Əsas Səhifə > Siyasət, Manşet > Göygöl rayon İcra Hakimiyyətində nə baş verir?

Göygöl rayon İcra Hakimiyyətində nə baş verir?


14-11-2014, 11:30
Göygöl rayon İcra Hakimiyyətində nə baş verir?
“Təzadlar”a daxil olmuş şikayət məktublarından biri də Göygöl rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyəti barədədir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şikayət ünvanlayan (surəti “Təzadlar” qəzeti redaksiyasına) şikayətçi isə YAP üzvü, Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, SDU-nun magistri, ön xətdə zabit kimi qulluq etmiş, ehtiyatda olan leytenant, Dövlət Qulluğu Komissiyasının keçirdiyi imtahanlardan uğurlu nəticə əldə edərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinə məsləhətçi təyin edilmiş Məmmədov Şahin Şakir oğludur.

Bəs şikayətə səbəb nədir?

Dünən şikayət məktubunda qeyd olunanlarla bağlı əvvəlcə məktub müəllifi Şahin Məmmədovla telefon əlaqəsi saxladıq. Ş.Məmmədov şöbənin rəhbərliyi barədə yazdıqlarına, necə deyərlər, başı ilə cavabdeh olduğunu bildirdi... Həmçinin qarşı tərəfin də əlaqə vasitələrini bizə bildirərək, Şərqiyyə Hümbətovanın da mövqeyini öyrənməyimizi məsləhət bildi. Amma onu da qeyd etdi ki, “Onsuz da qarşı tərəf günahsız olduğunu deyəcək... Amma mən istərdim ki, qeyd etdiyim faktları araşdırasınız və qarşı tərəf quru sözlə deyil, konkret faktla bunu təkzib edə bilsin. Əks halda, istərdim ki, araşdırdığınız faktları Baş Prokurorluğa və ya digər aidiyyəti qurumlara göndərəsiniz. Hansı ki, Azərbaycan CPM-nin tələblərinə görə, istintaq orqanı KİV-in təqdim etdiyi məlumat əsasında təhqiqat aparmağa borcludur...”.
Beləliklə, qarşı tərəf olaraq Ş.Hümbətova ilə də əlaqə saxladıq. Bu barədə əlavə bəhs olunacaq. Hələlik isə şikayətçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, surəti “Təzadlar”a ünvanlı məktubundakı bəzi faktlara toxunaq.
Şikayətçi Ş.Məmmədov yazır:
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə!
Surəti “Təzadlar” qəzeti redaksiyasına!
Hörmətli Kamran müəllim!
Bildirirəm ki, mən Məmmədov Şahin Şakir oğlu YAP üzvüyəm, Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm və SDU-nun magistriyəm. Cəbhənin ön xəttində zabit kimi qulluq etmişəm, ehtiyatda olan leytenantam, Dövlət Qulluğu Komissiyasının keçirdiyi imtahanlardan uğurlu nəticə əldə edərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinə məsləhətçi təyin edilmişəm. Amma sonradan şöbənin müdiri Şərqiyyə Hümbətovanın bir sıra qanunsuz hərəkətlərini görərək vicdanımın səsi ilə hərəkət edib etirazımı bildirmişəm. Çünki ən azı məni bu vəzifəyə təyinat etmiş Dövlət Qulluğu Komissiyasının etimadına kəm baxa bilməyəcəyimi qeyd etmişəm. Bundan sonra şöbə müdiri Ş.Hümbətova məni işdən kənarlaşdırmağa və gözümçıxdıya salmağa qərar vermişdir. Dəfələrlə Göygöl RİH başçısına etdiyim müraciətlər də səmərəsiz qalıb, sanki Ş.Hümbətovaya xüsusi status verilmişdir.
Hörmətli Kamran müəllim!
Şöbə müdiri Ş.Hümbətovanın etiraz etdiyim qanunsuz hərəkətləri barədə məlumat vermək istəyirəm. Hansı ki, bu barədə ilk dövrlər xanım şöbə müdirinə məruzə edərək tədbir görməsini xahiş edib gözləmişəm. Bu isə onun xətrinə dəyib, məni onun tələb və şərtlərinə uyğun gəlməyən kadr kimi işdən kənarlaşdırmağımı ortaya qoyub.
Diqqətinizə çatdırıram ki, Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir, araşdırmır. Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müraciət etmişəm. Həmin müraciət aidiyyatı üzrə Göygöl Rayon İcra Hakimiyyətinə göndərilmişdir.

“Bəlkə ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır?”

