Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanda polisin PLANBAZLIĞI...

Naxçıvanda polisin PLANBAZLIĞI...


3-08-2022, 09:06
Naxçıvanda polisin PLANBAZLIĞI...
DİA.AZ: - "Naxçıvan şəhərin Tumbul kəndi ərazisində kimin əli qabarlıdırsa, qanı batdı. Çünki Naxçıvan şəhər 1 saylı polis idarəsinin əməkdaşları əli qabarlı adam axtarırlar. Belə bir adam tapılsa, zəhmət çəkib polis idarəsində özünün oğru olmadığını sübuta yetirməlidir". DİA.AZ xəbər verir ki, bu barədə açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Heydər Oğuz bildirir.

Daha sonra H.Oğuz davam edir: "Məsələ burasındadır ki, iki ay bundan əvvəl Tumbulun poçt idarəsinin kassası yarılıb və ordan 1500 manat pul oğurlanıb. Bu da indiyə qədər “sıfır cinayət” siyasəti ilə öyünən “xan” rejiminin bütün iddialarının sabun köpüyündən başqa bir şey olmadığını ortaya çıxarıb. “Xan” sarayı da qibleyi-aləmin ədalətli hökmdar imicini yerlə yeksan edən bu oğurluq hadisəsinin dərhal araşdırılıb cinayətkarı aşkarlamağı Naxçıvan şəhəri 1 saylı polis idarəsinin rəisi Şəmsi Mirzəyevin qarşısında ən mühüm vəzifə kimi qoyub. Hətta ona bu vəzifəni 100% yerinə yetirməsi üçün 2 həftə möhlət verilib. Başı təsərrüfat işlərinə qarışan (polis rəisinin geniş əkin sahələri var və o, bütün diqqətini həmin ərazilərin becərilməsinə ayırıb) Şəmsi Mirzəyev isə indiyədək qarətçini tapa bilməyib. Bu iki ay ərzində hardansa müəyyənləşdirib ki, qarətçinin əlində qabar var və bütün araşdırmalar həmin qabarlı əli axtarmağa yönəldilib (Görünür, Şəmsi Mirzəyevə də Naxçıvanın “boz kardinalı” Azər Zeynalov kimi gecə yatanda "vəhy" nazil olur. Bu dəfəki "vəhy"də isə oğrunun əli qabarlı olması Şəmsi Mirzəyevin yuxusuna girib. O da öz işini bu yuxusu üzərində qurub. Yeri gəlmişkən, Azər Zeynalovun da "vəhy"lərini araşdırırıq, yaxın günlərdə onlardan bəzilərini ictimailəşdirəcəyik).
İndi Naxçıvan polisi cənab qibleyi-aləmin etimadını doğrultmaq üçün əli qabarlı adam axtarır. Naxçıvanda isə iş-güc olmadığından insanların əlindən qabar da yoxa çıxıb. Amma təsadüfən elə biri tapılsa, Şəmsi Mirzəyevin də problem qalmayacaq. Necə olsa, Naxçıvan polisi “Kapital” əsərini Karl Marks tərəfindən yox, hansısa suçu tərəfindən yazıldığını sübut etmək qabiliyyətində pərgardır.
Haşiyə
Yadıma bir hekayə düşdü. Səhv etmirəmsə, böyük özbək şairi Əlişir Nəvainin qələmə aldığı bu hekayədə bildirilir ki, bir gün bir ölkədə oğurluq hadisəsi baş verir. Oğru girdiyi evin hasarından düşürkən yıxılıb ayağı sındırır. Adamın məhkəməsi keçirilir. Oğru məhkəmədə çıxış edərkən bildirir ki, əsl cinayətkar o yox, hasarı hündür olan ev sahibi imiş. Çünki o hasarını hündür tikdirməsəydi, oğru da ordan atlayarkən yıxılmaz və ayağını sındırmazdı. Məhkəmə bu arqumenti əsaslı sayıb ev sahibini müttəhimlər kürsüsündə oturdur. Ev sahibi isə günahın onda yox, hasarı tikən bənnada olduğunu vurğulayır. Bu arqument də hakimin ağlına batır. Bənna isə günahı bir qadının qolundakı qolbağıda görür. Deyir ki, hasarı inşa edərkən həmin küçədən bir qadın keçirmiş, qolunda da mükəmməl hazırlanmış qolbağı. Bənnanın fikri bu qolbağında qaldığından hasarı hündür tikib. Axırda məhkəmə zərgəri günahkar hesab edir və barəsində edam hökmü çıxarır. Zərgərin isə boynu çox yoğun imiş. Kəndiri onun boğazına keçirib asmaq istəyəndə ip adamın boğazından çıxır. Nəhayət, yoldan keçənlər arasından ən nazik boğazlını tapıb onu asırlar.
Naxçıvanda əli qabarlı cinayətkar axtarışı da qorxuram bu cür nəticələnə".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt