Əsas Səhifə > Siyasət, Manşet > Amerika yenə də Azərbaycan hakimiyyətinə elçilərini yollamaq zorunda qalacaq

Amerika yenə də Azərbaycan hakimiyyətinə elçilərini yollamaq zorunda qalacaq


15-09-2014, 10:55
Amerika yenə də Azərbaycan hakimiyyətinə elçilərini yollamaq zorunda qalacaq
DİA.AZ: - Bu gün Rusiya-Ukrayna cəbhəsindəki atəşkəsin müvəqqəti xarakter daşıdığını sübutlamağa elə də ciddi arqument lazım deyil. Atəşkəsin imzalanmasına baxmayaraq, yalnız böyük hərbi əməliyyatların durdurulduğu göz önündədir. Kiçik miqyasda hərbi toqquşmalar isə davam edir.

Əslində atəşkəs qərarının daha çox Rusiyanın işinə yaradığı bir faktdır. Krımın işğalını rəsmiləşdirən Rusiyaya lazım idi ki, arada bufer zona yaratsın və beynəlxalq ictimaiyyəti də bu bufer zona ilə hesablaşmağa vadar etsin. Atəşkəsi imzalayan tərəflərin birini isə Ukraynadakı separatçıların təşkil etməsi Kremlin istəyinə çatmasının açıq göstəricisidir.

Azərbaycana isə bu ssenari çox tanışdır. Sovetlər Birliyi dağıldıqdan sonra Qarabağın işğalı ilə yanaşı, Qarabağ ətrafı rayonlarını da itirən Azərbaycan məhz Rusiyanın planına uyğun olaraq bu gün ilkin olaraq ermənilərin bufer kimi istifadə etdikləri ara rayonların geri qaytarılması qayğısı ilə məşğuldur.

Və bu gün eyni ssenarinin hədəfində olan Ukraynanın əslində Krımı unutmağa meyilli olduğu da aydın şəkildə görünür.

Bu arada Ukraynanın keçmiş prezidenti Leonid Kuçma isə özünün açıqlaması ilə Krım mövzusuna yeni salar qatmış oldu. Keçmiş prezident Krımın əski Rusiya torpağı olduğunu iddia edən Kreml təmsilçilərinə «Əgər iş elədirsə, Krımın gerçək sahibləri olan tatarlar referendum keçirərək, Krımın Türkiyəyə birləşməsinə nail ola bilərlər» şəklində bir cavabı ilə diqqətə gəldi.

Amerika yenə də Azərbaycan hakimiyyətinə elçilərini yollamaq zorunda qalacaq

Təbii ki, bu gün belə bir referendumun keçirilməsi gözlənilən və inandırıcı deyil. Artıq Rusiya Krımı özünün bir dövlət subyekti kimi elan edərək, bu qərarını rəsmiləşdirib. Yəni Krıma qarşı istənilən bir iddia Rusiyaya qarşı səslənən iddia olaraq qəbul ediləcək. Bu vaxta qədər Rusiya heç bir keçmiş sovet respublikasının ərazisi ilə bağlı anoloji addımı atmamışdı və bu ilk olan hadisə belə deməyə əsas yaradır ki, artıq Ukrayna Krım itkisi ilə barışmaq zorundadır. Elə buna görə də əli Krımdan üzülən ukraynalılar Krımı Türkiyəyə verməyə belə hazır kimi görünürlər. Təki Rusiyaın olmasın…

Amma fakt faktlığında qalır və hətta dünyanın özü də Krımın Rusiya ərazisi kimi tanınmasına məcbur qalacaq. Bunu bu gün Rusiyaya qarşı aqressiv kimi görünərək təzyiqlərə, sanksiyalara əl atan Avropa Birliyi və ABŞ rəhbərliyi də edəcək. Gözləniləndir. Hər zaman güclə hesablaşan və yalnız zəiflərə şərtlərini diqtə edən Qərbin belə bir əhvalını indidən də hiss etmək olar. Hər halda, keçən həftə 10 mindən avropalının Putindən və Rusiyadan üzr istəməsi təsadüfi bir olay deyil. Avropada körüklənən antiAmerika ovqatı hər zaman ciddi hadisə kimi qəbul olunub və bu gün müsəlmanlara qarşı böyük pullar xərcləyən Avropa və ABŞ-ın nəhayətdə içilərindən böyük təlatümlərə uğrayacaqları da şübhəsizdir.