Göygöl rayon İcra Hakimiyyətindən isə həmin müraciət əsassız hesab olundu. Bəlkə ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır? Yalandan əvvəlki tarixlərdə olan müraciətin yoxlanılmasınının cavabını göndərirlər. Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir. Halbuki, açıq-aydın göstərirəm ki, 1 aprel, 26 aprel 2013-cü il tarixli Əmrdən çıxarışlarda büdcə vəsaitləri artıqlaması ilə xərclənib. İnventar və avadanlıqlar bilərəkdən artıq qiymətə alınıb. Baxmırlar və baxmaq istəmirlər. Ölkə Prezidentinin göstərişlərinə əməl etmirlər. Həmin konkret faktları Sizə tqdim etməyə hazıram.
Şərqiyyə Hümbətova indi də öz oğlu Ceyhun Hümbətovu Göygöl rayon İcra Hakimiyyəti vastəsilə Göygöl rayon Gənclər və İdman İdarəsində məsləhətçi vəzifəsinə yerləşdirib. DQMK-da həmin vəzifənin tutulma şərtlərinə görə həmin vəzifədə yalnız və yalnız bədən tərbiyəsi və idman, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə ali təhsil almış şəxslər işləyə bilərlər. Belə haqsızlıq olarmı? Ceyhun Hümbətov isə tarix fakültəsini bitirib, ancaq Şərqiyyə Hümbətovanın oğludur deyə həmin vəzifəni tutmalıdır? Heç olmasa ixtisası uyğun gəlməlidir. Bəs onda bizlər ali təhsil ocaqlarında hansısa ixtisas üzrə niyə oxuyuruq???
Ş.Hümbətova digər oğlunu isə Göygöl rayon Çaylı kənd İcra Nümayəndəliyinə müavin vəzifəsinə yerləşdirib. İkisini də eyni gündə, ikisini də dövlət qulluğuna. Necə ola bilər ki, digər gənclər imtahan verib dövlət qulluğuna qəbul edilirlər, Şərqiyyə Hümbətovanın oğlanları isə birbaşa, ixtisasları və ya əvvəlki iş təcrübələri həmin vəzifəyə uyğun gəlmədiyi halda. Bütün bu hallara Göygöl rayon İcra Hakimiyyəti heç bir reaksiya vermir.
Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həm də “ƏDİRƏF” MMC-nin sahibidir. “ƏDİRƏF” MMC Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır, tenderə girilmədən, Satınalmalar üzrə Dövlət Agentliyindən keçmədən müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəsaiti israf edilir. Bildiyiniz kimi Dövlət Qulluğu haqqında qanuna görə dövlət qulluqçusu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Dövlət qulluqçusunun sahibkarlıqla məşğul olması korrupsiya hüquqpozması sayılır. Bu da sübut:
Kommersiya qurumunun adı: “ƏDİRƏF” MMC
Dövlət qeydiyyatına alındığı tarix: 27.02.2013
Hüquqi ünvanı: Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 01, m.10
MMC-nin sahibi Fəridə Allahverdiyeva Mayıl qızı.
Bu faktı Vergilər Nazirliyindən dəqiqləşdirə bilərsiniz. Bu fakta Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə İdarəsi heç bir reaksiya vermir. Açıq-aydın qanun pozuntusuna göz yumurlar. Qanunlara hörmət etmirlər.
Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Şərqiyyə Hümbətovanın heç bir ali təhsili olmayan işçisi Qurbanov Ayaz Bülqədər oğlunu Rayon Mədəniyyət Mərkəzinə direktor təyin etməsinə heç bir reaksiya vermir. Necə ola bilər ki, yalnız çilingər ixtisası almış, texnikum təhsili olan şəxs 60 minlik rayonun Mədəniyyət Mərkəzində direktorluq etsin? Bunu yalnız fəaliyyətinə nəzarət edilməyəcəyini düşünən Ş.Hümbətova edə bilər. Göygöl rayon İcra Hakimiyyəti isə bu faktı bilsə də Ş.Hümbətovaya heç xəbərdarlıq da etməyib.
Hörmətli Kamran müəllim!
Bütün bu göstərdiklərim faktlar korrupsiya fəaliyyətidir və hesab edirəm ki, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən qanunsuz halların yalnız bir hissəsidir. Bütün bu hallar barədə Göygöl rayon İcra Hakimiyyəti və rayonun maliyyə şöbəsi xəbərdar olsalar da heç bir tədbir görmürlər. İnanıram ki, Sizin bu faktların araşdırılmasına bir göstərişiniz yetərli olacaq və adı çəkilən şöbədə çoxsaylı qanun pozuntuları aşkarlanacaq.
Hörmətlə, şikayətçi Şahin Məmmədov

Şərqiyyə Hümbətova: “Şahin Məmmədovun başı çatmır, o dəlidir, psixdir...”

Şikayət məktubunda barəsində çoxsaylı ittihamlar səslənən Şərqiyyə Hümbətova ilə də əlaqə saxladıq. Məktubun mahiyyətini eşidən kimi əsəbiləşən xanım şöbə müdiri dedi:
- Şahin Məmmədov ağlına gələni danışır, o, dəlidir, psixdir, onun başı çatmır...
- Şərqiyyə xanım, Şahin Məmmədovun redaksiyaya təqdim etdiyi sənədlərdən belə məlum olur ki, o, Dövlət Qulluğu Komissiyasının təqdimatı ilə sizin şöbəyə məsləhətçi kimi məsul vəzifəyə təyin olunub. Belə vəzifəyə gələnlərin isə sağlamlığı və psixi durumu yoxlanılır... Sizdə onun dəli olması barədə həkim arayışı varmı?
- Onun hərəkətləri bunu deməyə əsas verir... Olarmı, mən sizinlə bir az sonra əlaqə saxlayım, hər şeyi danışım?..
- Buyurun...
Amma qəzet çapa gedənədək gözləsək də, xanım müdir zəng etmədi.
***
Yazı çapa gedərkən şikayətçi Ş.Məmmədov redaksiyanın elektron poçtuna əlavə sənədlər göndərdi. Növbəti yazıda bu barədə bəhs olunacaq.
\\ tezadlar.az \\
Geri qayıt