Əsas Səhifə > Siyasət, Manşet > MTN-də “Texnikabank” bəhanəsi ilə yığılan rüşvətin anatomiyası

MTN-də “Texnikabank” bəhanəsi ilə yığılan rüşvətin anatomiyası


9-01-2017, 08:10
MTN-də “Texnikabank” bəhanəsi ilə yığılan rüşvətin anatomiyası
(Əvvəli BURADA)
Beləliklə, bundan sonra Hüseyn Səfərovun bütün ailə üzvləri bankdan kredit götürərək 350 min dollar pulu V.Ələkbərova çatdırmışdır və Vüsal Ələkbərov istifadəsində olan mobil telefonlarından H.Səfərova dəfələrlə zəng edərək işə xitam verilməsi üçün qalan pulun çatdırılmasını demişdir. Hətta pul iki dəfəyə çatdırıldığından o, H.Səfərovdan əlavə 500 min dollar tələb etmişdir. H.Səfərov yalvarandan sonra 350 min dollara razılaşmış, həmin pulu təxminən 3-4 ay sonra, 2009-cu ilin aprel ayında MTN-nin arxa buraxılış məntəqəsinin qarşısında oğlu Rüstəmlə birlikdə Vüsal Ələkbərova vermişdir. Yalnız bundan sonra 2009-cu ilin iyun ayında H.Səfərovun barəsində cinayət təqibinə xitam verilmişdir. Bunu V.Ələkbərov ona zəng edərək bildirmiş, o da MTN-ə gedib qərarla tanış olmuş, imza edərək qərarın surətini götürüb qayıtmışdır.
...MTN-də olarkən Nizami Kazımov da oraya xitam qərarını almaq üçün gəlibmiş. O, H.Səfərova bildirmişdir ki, barəsində seçilmiş cinayət təqibinə xitam verilməsi üçün o da V.Ələkbərova iki milyon dollar rüşvət verməli olmuşdur, həmin pulun alınması nazir Eldar Mahmudovun göstərişi və MTN-in baş istintaq darəsinin rəisi Mövlam Şxəliyevin tələbi ilə olmuşdur. Hətta o, həbsdən buraxılan gün Mövlam Şixəliyev onu kabinetində qəbul etmiş, “Sən içəridə yatmağa layiq adam deyildin, belə şeylər də olur...”, - deyərək təsəlli verir. Vüsal Ələkbərov isə ona bildirir ki, o, aldığı pulları nazir E.Mahmudovun göstərişi və idarə rəisi Mövlam Şxəliyevin tələbi ilə alıb, heç bir vaxt onların xəbəri olmadan özbaşına hərəkət etməzdi. Nəhayət, barəsində cinayət işinə xitam veriləndən sonra Vüsal Ələkbərov H.Səfərova zəng edərək (2009-cu ilin may ayı) ondan iki ədəd “Vertu” markalı telefonları tələb etmişdir, nəticədə H.Səfərov birinin dəyəri 6500 manat olan iki ədəd telefonu (1300 manata) H.Əliyev sarayının yaxınlığındakı dükanlardan alaraq V.Ələkbərovun MTN-dəki xidməti otağında ona vermişdir. Bundan əlavə, MTN əməkdaşları evində axtarış apararkən ona məxsus “Vinçester” markalı ov tüfənginə aid sənəd gördüklərindən Vüsal Ələkbərov 2009-cu ilin yay aylarında metronun “Gənclik” stansiyasının yaxınlığındakı pivəxanadan H.Səfərovdan həmin tüfəngin ona verilməsini tələb etmişdir. H.Səfərov həmin tüfəngi evdən götürərək “Qələbə” dairəsinə getmiş, V.Ələkbərov ağ rəngli “Nissan Xtrail” markalı avtomaşında oraya gəlmiş, tüfəngi ondan qəbul etmişdir. Bundan sonra onlar birlikdə həmin avtomaşınla “Dəniz” vağzalının qarşısına getmiş, Vüsal orada həmin tüfəngi özünün dediyinə görə, Hava Nəqliyyatında Baş Polis İdarəsində işləyən qardaşına vermişdir.
Bütün yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, həqiqətən də V.Ələkbərov Hüseyn Səfərovu qorxudaraq etmədiyi cinayəti onun boynina qoyaraq ona qarşı cinayət təqibi başlamış, sonra onun azad edilməsi, barəsində olan cinayət işinə xitam verilməsi müqabilində 2 milyon dollar və digər qiymətli əmlakları ələ keçirməklə cinayət əməli törətmişdir...
Xatırladaq ki, H.Səfərov bu cinayət işində zərərçəkmiş kimi tanınmışdır. Onun ayrı-ayrı şəxslərdən alınaraq V.Ələkbərova verilmiş 2 milyon dollar pulu və digər maddi əmlakları özünə qaytarılmalıdır.

