Əsas Səhifə > Siyasət, Manşet > Rəsmi Bakı ilə Kreml arasında geopolitik müzakirələr başlayıb

Rəsmi Bakı ilə Kreml arasında geopolitik müzakirələr başlayıb


24-03-2014, 13:12
Rəsmi Bakı ilə Kreml arasında geopolitik müzakirələr başlayıb
DİA.AZ: - Rusiyanın Ukraynada bu gün törətdiyi əməllər bu ölkənin keçmiş sovet məkanı üçün deyil, bütövlükdə olaraq Avrasiya məkanı üçün ciddi təhlükə olduğunu ortaya qoymaqdadır. Yəni günlərin birində Kremlin Şərqi Avropaya da iddia edəcəyini gözləmək olar. Keçmiş SSRİ respublikaları artıq indidən əndişədədir. Çünki rəsmi Moskvanın davranışları və bu prosesin qarşısının alınmazlığı hər bir keçmiş sovet repspublikasının Ukraynanın başına açılan müsibətlərdən sığortalanmadığının göstəricisidir.

DİA.AZ bildirir ki, əslində Azərbaycan Rusiyanın məlum «ayı siyasəti»ndən nəsibini zamanında alıb. Yəni Qarabağ itiyinin arxasında Rusiya faktorunun dayandığı əvvəlindən də bəlli idi. Ukraynada baş verənlər isə bu iddiaları möhürlədi. Əslində belə bir möhürə ehtiyac da yox idi. Çünki Azərbaycanın öz torpaqlarını azad edəcəyi ilə bağlı açıqlamalarının hər dəfəsində cavab reaksiyasının Rusiyadan gəlməsi də məsələnin nə yerdə olduğunu göstərməkdə idi.

Təbii ki, bütün bunlardan daha çox qayğılanmalı olan tərəf özünü Rusiyanın qarşısındakı səngərin favorit qüvvəsi hesab edən Amerikadır. Amma görüntüdə olanı da odur ki, Kremlin «ayı siyasəti» - «ruskaya tupost» xarakteri okeanın o tayındakıları əməlli-başlı qorxuya salıb.

Rusiyadan gələn «Amerikanı nüvə külünə döndərərik» hədəsi öz işini görüb. Odur ki, bundan sonra baş verəcəklər daha böyük təhlükələrdən xəbər verməkdədir.

Bu barədə DİA.AZ-a fikirlərini bölüşən hökumət içindəki bilgili mənbə maraqlı məqamlara toxunub: «Azərbaycan hökuməti Ukraynada baş verənləri diqqətlə izləyir. Artıq bir sıra dairələrlə məsləhətləşmələr də aparılır. Amma bu gün rəsmi Bakının donkixotluq etmək niyyəti yoxdur. Əgər Amerika Rusiyanın qabağından qaçırsa, Azərbaycanın ehtiyat etməsi anlaşılandır».

Amma yaranmış situasiyanın əleyhimizə çevrilmə ehtimallarının olduqca aşağı olduğunu bildirən mənbə bildirdi ki, əksinə, bu gün Azərbaycan üçün geniş manevr imkanları açılıb: «Azərbaycan hətta yaranmış situasiyadan bazarlıq üçün də istifadə edə bilər. Rusiya Ukrayna ilə rəftarını Azərbaycan ərazisində bir dəfə həyata keçirdiyindən növbəti anoloji təhlükə bizim qapımızı döyə bilməz. Əksinə, Rusiya Bakı ilə münasibətlərini qaydasına salmağa maraq göstərəcək. Elə son günlər Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan İranın da rəsmi Bakı ilə təmaslarını qaydasına salma təşəbbüsləri təsadüfi deyil.

Azərbaycan hər dəfəsində maraqları naminə qüvvələrarası problemlərin episentrində olmaqdan yayınıb. Bu dəfə də belə olacaq. Bəlkə də Azərbaycan Rusiyaya doğru bir addım yaxınlaşacaq, amma bunun fonunda Azərbaycanın qazanacaqları daha çox olacaq».

Mənbəmiz onu da əlavə etdi ki, rəsmi Bakı ilə Kreml arasında danışıqlar xeyli müddətdir aparılsa da, son bir ayda daha da intensivləşib: «Bu danışıqların yekunu barədə bəri başdan yalnız onu deyə bilərik ki, əldə olunacaq istənilən bir nəticə Ermənistanın zərərinə olacaq».

Geri qayıt