Əsas Səhifə > Siyasət, Manşet > "Hər dəfə məhkəmə sədrinin qəbuluna gedərək uşaqlarımın acından öldüyünü bildirirəm"...

"Hər dəfə məhkəmə sədrinin qəbuluna gedərək uşaqlarımın acından öldüyünü bildirirəm"...


30-03-2016, 09:33
"Hər dəfə məhkəmə sədrinin qəbuluna gedərək uşaqlarımın acından öldüyünü bildirirəm"...
Cəlilabad rayon Muğan kənd sakini Təranə Cabbarova ədliyyə naziri Fikrət Məmmədova şikayət edib.

Moderator.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli cənab nazir!

Mən, Cabbarova Təranə İltifaq qızı 1971-ci il iyun ayının 13-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olmuşam. 1994-cü ildə qardaşımın qaynı Nail Məmmədovla ailə həyatı qurub və Cəlilabad rayon mərkəzinə gəlin köçmüşəm. Bu nikahdan bir qız, iki oğlan övladım dünyaya gəldi. Uzun müddət firavan həyat yaşasaq da, baş verən bir hadisə firavan günlərimizə son qoydu.

2002-ci ilin sonlarında qardaşım İlham həyat yoldaşı Sevinclə boşandı. Qardaşımın boşanması mənim başımda çatladı. Həyat yoldaşım Nail də bacısına görə məndən boşanmamış gizlincə başqa qadınla evləndi. Və çox keçmədi ki, rayon məhkəməsinə verərək, üç azyaşlı uşaqla məni boşadı.

Bundan sonra mən də qarşı tərəfi məhkəməyə verib, yaşamaq üçün ev istədim. Məhkəmə mənə həyat yoldaşımın ata evində yaşamaq üçün bir otaq ayırdı. Amma icraçılarla evə gedəndə həyat yoldaşımın atası və bacıları məni döyərək təhqir etdi. Dedilər ki, sən bu evdə yaşasan, sənin buradan meyitin çıxacaq. Bununla ürəyi soymayan qayınatam - Fərrux Məmmədov mənim ev hüququmun əlimdən alınması üçün apellyasiya şikayəti verdi. Ancaq iddiası təmin olunmadı. Belə şəraitdə yaşamağımın dözülməz olduğunu görüb, qarşı tərəfdən bir otağı pulla əvəz etmələri üçün apellyasiya şikayəti verdim. Lakin təəssüflər olsun ki, iddiam təmin olunmadı.

Cəlilabad Rayon Məhkəməsi 2003-cü ildən mənə üç azyaşlı uşağa görə altı manat altmış qəpik aliment kəsdi. Bu pulla üç azyaşlı uşağı dolandırmaq olar? Son üç ildə bir çox qurumlara alimentlə bağlı şikayətimdən sonra hər uşağa 25 manat və bu il yaxşı adamlardan birinin yardımı ilə məhkəməyə alimentimin artırılması ilə bağlı müraciət etdikdən sonra hər uşağa 70 manat aliment təyin edildi.

Aliment almaq üçün məhkəməyə gedirəm. Qarşı tərəf aliment ödəmək əvəzinə, qayınatam Fərrux Məmmədov məhkəməyə gələrək məni ağır söyüşlərlə təhqir edir. Məni şərləyərək deyir ki, uşaqlar bizim deyil. Amma mən etiraz etmirəm, buyursunlar, DNK analizi edək.

Keçmiş həyat yoldaşım Nail Məmmədov gizlənərək aliment ödəməkdən yayınır. Nail Məmmədovun mənə 2000 manat aliment borcu var. Cəlilabad Rayon Məhkəməsinin icraçıları alimentimin alınması üçün heç bir tədbir görmür. Hər dəfə məhkəmə sədri Əliəjdər Ələkbərovun da qəbuluna gedərək uşaqlarımın acından öldüyünü bildirirəm, amma məhkəmə sədri nə özü, nə də tabeçiliyində olan icraçılar mənə kömək edir.

Ötən il icraçıların laqeyd yanaşmasına görə Ədliyyə Nazirliyinə müraciət etdim. İşimə baxılması üçün Rayon Məhkəməsinin icraçılarına verilən tapşırıq onları qıcıqlandırdı. İcraçılardan Səbuh Həmzəyev adlı şəxs zəng vuraraq şikayət etdiyim üçün məni təhqir etdi. Və çox keçmədi ki, Rayon Məhkəməsində məni görən Səbuhi bəy üstümə cumaraq məni hətta vurmaq istədi. Buna ətrafdakılar mane oldu. İndi də məhkəmə icraçıları mənə deyirlər ki, həyat yoldaşını aliment ödəmədiyinə görə həbs edəcəyik. Amma, heç bir tədbir görülmür.

Cənab nazir, Sizə müraciət etməkdə məqsədim budur ki, alimentimin alınması üçün Cəlilabad rayon məhkəməsinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. İnanıram ki, yalnız sizin tapşırığınızdan sonra problem öz həllini tapa bilər".

Müraciətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt