Əsas Səhifə > Siyasət, Manşet > İran prezidenti İlham Əliyevə şok təkliflər hazırlayıb - Azərbaycan və Ermənistan ortaq layihədə?!!

İran prezidenti İlham Əliyevə şok təkliflər hazırlayıb - Azərbaycan və Ermənistan ortaq layihədə?!!


4-04-2014, 09:37
İran prezidenti İlham Əliyevə şok təkliflər hazırlayıb - Azərbaycan və Ermənistan ortaq layihədə?!!
DİA.AZ: - Məlum olduğu kimi, İlham Əliyevin İrana səfəri planlaşdırılır. Bu səfərin əhəmiyyətiylə bağlı bu günə qədər müxtəlif səpgili informasiyalar yayılıb. Bu arada isə İran mətbuatında İlham Əliyevin İran səfəri ilə bağlı Azərbaycanda böyük rezonansa nədən olacaq bir məlumat yayılıb.

DİA.AZ bildirir ki, əslində buna qədər də Azərbaycan prezidentini Tehranda mühüm danışıqların gözlədiyi barədə müxtəlif xəbərlər yayılmaqda idi. İranın bu səfərdən xüsusi gözləntilərinin olmasını isə bu ölkənin prezidenti Həsən Ruhani açıqlayıb.

Bu barədə «arannyus» portalında yer alan informasiyadan aydın olur ki, İlham Əliyevin İran səfərini səbirsizliklə gözləyən Ruhani Azərbaycan prezidenti ilə danışıqlarının predmeti barədə açıqlama verib.

DİA.AZ İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən və dünənə qədər özünün antiAzərbaycan ruhu ilə fərqlənən «arannyus» portalında yer alan həmin informasiyanı diqqətinizə təqdim edir: «Ölkə Prezidenti doktor Ruhani ölkənin Azad Zonaların müdirləri ilə iclasında söz verib ki, Azərbaycan Prezidentinin bu yaxınlarda baş tutacaq Tehrana səfəri çərçivəsində Culfa dəmir yolunun Azərbaycan Respublikasına və bu vasitə ilə Ermənistan və Avropaya birləşdiriləcəyi mövzusu gündəlikdə dayanır və bununla da Araz və Maku Azad Zonalarının ticarət şəraitləri daha da genişlənəcək.

Azad Zonalar Katibliyinin Əlaqələndirmə Şurasının ictimai əlaqələr ofisindən verilən məlumata əsasən, Prezident höccətul-islam vəl-müslimin doktor Ruhani ölkənin Azad Zonalarının İranın inkişafı və müqavimət iqtisadiyyatındanın gerçəkləşməsindəki rolunu çox önəmli adlandırıb».

İran prezidenti İlham Əliyevə şok təkliflər hazırlayıb - Azərbaycan və Ermənistan ortaq layihədə?!!

Göründüyü kimi, İlham Əliyevə İranda Ermənistanla ortaq layihənin təklif ediləcəyi gözlənilir. Onu da bildirək ki, buna qədər rəsmi Tehran Bakını belə bir layihəyə razı sala bilməsi üçün müxtəlif təxribat xarakterli addımlara girişmişdi. Həmin təxribat xarakterli addımlardan biri isə İranın Azərbaycan dövlətinin razılığı olmadan işğal olunmuş Qarabağdan Ermənistandan keçməklə yeni tranzit xəttinin inşasına nail olma təşəbbüsləri idi.

Təbii ki, İranda bu işin baş tutmayacağını yaxşı bilirdilər və anlaşılanı da o idi ki, bu yolla rəsmi Tehran sadəcə olaraq Bakının əsəbləri ilə oynamağı qəsd edir.

Amma İranda anlamırlar ki, bu dəfə də İlham Əliyevə təklif olunan layihə heç bir halda baş tuta bilməz. Hər halda, bu günə kimi kifayət qədər prinsipial dəst-xətti ilə seçilən Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla hər hansı ortaq layihədə olmayacağını qəti surətdə bəyan edib. Elə buna görədir ki, əslində Azərbaycana baha başa oturan BTC və digər bu kimi layihələr Ermənistan yox, Gürcüstan ərazisindən keçməklə reallaşdırılır.

Dia.az bildirir ki, bu, həm də Azərbaycan dövlətinin siyasətidir ki, Ermənistanı bütün mühüm beynəlxalq layihələrdən təcrid etsin. Belə bir şəraitdə İranın Azərbaycanı Ermənistanla ortaq layihəyə razı salmasının qeyri-mümkünlüyünü bəri başdan söyləmək olar. Yəni İlham Əliyev bütün diplomatik jestlərin ediləcəyi təqdirdə belə İrana rədd cavabı verəcək. Çünki bu, Azərbaycan dövlətinin siyasətidir.

Geri qayıt