Əsas Səhifə > Siyasət, Manşet > "Hərbidə əlillik aldığım üçün dövlət mənə sığorta kimi birdəfəlik müavinət ödəməli idi..."

"Hərbidə əlillik aldığım üçün dövlət mənə sığorta kimi birdəfəlik müavinət ödəməli idi..."


31-10-2019, 09:18
"Hərbidə əlillik aldığım üçün dövlət mənə sığorta kimi birdəfəlik müavinət ödəməli idi..."
“Dövlətin verməli olduğu sığorta pulunu ala bilmədiyim üçün aidiyyatı qurumlara 12 min 500-dən artıq məktub göndərmişəm. Buna görə az qala 100 dəfə Bakıya gedib gəlmişəm. Məktublara, yola xərclədiyim pulları isə ondan-bundan almışdım. Rayonda borc almadığım biri qalmamışdı. Kimindən 50, kimindən 60, digərindən 100, 200 – nəticədə 4 mindən artıq borc yığmışdım boynuma. Onları ödəmək üçün kredit götürməli oldum”.

DİA.AZ-ın məlumatına görə, Naftalan sakini 36 yaşlı Bəhruz Məmmədov belə deyir. Ailəli və bir övladı olan Bəhruz bu gün kredit borcuna görə çox ağır şəraitdə yaşadığını söyləyir. Kirayə qalır, kredit ödədiyi üçün aldığı pul və pensiyasının ay sonuna yetmədiyini, borclarının üstünə borc gəldiyini bildirir: “Oğlum ikinci sinifdə oxuyur. Təsəvvür edin, qış gəlir, mən ona ayaqqabı, palto ala bilmirəm. Əslində isə dövlət mənə verməli olduğu vəsaiti ödəsə, həm banka olan borcumu ödəyərəm, həm də vəziyyətim bir az düzələr”.

B.Məmmədov 3 il 1 ay hərbidə işləyib. Xidmət dövründə xəsarət alıb. İkinci qrup əlillik dərəcəsi var: “Gizir idim. Xəsarət aldım, çıxdım. İkinci qrup əlillik kağızını 5 ay öncə veriblər. Hərbidə əlillik aldığım üçün dövlət mənə sığorta kimi birdəfəlik müavinət ödəməli idi. Təxmini hesablamışam, 7800 manat edir. Ancaq həmin pulu mənə verməkdən min bir bəhanə ilə boyun qaçırırlar”.

Bəhruz Məmmədov deyir ki, ona açıqlananların hamısı bəhanədir, əsası yoxdur: “Deyirlər, “ç” bəndinə əsasən, mən 2016-cı ildə pensiyaya çıxmalı imişəm. Çıxandan 3 il müddətinə həmin sığorta haqqını almalıymışam. Guya bir neçə ay gecikmişəm. Bəli, mən 2016-cı 3-cü dərəcəni almışdım. 2-ci dərəcəni isə 2019-cu ildə almışam. Həmin bənddə də deyir ki, qrupu aldığın gündən 3 il müddətinə birdəfəlik müavinətini almalısan. Mən hüquqlarımı yaxşı bilirəm, məni aldada bilməzlər”.

Bəhruz Məmmədov deyir ki, bu gün banka, ayrı-ayrı insanlara olan borcu ilə yanaşı rayonun ərzaq mağazalarına da xeyli verəcəyi var. Ödəyə bilmir: “Birinə 100, birinə 70, birinə 150, nə bilim, birində 170. Artıq heç kim nisyə mal da vermir. Bir tikə çörəyi güclə tapırıq. Kirayə pulunu da ödəyə bilmirdim. İcra Hakimiyyəti götürüb boynuna. Birinci müavin ödəyir. Niyə ödəməlidir? Mənim haqqım olan vəsaiti vaxtında ödəsəydilər, bu qədər borc-xərc yığmaz, bankdan kredit götürməzdim. İndi zəhmət çəkib mənim bütün zərərimi kompensasiya etsinlər”.

Bəhruzun indiyə qədər şikayət məktubu ünvanlamadığı qurum qalmayıb. Prezident Administrasiyası, Heydər Əliyev Fondu, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa Şurası, Avropa Parlament Assambleyası, ATƏT, hətta Rusiya prezidenti Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Trampa da məktublar göndərib: “Axırda bezib bizim rayon rəhbərliyinə məndən şikayət göndəriblər ki, onu bir az incidin, adam nə qədər məktub göndərər? Dəfələrlə polis çağırıb, dindirib, təhdid edib. Amma buradan deyirəm, mən heç kimdən qorxmuram. Haqqım olan pulu ödəməyənəcən lazım gəlsə, lap 20 min məktub da yazaram”.

Geri qayıt