyətdədir. "Azəriqaz" İstehsalat Birliyinin mərkəzi aparatında yer alan şəxslərin, həmçinin yerli qaz istismar sahələrinin rəislərinin fəaliyyəti onu deməyə əsas verir ki, sözügedən qurumdan yaxın gələcəkdə perspektiv gözləmək əbəsdir. Başqa sözlə desək, "Azəriqaz"da sabiq sədr Əlixan Məlikovun ənənələrinə hələ də son qoyulmayıb. Neçə ki, köhnə rəhbərliyinin zamanından qalan problemlər həllini tapmayıb və baş direktor tutduğu vəzifədən çıxarılmayıb vətəndaşların qazla təminatının yaxşılaşacağına ümid etməyə dəyməz. \\ gundelik-baku.com \\ Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |