Əsas Səhifə > Siyasət, Manşet > Avtovağzalda sürücü özbaşınalığı:

Avtovağzalda sürücü özbaşınalığı:


5-08-2017, 13:48
Avtovağzalda sürücü özbaşınalığı:
Sosial şəbəkə istifadəçisi Emin Paşayev Bakı Avtovağzalında üzləşdiyi durumdan şikayətlənib.

Şikayətçinin sözlərinə görə, bu gün səhər saat 9.00-da Bakı Beynəlxalq Avtovağzalında Bakı-Qusar marşrutu üzrə işləyən 90-SP-949 dövlət nömrə nişanlı avtobusun sürücüsü qanunlara qarşı çıxaraq biletlə sərnişin daşımayacağını deyib:

“Əlimizdə 4 ədəd bilet olsa da, bizi avtobusa buraxmayıb, yerləri pulla satdığını və biletin ona sərf etmədiyini dedi. Biz Abbas adlı xətt rəhbərinə müraciət etdik. O da "sürücülərlə özünüz həll edin" cavabını verdi və onlarla bacarmadığını dilə gətirdi.

Sürücü də ictimai yerdə aqressiv rəftarı ilə hörmətsizlik nümayiş etdirməkdə davam edirdi. "Avtovağzalda mənə heç kəs heç nə edə bilməz, kassada bilet satan qələt edib sizə bilet satıb, bu avtobusun sahibi mənəm, necə istəyərəmsə, elə də edərəm", - deyə sözlər işlədirdi”.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Yaşar İsakov Cebhe.info-ya açıqlamasında həmin şikayətlə bağlı artıq tədbir görüldüyünü qeyd edib: “Artıq tədbir görülüb və həmin adamla əlaqə saxlanılıb. Bu səhər baş vermiş hadisədir və yoluna qoyulub”.

Yasar İsakovdan məsələ ilə bağlı hansı tədbirlərin görüldüyünü öyrənməyə çalışsaq da, qurum rəsmisi bununla bağlı suallarımıza cavab verməkdən imtina edib:“Bu, sizə daxil olmuş şikayət deyil. Sosial şəbəkələrdə yazılan məsələdir. Artıq tədbir görülüb və bu, bizim işimizdir”.

Geri qayıt