Əsas Səhifə > Siyasət, Manşet > Nurçular Azərbaycanda kimlərə aylıq haqq ödəyirlər - Fətullah Gülən camaatının gizlinləri

Nurçular Azərbaycanda kimlərə aylıq haqq ödəyirlər - Fətullah Gülən camaatının gizlinləri


21-02-2014, 09:31
Nurçular Azərbaycanda kimlərə aylıq haqq ödəyirlər - Fətullah Gülən camaatının gizlinləri
DİA.AZ: - Son günlər məşhur kürd millətçisi Səid Nursinin davamçıları sayılan nurçuların Azərbaycandakı şəbəkələrilə bağlı mətbuata müxtəlif informasiyalar ötürülməkdədir. Bir daha qeyd edək ki, əslində Azərbaycanda nur cameəsinin ifşası Türkiyədə baş verən olaylarla birbaşa bağlıdır. Belə ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Fətullah Gülən cameəsi ilə münasibət pozuqluğu qarşılıqlı ittihamlara gətirib çıxardı ki, bu ittihamların arealı artıq Azərbaycanı da içinə almaqdadır. Hətta Türkiyənin baş naziri də açıqlamalarında Fətullah Gülən tərəfdarlarının Azərbaycandakı mübhəm əlaqələrinə eyham vuran ifadələrinə davamlı şəkildə yer verməkdədir.

Doğrudur, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə nurçulara və vəhabilərə yönəlik sərt açıqlamalarda bulundu. Amma bu açıqlamaların hazırda cərəyan edənlərlə az ilişgisi var. Əsas qaynaq Türkiyədir və bu gün Fətullah Gülənin Azərbaycandakı emissarlarının fəaliyyətinin ifşası da məhz Ankaradan ötürülən informasiyalarla müəyyənləşir.

DİA.AZ-a da bu qəbildən ilginc məlumatlar daxil olub. Belə ki, redaksiyamızın elektron poçtuna daxil olan informasiyada bildirilir ki, hazırda nurçular Azərbaycanda çox ciddi şəkildə möhkəmlənmiş vəziyyətdədirlər. Mənbəmiz onların iqtisadi dayaqları ilə bağlı çox maraqlı faktları yaxın günlərdə təqdim edəcəyini bildirməklə yanaşı, nurçuların siyasi dairələrdəki himayədarları ilə bağlı müəyyən bilgiləri diqqətə çatdırır.

Məlumatı verən qaynaq iddia edir ki, nurçular hazırda parlamentin 24 deputatına aylıq maaş kəsiblər: «Həmin millət vəkilləri zaman-zaman nurçuların maraqlarını təmin etməkdədirlər. Eyni zamanda 40-a yaxın nüfuzlu dövlət məmuru var ki, bu gün nurçularla müxtəlif formada əlaqədədirlər».

Qeyd edək ki, mənbəmiz nurçulardan aylıq haqq alan şəxslərin adlarını açıqlayıb. Lakin dəqiqləşdirilməmiş bilgilər olduğundan bu barədə geniş məlumatları sonraya saxlayırıq.

Onu da xatırladaq ki, bu günlərdə Türkiyədə yayılan bir səs yazısı ilə nurçuların Azərbaycanda həmçinin hazırda müdafiə naziri postunu tutan Zakir Həsənovla, habelə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla da sıcaq əlaqələrdə olduğu iddiası ortaya çıxmış oldu. Eyni zamanda Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayevin, habelə daha bir neçə nüfuzlu məmurun da nur camaatına yaxın olduğu söylənilir.

Geri qayıt