Rusiyanın sanksiyalar hesabına yıxılmasına gəlincə isə, qoca Rusiyanın bu konuda təcrübəsi kifayət qədərdir. Ən azından «dəmir pərdə» dövrünü yaşamış SSRİ-nin varisi olan Rusiyanın daha 70 il üçün yetərli nəfəsi var.

Amma Avropa, ABŞ necə… buna dözəcəklərmi? Təbii ki, indidən Rusiyaya qarşı səngərdə dağınıqlıq hiss olunandır. Artıq Rusiya da o Rusiya deyil ki, SSRİ-ni «bubli-qum»la, «snikers»lə yıxan Qərbin «upakovka»sı gözəl məhsullarının girovuna çevrilsin.

Təbii ki, belə bir əsnada daha çox diqqətə gələni, bizim üçün ən çox mühüm olanı Azərbaycana olan və olacaq münasibətdir. Məlumdur ki, Azərbaycan bu məsələdə kifayət qədər ağıllı bir xətti yürütdü. Rusiyanın işğalçılıq siyasəti dəstəklənmədi, amma buna rəğmən Amerika və Qərbin də Ukrayna üzərindəki oyunlarına rədd cavabı verildi. Azərbaycan Rusiyanın təzyiqi qarşısında əlavə benzin çəlləyi rolunu oynamaqdan imtina etməsiylə əslində bir siyasi seçim də etmiş oldu.

Bunu anlamaq lazım idi. Və dünyanın da anlayışla qəbul etməsinə ehtiyac var idi. Görünəni də odur ki, artıq Avropa Azərbaycanın məlum qərarına sayğı ilə yanaşmaqdan başqa bir şansa malik deyil. Hər halda, bəzilərinin «Qərb Azərbaycanın xarici banklardakı hesablarına həbs qoyacaq» açıqlamalarının özünü doğrultmaması və Avropanın Azərbaycanla enerji məsələsində münasibətlərini davam etdirmə barədə verdiyi qərar da dediklərimizin təsdiqi kimi qəbul oluna bilər.

Bəli, artıq Avropa Azərbaycanın seçiminə normal reaksiyasını verib. Bundan faydalanan isə təbii ki, tək Azərbaycan olacaq. Rəsmi Bakı daha çox hesablanmamış addımları və hesaba gəlməyən gücü ilə nəzərə çarpan Rusiyanın aqressiyasından xilas olmaqla yanaşı, özünün müstəqil enerji siyasətini də davam etdirmiş oldu. Bu hadisə Azərbaycanın uğurudur və ağıllı gedişlərin nəticəsidir.

Bundan sonra nə baş verəcək?

Təbii ki, hələlik ABŞ və ABŞ-ın nəzarətində olan təşkilatlar rəsmi Bakıya qarşı aqressiv kimi görünürlər. Amma bu tipli hadisələr də çox yaşanılıb. Bu tili gərginliklər də yetərincə müşahidə olunub. Sonradan hər şey qaydasına düşüb. Yenə də belə olacaq. Çünki ABŞ heç bir zaman Azərbaycanı itirməəcək. Azərbaycan Avropadan fərqli olaraq, ABŞ-a təkcə benzin çəlləyi kimi lazım deyil, həm də regionda mühüm açar rolunu oynayır. Ona görə də yaxın günlərdə ABŞ-ın yenidən rəsmi Bakıya meyillənəcəyini gözləmək lazımdır.

DİA.AZ analitik araşdırma qrupu

Geri qayıt