Əsas Səhifə > Siyasət, Manşet > “Pensiya yaşımın çatmasına 2 il qalıb, ailədə yalnız mən çalışıram”

“Pensiya yaşımın çatmasına 2 il qalıb, ailədə yalnız mən çalışıram”


28-03-2022, 09:13
“Pensiya yaşımın çatmasına 2 il qalıb, ailədə yalnız mən çalışıram”
“Azəriqaz” İstehsalat Birliyi daxili struktur dəyişikliyi ilə əlaqədar Gəncə Regional Qaz İstismar İdarəsinin Goranboy sahəsində qaynaqçı vəzifəsini ləğv edib. Nəticədə Göranboy rayonu, Bəşirli kənd sakini, Qarabağ müharibəsi veteranı, 62 yaşlı Vidadi Abbasov işsiz qalıb. Dia.az-ın məlumatına görə, V.Abbasov Meydan TV-yə bildirib ki, ona əvəzində kilometrlərlə uzaq məsafədə iş təklif edilib. Hansı ki, alacağı maaş gündəlik yol puluna bəs etməyəcək.

“Uzun illərdir neft sahəsində qaynaqçı işləyirəm. Bu yaxınlarda qaynaqçı vəzifəsinin ixtisar edildiyinə dair mənə bildiriş verdilər. Təklif elədilər ki, təmir-tikinti idarəsinə keçim. Həmin idarə yaşadığım ərazidən 80 kilometr uzaqda yerəşir. Buna görə də təklifdən imtina etdim”,-şikayətçi deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ Müharibəsində iştirak edib:
“İdarənin hüquqşünasları gəldilər, dedilər ki, işdən çıxmaq üçün ərizə yazmalısan. Əvəzində Lökbatanda işə qəbul edilərsən. Mənsə bildirdim ki, həmin idarə yaşıma görə məni işlə təmin etməkdən imtina edə bilər. Pensiya yaşımın çatmasına 2 il qalıb, ailədə yalnız mən çalışıram. Üstəlik, müharibə veteranı olduğum üçün güzəşt edilməlidir. Onlar isə bildirdilər ki, veteranlara güzəşt yoxdur. Mən də telefonda Prezidentin veteranlar, Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı çıxışını göstərdim”.

V.Abbasov deyib ki, ona iş axtarmaq üçün vaxt verilib, martın 1-dən isə işinə buraxılmayıb. Məsələdən İstehsalat Birliyinin rəhbərliyi də xəbərdardır, onu qəbul edib şikayətini dinləyiblər:

“Əməkhaqqının iki misli qədər karta pul ödənilib, amma hələ çıxarmamışam. “Azəriqaz”ın kadrlar idarəsindən dedilər ki, Lökbatandakı təmir-tikinti idarəsinə get, sizin zonada harda iş olarsa orada işlə təmin edəcəklər. Naftalanda iş deyirlər, Naftalanla bizim aramızda 110 kilometr məsafə var”.

Şikayətçi deyir ki, evdə ondan başqa işləyən yoxdur. Yaşını nəzərə almırlar, ona ağır iş şəraiti olan vəzifələr təqdim edilir. Amma problemi həll edilə də bilər:

“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da mənimlə bağlı müraciətlər edib. SOCAR-ın İnsan Resurslarından da zəng vurub maraqlanıblar, bayramdan sonra işə baxılacaq. Bayramdan sonra veriləcək qərarı gözləyirəm”.

Mirvari Qəhrəmanlı da söyləyib ki, SOCAR-ın kadrlar üzrə vitse-prezidenti Xalik Məmmədov prosesi nəzarətə götürüb və işçini yerinə bərpa etməyi tapşırıb. İşçi Bakıya gəldi, “Azəriqaz”ın insan resursları şöbəsinin rəisi Xəqani Bəşirov ona Gəncədə (çağırışla əlaqədar Naftalan və yaxın razilərdə də işləməlidir) iş təklif etdi. Yəni işçiyə bildiriş təqdim edilərkən təklif edilən iş qüvvədə qaldı, hansı ki, Abbasov yol uzaq və yaşına görə iş şəraiti ağır olduğundan imtina etmişdi”.

“Təşkilati strukturlarda və ştat cədvəllərində dəyişiklik edilməsi haqqında” əmrlə 8 saylı Regional Qaz İstismarı İdarələrinin tərkibində fəaliyyət göstərən təmir- tikinti şöbələri, təmir-bərpa xidmətlərinin, eləcə də Sumqayıt QİS-nin Təmir-tikinti xidmətinin ləğv edilməsi, onların bazasında Regional Qaz İstismarı İdarələrinin xidmət göstərdiyi rayonlar üzrə qəza-dispetçer xidmətlərinin yaradılması nəticəsində ixtisar olunub. İşçinin Qarabağ müharibəsi iştirakçısı olmasını, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müharibə iştirakçılarına diqqətlə yanaşıldığını və xüsusi qayğı göstərildiyini nəzərə alaraq ona peşəsi və əməyinin ödənilmə dərcəsinə uyğun iş təklif edilib.

V.Abbasovun tutduğu peşə sözügedən struktur dəyişikliyi nəticəsində ləğv edilsə də, uzun müddət qaz təsərrüfatında işlədiyini, eyni zamanda I Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq ona Gəncə şəhərində deyil, əvvəlki peşə və əməyinin ödənilmə dərəcəsi (6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı) saxlanılmaqla Birliyin strukturuna daxil olan Təmir-tikinti İdarəsinin Gəncə RQİİ üzrə Təmir-tikinti sahəsində yer təklif edilib. Bu sahə Goranboy, Naftalan, Gəncə, Göygöl və Samux rayonlarına xidmət göstərsə də, onun müharibə iştirakçısı olduğunu nəzərə alaraq Goranboy rayonu, orada iş az olduğu, yaxud heç olmadığı təqdirdə ən uzaq Naftalan şəhərində işləməsinə şərait yaradılması nəzərdə tutulub. Naftalan şəhəri özü də Goranboy rayonunun inzibati sərhədləri daxilində yerləşir. Lakin təəssüf ki, işçi həmin təklifi qəbul etmədiyinə və başqa çıxış yolu olmadığına görə onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilib. Hətta işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün belə ona istəyinə uyğun başqa bir iş də təklif edilib, lakin işçi həmin təklifdən də imtina edib.

Geri qayıt