Əsas Səhifə > Siyasət, Manşet > Hansı icra başçısı sahibkarlara borclu qalıb?

Hansı icra başçısı sahibkarlara borclu qalıb?


16-08-2016, 08:48
Hansı icra başçısı sahibkarlara borclu qalıb?
Bakıda və regionlarda genişlənmiş tikinti-abadlıq işləri tikinti sferasında yer alan sahibkarlıq subyektlərinin də fəaliyyətində böyük canlanmaya səbəb oldu. Nəticədə sahibkarlar çətin maddi vəziyyətdən çıxış əldə etmək imkanı qazana bildilər. Xüsusən üzlük daş istehsalı ilə məşğul olan sahibkarlar şəhər və rayon icra hakimiyyəti rəhbərlərinin qeyri-rəsmi səlahiyyət verdiyi şəxslərlə işbirliyinə böyük ümid bəsləyirdilər. Belə də oldu. Üzlük daş sexləri öz məhsullarını qarşılıqlı razılaşma əsasında dəyəri sonradan tam ödənilmək şərti ilə paytaxt və bölgələrin tikinti meydançalarına göndərməyə başladılar. Lakin əksər rayonlarda tikinti-abadlıq işlərinin bir hissəsinin artıq yekunlaşmasına baxmayaraq, üzlük daş sexlərinə olan borclar yalnız qismən ödənib. Borcun qalan hissəsinin ödənilməsindən bu və ya başqa bəhanələrlə imtina edilib. Nəticədə aldıqları blok daşlara görə karxanalar külli miqdarda borclu qalan üzlük daş sexləri ağır durumla üzləşməli olub. Bu problem demək olar ki, daş sexlərinin hamısında müşahidə edilməkdədir.
Qeyri-rəsmi mənbələrdən Gundelik-Baku.com-a verilən məlumatlara görə, Bakı, Şəki, Salyan (keçmiş rəhbərlik), Kürdəmir və digər sadalamadığımız şəhər və rayonların icra başçıları hələ də üzlük daş sexlərinə külli miqdarda borclu qalıblar. Tam olmayan məlumata görə, borcların ümumi həcmi milyon manatlarla ölçülür. Sahibkarlığın əlini işdən soyudan isə yerli icra başçılarının şəxsi mənafelərini güdməsidir. Məsələni ciddiləşdirən əsas amillərdən biri icra başçılarının sahibkarlara olan borcu ödəməkdən nümayişkəranə imtina etməsidir. Bu zaman "get kimə daş vermisən ondan da pulunu al", "səni yoxlatdıraram, başın ağrıyar" kimi təpkilər, sair yumşaq və ya sərt hədə-qorxularla sahibkar halal zəhmət haqqını istəməkdən vaz keçməyə məcbur edilir. Bu faktların dəqiqliyinə şübhə edənlərə məsləhətimiz odur ki, uzağa getməsinlər, elə imkan tapıb Bakı ətrafındakı üzlük daş sexlərinə baş çəksinlər. Həmin sexlərdə çalışan insanların ağır əməyi, sahibkarın ağrılı maddi durumu bəlkə kimlərisə insafa gətirdi... Təbii ki, bu hal uzun müddət davam edəsi deyil. Ən azı ona görə ki, ölkədə sahibkarlığın inkişafı dövlət səviyyəsində dəstəklənir. Bu mənada belə qənaətə gəlmək olar ki, sahibkarların belə deyək, əsəbi ilə oynayan icra strukturları rəhbərləri öz hərəkətləri ilə dövlət siyasətinə hiss olunacaq zərbə vururlar. İndinin özündə üzlük daş istehsalında müəyyən inhisarçılıq və haqsız rəqabət hökm sürsə də, ölkədə vüsət alan tikinti-abadlıq işlərinin miqyası kiçik və orta sahibkarlıq subyektləri üçün perspektivli cəlbedici görünür. Lakin əksər sahibkarlar vəzifəli məmurlar tərəfindən aldadılacağından ehtiyat edərək bu sahədəki biznesdən imtina etmək məcburiyyətində qalıb. Kifayət qədər maraqlı hesab etdiyimiz bir faktı xatırladaq. Büdcə vəsaitinin çoxluğu icra başçılarını deyəsən, şirnikləndirib, bəzilərini isə hətta başdan çıxarıb. Tikinti-abadlıq işlərinin genişlənməsi nəticəsində üzlük daş istehsalı bəzi icra başçılarının maraq dairəsində yer alıb. Bəzi şəhər və rayon rəhbərləri əlaltılarının adına rəsmiləşdirdiyi üzlük daş istehsalı sexlərini əldə etməklə faktiki sex sahiblərinə çevriliblər və bu biznesə girişərək əməlli-başlı qazanc əldə etməyə başlayıblar. Lakin alıb-aldatma zamanında məmurla sahibkar arasında gerçəkləşən açıq və birbaşa daş alveri dövlət məmurunun günahı üzündən ödənişin gecikməsi və ya ödənişdən imtina səbəbindən düşmənçiliyə çevrilir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt