Əsas Səhifə > Siyasət, Manşet > Problemlər içində batan Ağdaş

Problemlər içində batan Ağdaş


9-06-2016, 08:26
Problemlər içində batan Ağdaş
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ölkə prezidenti İlham Əliyev cənablarının təşəbüsü ilə dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilməkdədir. Dünyada baş verən qlobal iqtisadi böhrandan əvvəl milyardlarla vəsaitin respublikamızın büdcəsinə axın etdiyi zamandan prezident İlham Əliyev cənabları ölkə sənayesinin, kənd təsərrüfatının ümumilikdə aqrar sektorun inkişafına ciddi sərmayə qoyuluşlarını təmin etmişdir. Ancaq dövlətin kənd təsərrüfatına illərlə yatırdığı milyardlarla vəsaitlərə rəğmən bəzi regionlarda ciddi formada geriləmələr var. Yerli icra hakimiyyəti orqanlarının rəhbər işçilərinin qeyri- peşəkarlıqları nəticəsində müəyyən rayonlarda aqrar sektor ciddi tənəzzülə uğrayıb. İnkişafdan geri qalan, təsərrüfat rayonu olmasına baxmayaraq bu sahədə böhran yaşayan rayonlardan biri də Ağdaş rayonudur.

Öncə onu qeyd edək ki, 1050 kvadrat kilometr ərazisi olan Ağdaş rayonu keçmiş sovetlər dönəmində kənd təsərrüfatı sahəsində ölkənin ən qabaqcıl rayonlarında biri olub. Xüsusən də pambıqçılıq, baramaçılıq və taxılçılıq sahəsində bu rayonda yaxşı nəticələr əldə olunub. Yuxarıda qeyd etdiyimiz kimi son illər isə bu rayonda nimdaşlıq və səfalət hökm sürür.

Qlobal.az-ın apardığı araşdırmalar zamanı məlum oldu ki, Ağdaş rayonunda aqrar sektordan başqa səhiyyə və təhsildə də ciddi problemlər var. Rayonun mərkəzi xəstəxanası heç də özəl xəstəxanalardan geri qalmır. Burada rüşvət verməyən xəstəyə heç gözucu da baxılmır. Təhsilə gəldikdə isə nazirliyin hesabatlarındakı göstəricilərdə həmişə Ağdaş rayonunda təhsilin vəziyyəti qeyri-kafi qiymətləndirilib. Bundan başqa rayonda yerli məmurların vəzifələrinə məsuliyyətsiz yanaşmalarına, məmurlar tərəfindən vətəndaşların problemləri vaxtında dinlənilmədiyinə görə, respublikanın yuxarı instansiyalarına xüsusən də Prezident Administrasiyasına ən çox şikayət ünvanlanan ilk rayonlardandır. Hər il dövlət tərəfindən ayrılan iri həcmli vəsaitlər hesabına Ağdaş rayonunda aparılan abadlıq-quruculuq işləri həddən artıq zəif tempdə aparılır. Rayonun mərkəzi hissəsi istisna olmaqla digər küçə və məhəllələrdə sovet dönəmində yollara döşənmiş asfalt örtüyün dağılmış hissələri hələ də qalmaqdadır. Ətraf küçələrdəki yamaqlı kommunikasiya sistemləri də sovetlər dönəminin nişanələridir. Əhalisinin böyük əksəriyyəti kəndlərdə yaşayan Ağdaş rayonunda insanların sosial-məişət səviyyələri də ürəkaçan deyil.

Araşdırmalarımız zamanı gəldiyimiz nəticəyə görə, Ağdaş rayonundakı bütün bu problemlərin əsas səbəbkarı kimi RİH-nin başçısı Tofiq İbrahimovun 4 illik uğursuz fəaliyyətidir. Tofiq İbrahimovun təşkilatçılıq məsələlərində operativ olmadığını faktlar göstərir.

Tofiq İbrahimovu tanıyaq

2012-ci ilin aprel ayında respublika prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Ağdaş RİH-nin başçısı vəzifəsinə təyin olunan Tofiq İbrahimov əvvəl BDU-nun, sonra isə Təfəkkür Universitetinin (hüquq fakültəsinin) məzunu olub. Ağdaş rayon İH-nə başçı təyin edilməmişdən öncə iki il (2010-2012) Lənkəran RİH-nin başçısı vəzifəsində çalışıb. Ağdaşa rəhbərlik etdiyi 4 il ərzində mətbuatda haqqında kifayət qədər neqativ informasiyalar gedib.

Məlumata görə, Tofiq İbraimov vaxtının əsas hissəsini Ağdaş rayonunun idarə olunmasına yox, özünün illərlə dövlət büdcəsinin hesabına formalaşdırdığı şəxsi biznesinə ayırır. Deyilənlərə görə, Bakı, Qəbələ, Ağdaş rayonlarında Tofiq İbrahimovun yaxın ətrafının, qohum-əqrabalarının adına rəsmiləşdirdiyi onlarla ticarət və iaşə obyektləri var.

