Əsas Səhifə > Siyasət, Manşet > Ömrü bitmiş müxalifət artıq cəmiyyətdən siqnal ala bilmir

Ömrü bitmiş müxalifət artıq cəmiyyətdən siqnal ala bilmir


28-01-2014, 10:09
Ömrü bitmiş müxalifət artıq cəmiyyətdən siqnal ala bilmir
DİA.AZ: - Bəli, artıq müxalifətin Milli Şurası da ömrünü bitirmək üzərədir. Gözlənilirdi də. Hər zaman belə olub. Seçkilərə qədər birləşənlər, seçkidən sonra ayrılırlar. Nə ad altında gəlsələr də, hansı şəxsin rəhbərliyi altına girsələr də, son nəticədə məğlubiyyət müxalifətin yeganə nəsibi olur. Ardından da qarşılıqlı ittihamlar başlayır. Necə ki, bu gün müxalifətin iki əsas cinahı - AXCP ilə Müsavat üz-üzə gəliblər.

Kimiləri bu toqquşmanı qəzetlərin - «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin toqquşması kimi təqdim etməyə çalışır, amma yanılırlar. Çünki kimsə iddia edə bilməz ki, nə Əli Kərimlinin «Azadlıq» qəzeti üzərində, nə də İsa Qəmbərin «Yeni Müsavat» üzərində hökmranlıqları yoxdur. Lap hökmranlıq olmasın, hər iki lider ən azından yaxın olduqları qəzetlərin rəhbərlərindən xahiş edə bilərlər ki, qarşılıqlı ittihamlar dayandırılsın. Əgər bunu etmirlərsə, deməli, məlum qənaət doğrudur: DÖYÜŞƏN İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİDİR…

Sadəcə olaraq, onlar siyasətdə qalmaq istədiklərindən və gələcəkdə yeni ittifaqlarda birləşə biləcəkləri ehtimallarını gözə aldıqlarından bu gün açıq savaşa girmirlər. Qəzet dilində bir-birilərini ittiham edirlər, qəzet səhifələrində savaşlarını sürdürürlər.

Təbii ki, burada uduşlu olan yeganə ənənəvi cinah hakimiyyətdir. Hakim düşərgə hər zaman olduğu kimi müxalifətin xarabalıqları üzərində atını o yana çapır, bu yana çapır. Hətta bu il keçirilməsi nəzərdə tutulan bələdiyə seçkiləri də müxalifətin yadına düşmür.

Doğrudur, bizdə müxalifət üçün bələdiyə seçkiləri bir anlam kəsb etmir. Normalda isə müxalifətin uğrunda mübarizə aparmalı olduğu tək seçki varsa, o da bələdiyyə seçkiləri olmalıdır. Birbaşa olaraq xalqla təmasda olan bələdiyyələrdə müxalifətin təmsil olunmama istəyi və yaxud da təmsilçiliyə nümayiş etdirdiyi marağın həddən-ziyadə azlığı, əslində müxalifətin xalqdan uzaq düşməsinin bir nədəni kimi də qəbul olunmaqdadır.

Bu gün Ukraynada baş verən olaylar kimisə çaşdırmasın. İddia edirlər ki, Ukraynada baş verənlər Azərbaycanda da təkrarlana bilər. Bu iddialar da anlaşılandır. Bəs necə, siyasi mövcudluğun qorunması üçün nədənsə danışmaq lazımdır. Amma etiraf olunmalıdır ki, Ukraynada baş verənlər mahiyyət baxımından tamam fərqli bir olaydır. Azərbaycanda bu gün avropalaşma ilə şərqləşmə deyiləcək ideolojilərin nə tərəfdarları var, nə də toqquşması. Çünki bu gün rəsmi Bakının yürütdüyü siyasət Azərbaycan reallığı ilə tam uzlaşdığından hətta bu hakimiyyətə müxalifətdə olan alternativləri belə fərqli bir xətti təqdim edə bilmirlər.

Bəli, Azərbaycanda bu müxalifətin işi bitmiş kimidir. Cəmiyyət isə müxalif ideyalarla köklənməyə həddsiz meyilli olsa belə, hazırki müxalifətin varlığı istənilən bir müxalif dəyəri heçə endirdiyindən Bakıdakı siyasi stabilliyin ömrü də uzanacaq. Uzanır da. Hər şey hakimiyyətin nəzarəti altındadır. Bu müxalifətdən yorulmuş xalqı da qane edir. Çünki bu gün xalqı maraqlandıran onun problemidir, cəbhə xəttinin durumudur. Hansısa Eldar Namazovun hansısa Milli Şurada qalıb-qalmaması deyil.

Bax, bəylər, xalqdan bu qədər məsafədə aralı düşübsünüz...

Azər - DİA.AZ

Geri qayıt