Əsas Səhifə > Siyasət, Manşet > MTN-nin həbs etdiyi məhbus giley edir

MTN-nin həbs etdiyi məhbus giley edir


14-10-2017, 12:12
MTN-nin həbs etdiyi məhbus giley edir
"Uzun müddətdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Müəssisə rəhbərliyi müalicəmə əngəl yaradır". DİA.AZ bildirir ki, 13 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Elqan Vəliyev qurum rəhbərliyindən şikayətçidir. O bu haqda prezidentə yazıb. Məhbus müraciətində bildirib ki, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi və tibbi hissənin rəisi onun müalicəsinə qəsdən əngəl yaradır:

"... Cəzaçəkmə Müəssisəsinin və buradakı tibbi hissənin rəhbərliyi tərəfindən təzyiq altında saxlanılıram. Məhkumluq hüquqlarım kobudcasına pozulur. Çoxsaylı xəstəliklərdən əziyyət çəkdiyimə görə, dəfələrlə müraciət etsəm də, məni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmürlər. Tibbi hissənin rəhbərliyinə müraciət edəndə, bildirir ki, orda məni qəbul etmək istəmirlər".

Məhbus yazır ki, Penitensiar Xidmətin rəhbərliyinə və Ombudsmana müraciət edib. Lakin müəssisə rəhbərliyi sonradan ona şikayətçi olmaması barədə ərizə yazmağı tələb edib: "... Sizə müraciət etməyimin səbəbi ondan ibarətdir ki, aidiyyatı qurumlar yerlərdə öz vəzifə borclarını yerinə yetirmirlər, məni narahat edən məsələlər öz həllini tapmır".

Məhbus prezidentdən onu şəxsi nəzarətə götürməsini və şikayətinin yerində araşdırılması üçün nümayəndə göndərilməsini xahiş edir.

Qeyd edək ki, Penitensiar xidmətdən yerli KİV-ə bildirilib ki, məhbusun şikayəti növbəti həftə ərzində araşdırılacaq.

Onu da bildirək ki, Elqan Vəliyev 8 il öncə keçmiş MTN əməliyyat qrupu tərəfindən həbs olunub. O, xarici vətəndaşların bank hesablarının talanmasında təqsirləndirilərək uzunmüddətli həbs cəzasına məhkum olunub.

Geri qayıt