Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət daxilində «məxməri inqilaba» bərabər dəyişikliklər gözlənilir

Hakimiyyət daxilində «məxməri inqilaba» bərabər dəyişikliklər gözlənilir


13-05-2014, 10:05
Hakimiyyət daxilində «məxməri inqilaba» bərabər dəyişikliklər gözlənilir
DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyət daxilində ciddi gərilmələr müşahidə olunur. Təbii ki, bu gərilmələrdə kənardan təsirlər də yetərincə hiss olunandır. Ən azından iqtidar düşərgəsindəki «nurçu ovu»nda Türkiyə izinin aşkar surətdə göründüyü aydındır. Paralel olaraq isə Rusiyanın ağırlığı ilə də hakimiyyət daxilində müəyyən balans dəyişiklikləri baş verməkdədir. Son zamanlar Kremllə yumşaq dildə danışmaq zorunda qalan rəsmi Bakı Azərbaycanı Ukraynadakı məlum təhlükədən sığortalamaq üçün çox ciddi güzəştlərə gedib.

Xatırladaq ki, son prezident seçkiləri ərəfəsində də Rusiyanın ciddi təzyiqləri müşahidə olunurdu. Həm Azərbaycan müxalifəti ilə ortaqlıq edən, həm də Moskvada «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı qurumu yaradaraq Bakının üzərinə gələn Kreml bu gedişləri ilə əslində Azərbaycan iqtidarından istədiklərini almağa müvəffəq olmuş kimi görünməkdədir.

Amma burada bir məqam var. O da Azərbaycanın xarici siyasəti ilə bağlıdır. Rəsmi Bakı özünün ənənəvi kursuna sədaqətini davam etdirir ki, bu da Rusiya ilə Azərbaycanın ortaqlığının heç də geniş miqyaslı olmamasından xəbər verməkdədir. Azərbaycan ənənəvi balanslaşdırma siyasətinə uyğun gedişlərini edir. Hətta İranla münasibətlərində belə İsrailin, İsraillə münasibətlərindəsə İranın maraqlarını nəzərə aldığını nümayiş etdirir.

Ən ilginc olanlar isə bütün bu gərginliklərin iqtidar daxilindəki münasibətlərə təsir etməsilə baş verənlərdir. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, kənar təsirlər nəticəsində iqtidar daxilində dəngələr bundan sonra da oynayacaq. Belə ki, ələ düşən fürsəti dəyərləndirən məlum dairələr rəqiblərini sıradan çıxara bilmələri üçün imkanlarını səfərbər ediblər.

Məlumatlı mənbənin dia.az-a bildirdiyinə görə, bu günlərdə çox ciddi dəyişikliklər baş verməlidir: «Çünki vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil. Hazırki vəziyyət status-kvo kimi qəbul edilir. Amma hücumlar boşundan deyildi. Mətbuatda aparılan kampaniyaların sonucu olmalıdır. Əks halda reputasiyaları kifayət qədər zədələnmiş məmurlarla yola davam deyilməsi ümumiqtidar maraqlarının özünü təhdid edəcək, təhlükə altına salacaq».

Mənbəmiz iddia edir ki, artıq bu məsələ hakimiyyətin üst düzəyində də geniş şəkildə müzakirə olunub: «Sadəcə olaraq proses «ağrısız» şəkildə yola verilməlidir».

Geri qayıt