Nəzərinizə çatdıraq ki, ötən il Hesablama Palatasının apardığı yoxlamalar zamanı məlum olmuşdu ki, Rayon İcra Hakimiyyəti və Ağdaş şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə bağlanılan müqavilələr üzrə podratçı tərəfindən yerinə yetirilmiş yolların əsaslı təmiri və abadlıq işlərinin dəyəri kifayət qədər artırılıb. Əlavə olaraq vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılarkən də xeyli sayda qanunsuzluqlar ortaya çıxıb. Başqa bir məlumatda isə qeyd olunur ki, Ağdaş rayonunda fəaliyyət göstərən "Qala-S” və "QRO-010” MMC-lərinin fəaliyyətlərində də kifayət qədər qaranlıq məqamlar var. Belə ki, Ağdaş RİH-nin sifarışlərini həyata keçirən bu MMC-lərin Tofiq İbrahimovun yaxın adamlarına məxsus olduğu bildirilir.

Ağdaşdakı acınacaqlı durum Prezident Administrasiyasını hərəkətə keçirib

Respublika Prezidenti İlham Əliyev cənablarının kənd təsərrüfatının və aqrar sektorun inkişaf perspektivlərini öyrənmək, həmçinin bu sahədə olan problemlərin aradan qaldırılması üçün vaxtında tədbirlər görmək məqsədilə yaradılan İşçi Qrupu bu ayın əvvəlində Ağdaş rayonunda oldular.

Məlumata görə, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrupunun Ağdaş rayonuna qəfil gəlişinin səbəbi bu rayonda olan problemlərlə bağlı olub. Digər bir məlumata görə isə Azər Əmiraslanov rayonda ümumilikdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edən Tofiq İbrahimovun gördüyü işlərdən heç də razı qalmayıb. Və bu narazılığını Tofiq İbrahimovun diqqətinə çatdırıb. Azər Əmiraslanovun Ağdaşdan narazı qayıtmağından sonra Tofiq İbrahimov bütün kanallarını işə salaraq haqqında Prezident Administrasiyasında neqativ fikirlərin yaranmamaına çalışır. Səhihliyinə şübhə etmədiyimiz mənbənin məlumatına görə isə Tofiq İbrahimovun haqqında PA-da kifayət qədər ciddi mənfi rəy yaranıb.

Tofiq İbrahimov Ulu Öndərin ildönümünə niyə qatılmadı?

Ağdaş rayonunun inkişafı ilə bağlı apardığımız araşdırmalar nəticəsində RİH-nin başçısı Tofiq İbrahimov haqqında daha bir ilginc faktla rastaşdıq. Onsuzda zamanının əsas hissəsini İH-nin başçısı olduğu rayon əvəzinə doğulub boya-başa çatdığı Qəbələ rayonunda gah da paytaxt Bakı şəhərində keçirdiyi iddia olunan Tofiq İbrahimovun haqqında eşitdiyimiz xəbər deyilənlərin gerçək olduğunu göstərir.

Mənbənin sözlərinə görə, RİH-nin başçısı Tofiq İbrahimov vəzifəsinə o qədər biganə yanaşır ki, hətta bu ilin may ayının 7-də müasir Azərbaycan Republikasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirə qatılmayıb. Fakt olaraq bu icra hakimiyyətinin rəsmi saytında da açıq-aydın görünür (http://agdash-ih.gov.az/news/202.html). Əlbəttə ki, biz bunu Dövlətimiz və xalqımız qarşısında parlaq xidmətləri ilə heç vaxt unudulmayacaq Ən Böyük Azərbaycanlının - Ulu Öndər Heydər Əliyevin müqəddəs xatirəsinə hörmətsizlik kimi dəyərləndiririk. Ən acınacaqlısı isə budur ki, may ayının 7-də Ulu Öndərin 93-cü ildönümünə həsr olunmuş tədbirdə Ağdaş RİH-nin heç bir yüksək vəzifəli şəxsləri iştirak etməyiblər.

Problemlər içində batan Ağdaş

Ağdaş RİH-nin rəsmi saytında verilən informasyalara da nəzər saldıqda görürük ki, burada ciddi müəmma doğuracaq fakt var. Belə ki, may ayının 7-də Ağdaşın Heydər Əliyev Mərkəzində Ulu Öndərin 93-cü ildönümü tədbirinə qatılmayan Tofiq İbrahimov nədənsə may ayının 17-də (???) Ulu Öndərin ildönümün qeyd edir (http://agdash-ih.gov.az/news/205.html ). Görünür ciddi siyasi səhvə yol verdiyini anlayan Tofiq İbrahimov tələm-tələsik bu tədbiri keçirtməyə məcbur olub. Hər halda İh-nin rəsmi saytında xəbərin tarıxı bunu deməyə əsas verir.

Problemlər içində batan Ağdaş

Onu da qeyd edək ki, Tofiq İbraimov məhz Ulu Öndər Heydər Əliyevin xaosun-dərəbəyliyin, səfalətin məngənəsindən xilas edib yaratdığı- yaşatdığı dövlətdə RİH başçısıdır. Tofiq İbrahimov karyerasındakı nailiyyətlərə, tutduğu yüksək posta görə Ulu Öndər Heydər Əliyevin əbədi müqəddəs xatirəsinə ehtiram göstərməli və onun daim bərqərar olacaq siyasi kursuna sadiq olmalıdır.

(Araşdırmalar zamanı dövri mətbuatda dərc olunan və rəsmən təkzib olunmayan məlumatlardan və digər mənbələrdən istifadə olunmuşdur)

Qarşı tərəf də məsələ ilə bağlı mövqeyini bildirə bilər.

Geri qayıt