MTN general Mövlam Şıxəliyev “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manat rüşvəti necə tələb edib?

Cinayət işində zərərçəkənlərdən biri də “AQ İnşaat”, “İnşaatçı”, “ABM EV”, “Bərəkət İnşaat” MMC-lərin sahibi Qurbanov Akif Teymur oğludur. “İttiham Aktı”ndan aydın olur ki, Akif Qurbanovun “Texnikabank” ASC-nin İdarə Heyətinin sədri Etibar Əliyevlə yaxın münasibətləri olmuşdur. O, 18.10.2012-ci ildə “Buta Palace”də bir toy mərasimində olarkən 1990-cı illərdən tanıdığı MTN-nin Baş İstintaq İdarəsinin rəis, general Mövlam Şıxəliyevlə rastlaşır, ondan dostu Etibar Əliyevin MTN-də aparılan cinayət işi ilə maraqlanır... Bu zaman Mövlam Şıxəliyev Etibar Əliyevin ünvanına nalayiq söyüşlər işlədəndə Akif Qurbanov ona sərt cavab qaytarır, “Bu sənin vəzifənə, şəxsiyyətinə yaraşmır” deyir... Bu hadisədən 2 gün sonra-20 oktyabr 2012-ci ildə MTN-nin Rövşən adlı müstəntiqi Akif Qurbanova zəng edərək onu Mövlam Şıxəliyevin şöbə rəisi Vüsal Ələkbərovun yanına çağırır... A.Qurbanov 21 oktyabr 2012-ci ildə qardaşı Münasib Qurbanovun ofisində olur, oradan dostu Məhəmməd Məmmədovun maşını ilə MTN-ə gedir... Burada olduqca aqressiv qarşılanan Akif Qurbanovu, nəhayət, MTN-də Baş İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayev qəbul edir, ona açıq şəkildə bildirir ki, “Rəis Mövlam Şıxəliyev tapşırdı ki, sən təcili olaraq 1 milyon dollar gətirməlisən…”. Akif Qurbanov burada şantajla qarşılaşır, ona deyirlər ki, “Sən dövlət əleyhinə işləyirsən, Etibar Əliyevi müdafiə etmək üçün adam yığırsan, mitinq keçirirsən” və sair... Akif Qurbanov isə bildirir ki, onun “Texnikabank”la bağlı hər hansı cinayəti yoxdur, sadəcə, kredit götürüb mənzil tikintisinə sərf edib, krediti də vaxtında qaytarıb, ona görə də bir manat da verməyəcək... Nəhayət, bu təzyiq və təhdidlərə dözməyən Akif Qurbanov 2013-cü ilin yanvarında Vüsal Ələkbərova zəng edərək pulu topladığını bildirir, 1 milyon manat pulu “Briz-L” Klinikasının qarşısında ona vermişdir...
***
Zərərçəkmiş Akif Qurbanov Mövlam Şıxəliyevlə üzləşmə zamanı ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir...
(Davamı var)
“Təzadlar”

Geri qayıt