Əsas Səhifə > Siyasət, Manşet > Kremlin Qarabağ probleminin həlli ilə bağlı ŞOK PLANI - Dağlıq Qarabağ Muxtar Respublikası yaradılır

Kremlin Qarabağ probleminin həlli ilə bağlı ŞOK PLANI - Dağlıq Qarabağ Muxtar Respublikası yaradılır


16-10-2014, 09:47
Kremlin Qarabağ probleminin həlli ilə bağlı ŞOK PLANI - Dağlıq Qarabağ Muxtar Respublikası yaradılır
DİA.AZ: - Redaksiyamıza Qarabağ probleminin həlli ilə bağlı danışıqlar masasında ilginc məcraya gəlinməsilə bağlı məlumat daxil olub. Diplomatik qaynaqlardan DİA.AZ-a verilən informasiyaya görə, son zamanlar problemin həllində əsas açar olduğunu açıq şəkildə diqqətlərə çatdıran və bu yöndə xüsusi fəallıq nümayiş etdirən Kreml Bakı və İrəvana problemin həlli ilə bağlı öz mövqeyini çatdırıb.

Məlumatlı mənbə dia.az-a Rusiyanın təkliflərinin detallarını açıqlayıb:

«Kremlin təklifinə görə, Ermənistan qarşıdakı üç il ərzində, yəni 2017-ci ilə qədər Qarabağ ətrafı 7 rayondan geri çəkilməlidir. Bunun ardından bölgədə artıq həmin ərəfədə özünün həm də hərbi ittifaqını yaradacaq Avrasiya Birliyinin (Azərbaycan da bu birliyə qoşulmalıdır…şərtə görə -red.) Azərbaycan və Ermənistandan olmayan hərbi heyəti yerləşdiriləcək və bu heyətə sülhməramlı missiya təhkim olunacaq.

Bu prosesə paralel olaraq Azərbaycan regioondakı iki iri layihədə Ermənistanın iştirakını təmin edəcək. Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədləri açılacaq.

Qarabağa xüsusi status - Azərbaycan Konstitusiyasında Naxçıvan Muxtar Respublikasına tanınan status səviyyəsində hüquqi imkanlar tanınacaq. Bundan əlavə, Azərbaycan konstitusiyasına Qarabağla bağlı əlavə və dəyişikliklər ediləcək, Dağlıq Qarabağ Muxtar Respublikasında dövlət dili kimi həm də erməni dili kimi rəsmən qəbul olunacaq. Yaranacaq Dağlıq Qarabağ Muxtar Respublikasına öz polisini və daxili qoşunlarını saxlama hüququ veriləcək. Amma ərazidə Azərbaycanın hərbi birləşmələri deyil, 20 il ərzində Avrasiya Birliyinin hərbi hissələri yerləşdiriləcək.

DQMR-ə özünün ayrıca muxtar respublika büdcəsini formalaşdırma imkanları tanınacaq.

DQMR-nın idarə olunmasında ermənilərlə yanaşı, azərbaycanlıların da hüquqları tanınacaq.

Azərbaycanlılar və ermənilərin birgə, yanaşı yaşayışının təmin olunması məqsədilə rəsmi Bakının nəzarəti altında müxtəlif layihələr, tədbirlər həyata keçiriləcək».

Mənbəmiz dia.az-a bildirir ki, bununla yanaşı, bir sıra digər nüanslar da Rusiyanın təkliflər paketində yer alıb. Və anlaşılanı odur ki, Kreml işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki separatçı rejimə yarımmüstəqilliyə bərabər hüquq vermə təşəbbüsləri tam olaraq ortadadır.

Mənbə onu da əlavə edib ki, rəsmi Bakı bu şərtlərə bəzi redaktə xarakterli şərtləri ilə razılaşsa da, Ermənistan tərəfi Rusiyanın qeyd olunan təklifini qəti surətdə rədd edib.

Geri qayıt