Əsas Səhifə > Siyasət, Manşet > Niyazi Bayramov Gəncəni zibilxanaya çevirib...

Niyazi Bayramov Gəncəni zibilxanaya çevirib...


2-01-2023, 08:53
Niyazi Bayramov Gəncəni zibilxanaya çevirib...
DİA.AZ: - Bir ay əvvəl abadlaşdırılmasına 2.7 milyon vəsait ayrılan Gəncənin sakinləri narazıdır… DİA.AZ bildirir ki, Gəncə sakinləri büdcədən şəhərin abadlaşdırılması üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini iddia edir. Onlar xüsusən şəhərin müəyyən hissələrində zibillərin daşınmaması, küçələrin işıqlandırılmamasından, yolların bərbad vəziyyətdə olmasından narazılıq edirlər.

Deyirlər ki, bu barədə bələdiyyədən tutmuş, Gəncə Şəhər İcra Hakimiyyətinə qədər müxtəlif qurumlara şikayət ediblər. Lakin problemlər həllini tapmır.

“Başdan-ayağa antisanitariyadır” deyə giley edən Gəncə sakinləri bildirir ki, Gəncə şəhəri Azərbaycan küçəsində yolların kənarına tökülmüş zibillər ətrafa üfunət yayır: “Hər yerə müraciət olunub ki, buralara zibil qabıları qoyun, adamlar zibilləri atsın. Başdan-ayağa antisanitariyadır. İşıqlandırma da yoxdur deyə, axşamlar göz-gözü görmür, yeriyəndə zibil ayağa dolaşır. Küçənin sağı da, solu da zibillikdir”.

Gəncə sakininin sözlərinə görə, işıqlandırma olmadığına görə həmin ərazidə oğurluq hallarının sayı da artıb. Deyir ki, elə ev var, son vaxtlar, 4 dəfə oğurluq olub: “Düzdür, polis üstünü açır, oğrunu tapır, amma niyə baş verməlidir axı?! Qaranlıqdan istifadə edib, evlərə girirlər. Qaranlıqda o ərazidə qorxudan piyada gəzmək də olmur. Zibillikdə eşələnən itlər də bir tərəfdən düşür adamın üstünə…”

“Bu qədər pul hara gedir?” deyə sual edən sakinlər bildirir ki, bu ərazinin asfalt örtüyü də pis vəziyyətdədir: “Yağış yağanda bərbad gündə olur. Palçıqdan keçmək olmur. Bildiyimizə görə, Gəncənin abadlaşdırılmasına, işıqlandırılmasına görə bu qədər pul ayrılır, bəs hara gedir? Niyə bu problemlər qalır? Bizə – adi vətəndaşlara hörmət eləmirlər, heç olmasa, şəhidə, onun ruhuna hörmət eləsinlər. 44 günlük müharibədə şəhid olan Nicat Qasımov da bu küçədə yaşayırdı…”

Məsələ ilə bağlı dia.az olaraq əlaqədar qurum və təşkilatları da dinləməyə hazırıq...

Geri qayıt