Bu video dünən Xətai rayonu, Əhmədli qəsəbəsində çəkilib. Oxuculardan birinin Avtosfer.az-a göndərdiyi videodan məlum olub ki, bura 132 nömrəli avtobusun dayanacağıdır. Nəqliyyat Departamentinin işcisi taksi sürücüsünə qarşı kobudluq edərək pul tələb edir. Əslində, taksi sürücüsünün lisenziyasi var, sadəcə olaraq bu dəfə nəqliyyat qoçuları taksi sürücülərindən yerpulu tələb edir. Nəqliyyat Departamentinin əməkdaşı taksi sürücülərini xəbərdarlıq edir ki, əgər yerpulu verməsələr, buradan adam yığmağa imkan verməyəcək. Bu taksilər isə Əhmədli qəsəbəsindən Hövsana adambaşı 1 manatdan işləyirlər.
Avtosfer.az saytı taksi sürücülərinə verilən qəbzi əldə edib. Qəbzin üzərində «Bakı Sərnişin və Yük Daşımalarının Təşkili» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yazılıb. 9900080021 saylı VÖEN əsasında Vergilər Nazirliyinin saytında apardığımız araşdırmadan məlum oldu ki, sözügedən təşkilat Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli, ev 29-da qeydiyyatdadır. Təşkilatın rəhbəri ilə Məmmədov Rövşən Loğman oğlu göstərilir. Loğman Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Sözügedən MMC-nin sürücülərə payladığı qəbzlərin Maliyyə Nazirliyi tərəfindən hələ 2006-cı ildə ləğv edildiyi bildirilir. Əldə etdiyimiz məlumata görə, nəqliyyat qoçuları bu qəbzləri nəinki taksi sürücülərinə, hətta Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatların olduğu ərazilərdəki adi maşınların sürücülərinə də satırlar. Bu məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə Nəqliyyat Nazirliyi arasında qalmaqal yaransa da, hələ ki, məsələnin həlli mümkün olmayıb. Hətta, tərəflər bir müddət əvvəl mətbuatda bir-birinə qarşı kəskin çıxışlar da ediblər. Deyəsən, Məmmədovlar nəqliyyat sektorunu tam ələ keçirməyə söz veriblər.